Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Kasıbçılıq qorxuludur?

Qələmin işığı ərşdən gəlir. Qələm suyunu yerdən içsə də yerə sancılıb qalmamalıdır. Allah kəlamı yazının sütunudur. Bu sütun üzərində dayanmayan düşüncə çətiri gec-tez aşasıdır.

Kasıbçılıq qorxuludur? İnsanlar kasıbçılıqdan çox qorxur, yoxsa Allahdan? Allah buyurur ki, qəsb etmə, oğurlama, yalan danışma, fırıldaq işlətmə. Allahdan qorxan insan bu çirkin işlərdən uzaq olur. Amma insan Allahdan çox kasıbçılıqdan qorxur. Ona görə də Allahı yaddan çıxarıb qamarlayır, çalıb-çapır, hiylə işlərdir ki, kasıbçılıqdan qurtulsun.

Bəqərə surəsi, ayə 268:
Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

İsra surəsi, ayə 31:
Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!

Əslində bir imtahandır yoxsulluq. Özü öz var-yoxunu dağıdanlarla işiçiz yox. Bir insan vicdanla çalışıb, qənaət etdikdən sonra yoxsul yaşayırsa, demək, burada bir sirr var. Səbr etmək, şükür etmək, belə yoxsulluğu nemət saymaq lazımdır.

Axar.az-da maraqlı yazı gedib. Bəzi yerlərini yada salıram:

...Mark Tven haqqında yayılan məlumatlara görə, zəngin biri olmaq üçün xeyli cəhd göstərsə də, hər dəfə uğursuzluğa düçar olub. Onun ən böyük sərmayə yatırdığı iş yeri isə 1885-ci ildə qurduğu nəşriyyat evi olub. Amma yayın evi az sonra iflasa uğrayıb. Yazıcı xüsusi ilə 58 yaşına qədər borc içində yaşayıb. O, ancaq 5 il boyunca kitab yazaraq Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkədə konfrans keçirərək borclarını ödəyə bilib.

...Aleksandr Duma kirayə qaldığı evin pulunu ödəmək üçün hətta paltonusu satmaq məcburiyyətində qalıb. Müflis olana qədər təxminən 5 milyon dollar sərvəti olduğu deyilsə də, gecə həyatı və içkiyə düşkünlüyü sonda onun səfil günə düşməsinə səbəb olub.

…Edqar Allan Po da bənzər həyat yaşayıb. O, hətta 3 dollara qaldığı evin kirayəsini ödəyə bilməyib. Onun qumar və içkiyə düşkünlüyü haqqında kifayət qədər şayiələr olsa da, bu haqda dəqiq məlumat yoxdur. Bildirilir ki, içəcək bir şey tapa bilməyəndə saf spirt içib. Maddi sıxıntı ucbatından əsərlərindən birini hətta 10 dollara satmaq məcburiyyətində qalıb. Yazar haqqında deyilən məlumatlarda bildirilir ki, həyat yoldaşı ölərkən pul tapmayan yazara sonda qonşuları yemək yardımı ediblər. Səfalət içində ömür sürən yazar 40 yaşında vəfat edib. Ölərkən son sözü belə olub: "Tanrım, mənim yazıq ruhuma kömək et”.

Bəs Azərbaycanda qələm əhli necə dolanır? Müasir yazarlardan biri düşünür ki, Azərbaycanda yazarlıqla dolanmaq mümkün deyil, mütləq əlavə məşğuliyyətin olmalıdır...

Bəli, yoxsulluğun tanımadığı qapı yoxdur. O bəzən darvazaları da döyür, kralı taxtdan salıb dilənçi gününə qoyur. Şübhəsiz ki, yoxsulluğun səbəbi günah da ola bilər. Ən maraqlısı budur ki, yoxsulluqdan şikayət özü də bəyənilməyən sifətdir. Quran yoxsulluğunu gizləyənləri mədh edir. Bəli, aramızda özünü yoxsul göstərmək istəyənlər olduğu kimi, ehtiyacsız göstərmək istəyənlər də var. Bir sözlə, yoxsulluq qorxulu deyil, sadəcə şeytan yoxsulluqla qorxudur və çoxları da qorxur!


4031 dəfə baxılıb
در حال ارسال اطلاعات...