Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Aldanış

Aldanış həmişə pisdir. Amma bağışlananı və bağışlanmayanı, ötüb-keçəni və yara vuranı olur.
Ağıllı adam deməz ki, mən aldanmaram. Televizor xarab olub, aparmısan ustaya. Nə bilirsən usta nə qoydu, nə götürdü? Bu qalıb onun vicdanına. Maşının yağını dəyişəndə usta deyir filan yağa söz yoxdu. Yağ tanıyırsan?! Günəbaxan yağı da töksə baş çıxarmayacaqsan. Bəli, hamımız aldanırıq. Amma aşağı-yuxarısı var.

İmanda aldanış! Ən böyük bədbəxtlik Allaha münasibətdə aldanmaqdır. Quranda buyurulur ki, əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. Dinimizi necə seçirik? A şiə, a sünni, a vəhabi, a nurçu! Əminsənmi tutduğun yola? Aldanmamısan ki, din seçməkdə? Başqa bir ayə: ” (Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.”
Demək, ən böyük aldanış dünyaya, onun müvəqqəti ləzzətlərinə aldanmaq, əbədi axirəti yaddan çıxarmaqdır. Dindar libası geymək, özünə dini sima vermək, məscidə, həccə getmək hələ dünyaya aldanmamaq deyil. Kərbəlada İmam Hüseyni (ə) qətlə yetirənlərin əksəri namaz da qılırdı, özünü müsəlman da sayırdı. Dünyaya aldanmamaq odur ki, vaxtının, pulunun, gücünün, hörmətinin nə qədərini dünyaya, nə qədərini axirətə xərcləyirsən? Sədəqə verdiyin əzik pullar axirət səfərində yolxərcinə çatacaqmı? Bəli, imanlıyam demək asan olduğu kimi, iman dərəcəsini görmək də asandır. Zahiri əlamətlər səni aldatmasın, əmələ bax. Nəcəfdə, Qumda oxumaqla, cibində Quran gəzdirməklə, barmağa əqiq üzük taxmaqla imana çatmaq olmaz. Allah dərgahında üç dəstəyə bölünər insanlar: möminlər, kafirlər və münafiqlər. Kimdir münafiqlər? Ali-İmran surəsinin 167-ci ayəsində buyururlur: “Onlara (münafiqlərə): “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə durun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!”

Dünyəvi eşqdə aldanış! Göz yaşı, hönkürtü ilə çözüləsi problemlər var. Əgər dünyanın bütün fahişəxanalarında monitorinq apara, sorğu keçirə bilsəydik, görərdik ki, böyük bir əksəriyyət ağısız eşqin qurbanı olub. Bunun adını aldanış qoyuruq. Dünyada neçə pak, sadə, çılğın qız şərəfsiz, hiyləgər kişilərin yağlı dilinə aldanıb bəkarətini itirir! Təəssüf ki, belə aldanmışlara münasibət harınlıq və əxlaqsızlıqdan əyri yola düşənlərə münasibətdən fərqlənmir. Bu da ağır aldanışdır.

Dünya işlərində aldanış! Bu sadəcə bir zərərdir. Ucuzu baha, Çin malını Koreya malı adına, xarabı saf yerinə almaq pisdir, amma faciə deyil. İman və namusa zərər yetirməyən aldanış aldanan yox, aldadan üçün ağrılıdır. Pisdir ki, aldanıb var-yoxunu əldən çıxarasan. Amma kimisə aldadıb var-dövlətini əlindən almaq daha pisdir. Burada “daha pisdir” kiçik sözdür, “şərəfsizlikdir” desək daha düz olar. İmansızlıqdır desək, lap yerinə düşər.

İstisna... Həzrət Əli (ə) “kimsəni aldatmadım, kimsəyə aldanmadım” – buyurur. Tək bu yox, bütün məsələlərdə Allah övliyalarının hesabı ayrıdır. Amma bu istisnadan pizə də pay düşür. Aldanıb yananda düşünürükmü ki, biz də kimlərisə aldatmışıq? Aldatmamışıq? Aldatmamışıq desək təvazödən uzaq olar.

Tövbə ya Rəbb! Gəlin bu günü, bu saatı qənimət sayaq, yalanlarımıza, hiylələrimizə tövbə edək. Ümid edək ki, yalandan uzaq olsaq, bəhrəsini görəcəyik. Bəlkə də elə Əmirəlmöminin kimi bir daha yalana uymadıq.


3981 dəfə baxılıb
در حال ارسال اطلاعات...