Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Allahdan gizli deyilsə...

İnsan həyatda uğur qazanmaq üçün və ya uğurlu həyat yaşamaq üçün özünü, Allahını və ətrafını tanımalıdır. Özünü tanımasa, aşa biləcəyi çətinliklərdən də qorxar. Allahını tanımasa onu təkbaşına aşa bilməyəcəyi çətinliklər üzərindən adladacaq körpüləri görməz. Ətrafını tanımasa körpə alova əl uzatdığı kimi dodağında təbəssüm yanıb kül olacaq.

Özünü tanımalısan. Amma necə? Bildim ki, məni yaradan Allah, dünyaya gətirən ana, canavara çevirən nəfs və yolumu gözləyən cənnət-cəhənnəm var. Qurtardı? Bu “mən” deyilən hər qatında yüz hiylə, meyl, həvəs gizlənmiş tipi tanımaq çox çətindir. Bunu həyat göstərir, qənaətbəxş sübutlar qoyur ortaya. Ətrafında neçə müvəffəq insan görürsən? Çox? Bu sənə elə gəlir ki, onlar xoşbəxtdir, müvəffəqdir. Dərdlərindən xəbərsizsən. Biri xalqın malını, əmanəti, borcu, iş vaxtını ata malı kimi yeyir, qarnını barıtla doldurur. Bu barıt bir gün partlayacaq, bəli. Amma indi də rahat deyil. Sən onun zahirini görürsən, qəlbindən, günündən, yuxusundan xəbərsizsən. Günhalar min şəkildə qayıdır üstünə. Xəbəri yoxdur ki, xalqın namusuna xain baxışı ailə-övladına xain baxış gətirib. Xəbəri yoxdur ki, süfrəsinə gələn, qarnına gedən hər haram tikə yumurta qoyur içində, ilan-əjdaha çıxacaq yumurtalar. Özünü tanı. Gör əsəbləşəndə, tamahın coşanda, şəhvətin alovlananda Allah, vicdan, namus, əmanət yadına düşür ya yox? Neçə vaxtı elə bilirdim ki, ömür boyu dilimə söyüş gəlməyib. Küçəyə çıxdım, gördüm qapıya yazıblar ... Dodağımın altında pıçıldadığım ... söyüşünü yaxşı ki özümdən başqa biri eşitmədi. Nə??? Eşitmədi? Bəs Allah?

Danışanda özümüzü düz adam kimi göstərmək üçün tez-tez “Allahdan gizli deyil, bəndədən nə gizlin” deyirik. Guya bizim üçün əsas Allahdır!!! Özümə deyirəm ki, ayıb olsun sənə, öl yerə gir. Gün uzunu ağzındn çıxan söz, əlindən çıxan işlərin hansında Allahı saymısan? Çünki Allahı tanımırsan! Hirslənəndə deyirsən ki, cəhənnəmə gedərəm, amma filan işi görmərəm. Ay yazıq, əvvəl bir şam yandır, əlini şama tutub həmin sözləri təkrarla, gör cümləni başa vura biləcəksən?! Sən mənəm-mənəm deyəndə insan siman yox olur, tülküyə, çaqqala bənzəyirsən. İnsan hara, mənəm-mənəm hara. Allah bir dərd göndərər ulaya-ulaya gedərsən dünyadan. Allahla oyun oynayırsan?! Bəli, hələ ki oynayırsan. Çünki nə özünü tanıyırsan, nə də Allahı!

Səni əhatə edən adamlar iki yerə bölünüb. Böyük bir hissəsi sənə yem kimi baxır. Səni minmək, çalmaq, çapmaqdan başqa fikirləri yoxdur. Yüz il dalında gəzdir, bir gün desən yorulmuşam, belim qırılır, düş nəfəs alım, yüz ilin yaxşılığına cavabı hürüş olacaq. Ətrafını yaxşı tanı. Elə düşün ki, ilan-əqrəb dolu cəngəllikdən keçirsən. Yaxanı bərk bağla ki, qoyun-qucağına dolub, yuva salmasınlar. Demə hamı sənə xəyanət edib, bəlkə elə sən özün də hamını minmək, çapmaq istəyənlərdənsən. Belə olsa ayılmağın, özünü görməyin çox çətindir. Ətrafdakılardan soruş. De ki, sizi and verirəm Allaha, peyğəmbərə, imama, ölənlərin ruhuna, mən necə adamam? Yalvar-yaxar, qoy sənin haqqında düşündüklərini desinlər. Elə ilk müraciətdə aldığın cavaba inanma. İndi insanlar başağrıdan qaçır, sənə nifrət edə-edə üzünə gülür. Elə bil quduz it yanından keçirlər. Mehribanlıq göstərirlər ki, qapmayasan. Qoru bizi bu sifətlərdən, Allah!

Sənin kim olmağın Allahdan gizli deyil, bu düz. Amma camaat da görür ki, kimsən, yaxşı ya pissən. Demə ki, pisliyin Allahdan gizli deyilsə, qoy xalq da bilsin. Bu səni lap bədbəxt edər. Deyirəm, ey Rəbbim, Sənə bəlli eyblərimi, günahlarımı xalqdan gizlədiyin üçün şükür edirəm. Mənə həqiqi tövbə nəsib et. İç gözümü aç, görüm ki, günah təkcə zina, araq içmək, oğurluq deyil. Zalım hakimə yardım, pis adamın üzünə gülmək, qəlb sındırmaq, kimə gəldi əl açmaq da günahdır. Mənə özümü, Özünü, özgələri tanıtdır, Allahım!


4506 dəfə baxılıb
در حال ارسال اطلاعات...