Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Vay halına, Əbdülhəmid!

Var mənim dərdim, var dünyanım dərdi. Mənim dərdim dünyanın dərdi olmaya bilər, amma dünyanın dərdi elə mənim dərdimdi. Çünki mən batanda dünya batmır, amma dünya batanda...

Mənim dərdimin təsnifatı var. Əlbəttə ki, “mənim dərdim” deyəndə öz gözümdə dərd saydıqlarımı nəzərdə tuturam. Mən elə bilirəm ki, məsələn yaxşı qazanc mənbəyim olsa problemlərim həll olur. Amma “mənim dərdim” Allahın nəzərində imansızlığım, şeytanın nəzərində imanım, dostun nəzərində vəfasızlığım ola bilər. Hər nəsə, dərdimin öz gözümdə öz təsnifatı var: pulsuzluq, evsizlik, tanınmamaq, xəstəlik, ailə-uşağın problemləri və s.

Pulu olmayan adam deyil – bunu mən demirəm, dünya deyir. Dünya deyəndə ki, dünya əhli. Əslində isə pulun həll edə bilmədiyi min dərd var. Bir gün qanında QİÇS virusu tapılsa, bir gün ailən sənə xəyanət etsə, bir gün səni yerdən göyə qaldırmış təyyarə göydən yerə başıaşağı gəlsə PUL nə iş görə bilər?! Demirəm pul heç nədir. Amma göydən gələn bəla qabağında qorxaq it kimidir - yalandan hürür, qabağa gələ bilmir. Şərqdə varlı adamın, hətta padşahın övliyadan, abiddən dua istəməsi məşhur şeydir. Müsəlman aləmində yaxşı tanınmış biri vardı: Ayətullah Behcət, ya elə sadəcə Behcət. Qocalıqdan beli bükülmüş bu arifin müqəddəs Qum şəhərində sadədən sadə bir məscidi vardı. Məscidi vardı deyəndə ki, bir məsciddə pişnamaz idi, bu məsciddə görə bilərdin onu. Yoxsa ki, dünya malından sadə evdən başqa bir şeyi yoxdu. Behcətdən dua istəmək üçün Quma gələnlərin sayı-hesabı yox idi. Qəbri nurla dolsun. Xanım Məsumənin (s.ə) hərəmində dəfn edilib. Ətrafında elmi ilə şöhrət qazanmış çox alimlər dəfn edilib. Amma kənardan beşcə dəqiqə müşahidə etsən görərsən ki, qəbri də yaddan çıxmayıb. Həyatda olanda necə çevrədə idisə indi də elədir. Behcətin ziyarətindən xeyir gözləyir insanlar. Bəli, Allah övliyalarının, ariflərin, mərifət sahiblərinin qəbrində də bir işıq var. Bu işıq dalınca qaçanlar arasında milyonçular az deyil. Hərəmin maşım parkında qiyməti bir evdən baha maşınlar dayanır. Bu maşınlardan düşən adamlar hərəmdə, Xanım Məsumənin (s.ə) ziyarətində çarə axtarır. Pulları isə bəs qədər!

İcarədə yaşamaq öz-özlüyündə yaxşı iş deyil. Amma adam var dəbdəbəli evini icarəyə verib, özü daxmada yaşayır. Yəni ev də pul kimidir. Yaxşıdır, amma hər dərdin dərmanı deyil. Çoxları icarədə firavan, xoşbəxt yaşayır və öz imarətində, qəsrində, evində qaragünlülər də az deyil. Bir də axı bu dünyada hamı icarədə yaşaıyır. Evi olan işıq pulu, qaz pulu, təmir pulu verir, icarədə qalanın bir xərci artıqdır: aylıq icarə haqqı. Məni qınamayın ki, bu adamın ağzı isti yerdədir, icarə dərdini bilmir. Altı ildə beş ev dəyişmişəm. Pul da göydən düşmür, yazı-pozu adamı hərif-hərif çıxarır dolanışığını. Amma gördüyüm budur ki, ağıla gələn-gəlməyən bəlalarla müqayisədə icarənişinlik bir dərd deyil.

Canım ağrıyanda deyirəm ki, olanımı verəydim, ağrı kəsəydi. Amma adamı adam edən ağrıdı. Təkcə ağrı yox, düşündürən ağrı. Canı ağrıyan adam Allaha daha çox bağlıdır, günahdan daha uzaqdır. İstisnalar öz yerində.

Şöhrətpərəstlik, mənəm-mənəmlik, paxıllıq kimi başqa dərdlərim də var. İstəyirəm Obama necə tanınırsa mən də elə tanınım. Daha Əbdülhəmid deyəndə hamı qaşını çatmasın ki, bu kimdi belə? İstəyirəm mənə salam versinlər. Mən də qaban kimi düz dayanıb əleyküməssəlam deyim, yuxarıdan aşağıya, ya kənara baxa-baxa.Yanıram ki, filan-filan olmuş filankəsi nə üçün hamı sevir, məni görəndə elə bil leş görürlər. Az qalırlar yanımdan ötəndə ağız-burunlarını, gözlərini-qulaqlarını tutub keçsinlər. Bu mənim dərdlərim idi...

Dünyanın dərdi nədi, dadaş? İmansızlıq, əxlaqsızlıq, yoxsulluq, istibdad! İnsanları Allahdan ayırıblar. Hərənin balkonunda bir boşqab antenna, əlində ANDIR-oid telefon. Düşüncələri əsarətə alıblar. İnsanların başını elə qatıblar ki, atasının qəbrini yaddan çıxarıb.
Dünyanın əxlaqsızlıq dərdi var. Evdən bayıra çıxan qız uşağından o adam arxayındır ki, qeyrətinə qurd düşüb. Avtobus dayanacağında duran qıza da maşın saxlayan şərəfsizlərlə yaşayırıq. Məktəbdə, işdə qadın-qızlar şorgöz kişilərdən, binamus adamlardan sığortalanmayıb. Qadın pakdır, sadədir, tez aldanır. Allahsa buyurur ki, ey qadınlar “qəlbində xəstəlik olanlardan” özünüzü qoruyun.
Dünyanın yoxsulluq dərdi var. Bunu Afrikada görmək olar, qonşuda gördüklərimiz kiçik bir şeydir. İçməli suya həsrət qalan milyonlar var.
Dünyanın istibdab, zülm-sitəm, diktatura dərdi var. Azadlıq carçısı, Afrika və dünyada imperializmin düşməni Mandella dünyasını dəyişdi. Onu 27 il həbsxanada saxlayanlar, terrorçu adlandıranlar dəfn mərasiminə toplaşdı. Obamadan belə baş əydilər Mandellanın ruhu qarşısında. Əlbəttə ki, bu bir artistlik idi. Demokrat rolunu Mandellanın dəfnində də məharətlə oynadılar. Başa düşənlərsə nifrət edirdi bu adamlara. Bir insanı haqq sözünə görə həbsxanada çürüt, öləndə qəbrinin üzərinə gül dəstəsi qoy! Budur dünyanın ən böyük dərdi.

Mənsə öz dərdlərimlə yaşayıram. İndi bu məqaləni başa vurub Pecount-u tıklayacağam ki, məqalə neçə söz oldu, nə qədər qazandım. Vay halına Əbdülhəmid! Vay halına dünyanın dərdini özünə dərd bilməyənlərin!

qelemchi@mail.ru


4133 dəfə baxılıb
در حال ارسال اطلاعات...