Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Mən dinə gələndən sonra

İnsan həyatını müqayisələr üzərində qurub. Bu mövzuya diqqətsiz adamlar da belə edir. Hər işdə müqayisə aparıb hərəkətə başlayır. Elə buna görə müqayisə haqqında ayələr nazil olub, hədislər nəql edilib, kəlamlar söylənib, məsəllər yaranıb.

Quran buyurur:
-Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!
-Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!
- Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!
-Sən onları bir qorxduqları zaman görəydin!
...Bəli, bu ayələrdə müqayisə var. Bax və özünü onlarla müqayisə et. Onlar yaşamağa hərisdir, sən necə? Onlar yalançıdır, sən necə? Onlar şükür etməz, sən necə? Onlar cox qorxar, sən necə? Möminlər və kafirlərin müqayisəsi isə daha qabarıqdır: Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!..

Hədisdə deyilir ki, dünya mömin üçün zindandır. Mömin dünyanı kasıblığa, işsizliyə, xəstəliyə görə zindan saymır. Quran həzrət Yusifin dilindən nəql edir: “Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram.” Bəli, insanı günaha batıran dünya zindandır. Bir şərh də budur ki, dünya behiştlə müqayisədə zindandır. Yenə müqayisə!

Məhşur sözdür ki, dünya işlərində geridə, axirət işlərində irəlidə gedənə bax. Yəni dünya həyatında öz vəziyyətini yoxsulların, kartonda yatanların vəziyyəti ilə müqayisə et. Din-iman məsələsində gecə namazı qılıb, ehtiyacı olan şeyi paylayanları nümunə seç.

Dönək mətləbə. Zəruri bir müqayisə aparmaq lazım gəlir: mənim dinə gəlişimə qədərki dövr və mən dinə gələndən sonrakı dövr. Bu müqayisəni aparmayan insan bir çox zəruri nöqtələrdən xəbərsiz qalar. Adətən əksər mövzuya yanaşması düzgün olmayan mənim kimilər bu mövzuda da ilişir. Bu iki dövrdə nəyi müqayisə etmək lazımdır? Ictimai-siyasi durumu, dünyanın vəziyyətini? Məsələn, mən dinə gələndən sonra Misirdə inqilab olub, Mursi hakimiyyətə gəlib və çox keçməmiş onu aşırıb keçmiş diktatoru həbsdən azad ediblər. Maraqlı olmağına maraqlıdır, amma bu mənə nə verir, mənim axirətim üçün nə faydası var? Sözün canı burdadır. İnsan dinə gələndən sonra öz ruhunda, mənliyindəki mövcud vəziyyəti əvvəlki vəziyyətlə müqayisə etməlidir. Namaz qılırsan, qəbuldur yoxsa yox? Məsumlar buyurur ki, bax gör namaz səni dəyişibsə qəbuldur. Dinə gələndən sonra yaxşılığa doğru dəyişmisənsə dinin mübarək olsun!

Dinə gələndən sonra bütləri sındırmışamsa, zalıma əyilmirəmsə, varlıya yaltaqlanmıramsa dinim qəbuldur. Dinə gələndən sonra dünya çətinlikləri Allahın təqdiri olaraq şirindirsə dinim qəbuldur. Dinə gələndən sonra bir daş dünya evi üçün qoyanda bir daş axirət evi üçün qoyurumsa dinim qəbuldur. Dinə gələndən sonra yalanı, böhtanı, təhqiri, təkəbbürü, haramı kənara qoymişamsa dinim qəbuldur.

Dünyada İslam Oyanışı yaşanır. Mübarək olsun. Bu oyanışda payım nədir? Bir dua payım var heç olmaya? Namaz üstə cibimə pul, canıma salamatlıq istəyimin yanında dünya məzlumlarına qurtuluş, haqq-ədalətə qələbə duam var? Hər namazdan sonra Fərəc duası oxuyanda qəlbimdə zühur üçün bir həvəs, eşq nəfəs alır?

Mən dünyaya gələndən sonra dünya işıqlanıb! – belə də deyənlər var, inanın. Mən bu şəhərə köçəndən sonra göydən bərəkət nazil olub! – insan axmaq olanda ağzından belə sözlər çox çıxır. Mən dinə gələndən sonra dini cameəyə can gəlib... – iddiaya bax! Bu məscidi mənim babam tikib, bu yolu mənim atam salıb, bu ağacı mən əkmişəm!!! Mən, mən, mən... Mən dünyaya yük olmuşam, dünyanın günah yükünü ağırlaşdırmışam demərəm. Demərəm ki, mən dinə gələndən dindarlar arasında yarımçıq dindarın biri də artıb.

Qoy olsun. Özümüzü pislərlə müqayisə edək. Deyək ki, filankəs oğurluq edib, mən etməmişəm (deməyək ki, filankəs var-yoxunu kasıblara paylayıb). Deyək ki, filankəs küfr danışır, amma mənim din yolunda burnum qanayıb (deməyək ki, filankəs din yolunda şəhid oldu).

Qəfildən zəng çalınır. Sinifdə yatmış uşağı oyadan zəngə bənzər bir zəng. Ölüm zəngi, əcəl zəngi, qiyamət zəngi, sorğu zəngi! Allah bizim müqayisələr üzərindən xətt çəkib, öz müqayisələrini ortaya qoyur. Aydın olur ki, biz dinə gələndən sonra...

qelemchi@mail.ru


4350 dəfə baxılıb
در حال ارسال اطلاعات...