Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Sən nə bilirsən əzab nədir!


وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ

Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıdalar.


Onunla ən şirin söhbətlərimiz tədricən mübahisəyə çevrilir və qanqaraçılıqla başa çatır. Oğlumu deyirəm. Deyir ki, filankəs qırmızı xətti keçib. Deyirəm yəqin ki dəli olub. Deyir sən onun sözlərini eşitsən görərsən ki, dəli deyil. Deyirəm ki, a bala, dünyanın bəlkə də ən ilməli sözləri dəlilərdən çıxıb. Bəlkə elə ona görə deyiblər ki, dəli quyuya bir daş atdı, yüz ağıllı çıxara bilmədi.

İnsan Allahın günah dediyi əməldən nə üçün qorxmur? İndi deyəcəklər ki, insan Allahdan qorxmamalıdır, Allahı sevməlidir. Hansı ki sevgi və qorxu bir doğulub. İnsan sevir və sevdiyini itirməkdən qorxur. Allah sevgisininsə itirmək qorxusu ilə yanaşı, xəyanət qorxusu var. İnsan Allahdan yox, Allaha xəyanətdən qorxmalıdır. Zəif birinə xəyanətdən qorxan az olar. Zorluya isə tək-tük adam xəyanət edər. Bu gün biri “mən Allaha inanıram” deyib, günah edirsə, yəni Allaha xəyanətə yol verirsə, demək Onu zəif hesab edir. Allahı qüdrət və ədalət sahibi sayan insan Onun qanunlarını tapdamağa cürət etməz.

Hasan paşa (yaxşı, qoy olsun Həsən paşa) Alı kişinin gözlərini çıxartdırdı ki, nə üçün ilxıdan yaxşı at seçməyib. Tələsdi. Alı kişinin gözləri Hasan paşanın gözlərindən iti idi, görmüşdü ki, Qırat və Düratın mayası yerdən deyil. Zahirən Hasan da, Alı kişi də müsəlman idilər və Allaha inanırdılar. Hasan paşanın günahları dünyaya Koroğlunu (Rövşən) gətirdi. Hörmətli Sərdar Cəlaloğlunun Koroğlu haqqında epiqrizi (yunan “epicrisis”i mənasında) ilə işim yox. Koroğlu qolunu çırmayıb meydana girdi, necə girdi. Meydana girmişdi ki, tapdanmış haqqını alsın, ədalət yerini tutsun. Gör nə etdi, aşpazı qazana basdı, paşanın qızını qaçırdı! Ona dəli Koroğlu deyirdilər. Bəziləri dəliliyi atıb-vurmağa, şücaətə yozsa da dəli elə dəlidir. Koroğludan qorxurdular. Bəli, Allahdan qorxmayanlar Koroğludan qorxurdu. Niyə də qorxmasın, ağlı topuğunda, qılıncı əlində.

İndi Koroğludan da qorxmurlar. Koroğlu metrosu, Koroğlu festivalı kimi sözlər eşidirik. Çünki Koroğlunun zoru da, qəməsi də qalıb monitorda. Söhbətlər, rabitələr virtuallaşıb. Ünsiyyətdə olduğun adamı görmürsən. O da səni görmür. Bir qadını internetdə yoldan çıxarırlar, uç uşağını atıb evdən qaçır. Sonradan başa düşür ki, il uzunu onunla danışan ya 12 yaşlı oğlan, ya 13 yaşlı bir qız imiş. Dönür arxaya, görür bütün qapılar bağlıdır. İndi Həmzə internetdə Koroğluya meydan oxuyur və ona cəsarət verən əlçatmaz olmasıdır.

Nədən qorxmuruq Allahdan? Uzaqda olduğu üçünmü? Yoxsa düşünürük ki, etibarlı səngərdəyik, Allahın bizə əli çatmaz? Bizim həddi aşmağımızın, günaha rahat getməyimizin illəti nədir? Bir zərrə səmimiyyət və bir zərrə də insafımız olsa, etiraf edərik ki, Allaha inamımız su üzərində köpük kimidir. Bir şam yandır, əlini oda tut. Dözə bilirsən? Allahın odunu şam qədər yandırıcı görsən bu qədər zibilə batmazsan. Elə bilirik ki, Allahın əzabı bizdən min il uzaqdadır. Axirət əzabı barədə eşidəndə, Allah bağışlayandır düşünürük. Amma bilmirik, vallah bilmirik nədir qiyamət...

Ürəkləri dəhşətə salan qiyamət!
Nədir qiyamət?!
Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);
Dağlar isə didilmiş yun kimi olacaqdır!
(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə,
(Cənnətdə) xoş güzəran içində olacaq!
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
O çox qızmar bir atəşdir!
(Qariə surəsi)

Daha bir amma... Qiyamətə var hələ, deyib oturmaq da axmaqlıqmış. Mövzu axtarışında Quranı açdım. Səcdə surəsinin 21-ci ayəsi gəldi: “Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıdalar.”

Bu dünyanın iç ovan xərçəng, iflic, köç dağıdan sel, zəlzələ kimi bəlaları var. Qorx Allahdan, Allaha xəyanətdən. Günah edib Allah keçər deməyin suda saman çöpünə ümiddən başqa şey deyil. Bəla yaxandan yapışanda nə qədər çabalasan faydası olmayacaq. Başın qızanda demə qoy Allah məni cəhənnəmə aparsın. Bir şam yandır, tut əlini damcı oda. Dözə bilirsin? Dözə bildinsə get günah dalınca. Bir damcı oda dözə bilmədinsə, od dəryasına atılanda halın necə olacaq, ay bədbəxt! Allah kimsə ilə internet rabitəsində deyil ki, shut down edib girəsən stolun altına. Allahın əzabı elə bu dünyada günahların ardıncadır.

Allahın qanunları ilə oynayan dəlidir, nə qədər ağıllı danışa dəlidir. Allahın qanunları ilə oynayan Hasan paşa kimi haqqın gözünə əl uzadıb. Allahın qanunları ilə oynayan öz günahları ilə özünə qarşı Koroğlu yaradır. Var-yoxunu talan edib, namusuna əl uzadacaq bir Koroğlu. Sərdar Cəlaloğlunun Koroğlu haqqında dedikləri ilə işim yox.

qelemchi@mail.ru


4794 dəfə baxılıb
در حال ارسال اطلاعات...