Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Soruş sən nə dedin ki?

Adamı cızığından çıxaran təkcə şeytan deyil. Hər şeyi şeytanın boyununa yıxmayaq. Gör Quran nə deyir:
Ey iman gətirənlər! Hamınız bir yerdə doğru yola gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! – demək Allah öz bəndəsinə xəbərdarlıq edib!
Münafiqlər möminlərlə qarşılaşdıqları zaman “biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik” -deyirlər. Burda şeytanlıq nə var?
İş bitdikdə Şeytan (onu məzəmmət edən kafirlərə) deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!

Şeytanı qoy kənara, öz aramızdakı şeytanlardan danışaq. Gəlir oturur kənarında, başlayır birinin ardınca döşəməyə. O qədər döşəyir ki, sən də ya başından etmək üçün, ya Allah eləməmiş ikiüzlü olduğundan başınla təsdiq edirsən, ya dilinə gəlir ki, nə pis adam imiş filankəs. Yanında oturan elə buna bənddir. Öz dastanı qalır, sənin iki kəlməni çatdırır sahibinə. O da ağıl sahibi olmadığından dərhal keçir hücuma ki, nə üçün mənim dalımca danışırsan? Deyirəm ay qardaş, ay dost, ay qanmaz! Sənə xəbər gətirən adam bir saat səndən döşəyib, mən də uzaq başı onu rədd etmək üçün bir “pah atonnan” demişəm. Sən nə üçün soruşmursan ki, a kişi (ya nakişi), sən nə dedin ki, o da belə dedi? Sən nə üçün onun cavabını verməyib, mənə söz gətirirsən? Həəəəəəə?

A müsəlman! Biri sənə desə ki, filankəs sənin haqqında belə dedi, de ki, dilinə qurban, düz deyib! Sonra bax rənginə. Görəcəksən ki, halı dəyişdi. Kişi də söz gəzdirər?! Kişi pis sözün, böhtanın cavabını yerində verər, söz daşımaz!

Deyirlər indi kişi yoxdu. Fiziki mənadfa demirlər. Hamı bilir ki, sınıq-salxaq da olsa kişi çoxdu. Söhbət əsil kişidən gedir. O kişidən ki, xəbərçinin, araqarışdıranın, böhtançının qənimidir. Kişiyə desələr ki, filankəs sənin haqqında belə yava söz dedi inanmaz. Kişiyə birini yamanlasalar yerində cavabını verər, o adam yaxşı adamdır, deyər.

Allah-taala buyurur ki, münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Elə söz gəzdirən kişi də söz gəzdirən qadının eynidir. Nə deyim vallah, mən özümə söz vermişəm ki, biri filankəs sənin haqqında belə dedi söyləsə, deyim hər nə deyib az deyib. Ay məni qaralamaq istəyən! Nə qədər qaralasan azdır, mən sən düşündüyündən çox-çox çirkin adamam. Ümidim Allahın rəhminədir. Hamını yaxşı görməyə çalışıram ki, bu yaxşıların arasında mənə də mərhəmət edilsin. Yoxsa sənin kimilərin arasında...


4107 dəfə baxılıb
در حال ارسال اطلاعات...