Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Mən necə adamam?

-Filankəs necə adamdır?
-Yaxşı!
-Bəs Bəhmənkəs?
-Adını tutma, zay!
-Filankəsin yaxşı adam olduğunu haradan bilirsən?
-Hamı deyir yaxşı adamdır.
-Əgər həqiqət hamının dediyidirsə, onda insanı xoşbəxt edən puldur. Hamı deyir ki, adəmi adəm eyləyən parədir.
-Bəs həqiqət nədir?
-Bir adamın yaxşı adam sayılması üçün həmin adam ən azı ziyanverici olmamalıdır. Filankəs ziyanvericidir?
-Mən eşitməmişəm ki, o kiməsə zərər versin. Ailədə, işdə, cəmiyyətdə ədalətli və mərhəmətli adam kimi tanınır.
-İmanı necə, Allaha inanırmı?
-İnanır ki, ədalətlidir.
-Kafirlər arasında ədalətli, möminlər arasında ədalətsiz adam yoxdur?
-Kafirin ədaləti, ədalətsizin imanı maskadır, riyadır.
-Bu sözün yadımda qalacaq. Amma deyirlər ki, Hatəm Tai Allaha inanmasa da səxavətli olub...
-Bəlkə nağıldır?
-Hatəm Tai Ərəbistanda Teyy qəbiləsinin başçısı idi. Həzrət Məhəmməddən (s) qabaq yaşayıb. Məsihi dininə etiqad bəsləyib. Səxavətdə misli olmayıb. Hər gün 10 dəvə qurban kəsib, ehsan edərmiş...
-Belə adama kafir deyirsən? Bir adam İslam dövrünü görməyibsə məsihi olmaqdan başqa yolu qalırdı?
-Hmm, haqlısan. Bəs möminlər arasında ədalətsiz adam məsələsi necə olsun? Yoxdur belələri?
-“Allahu əkbər” deyib müsəlman qardaşının başını kəsəni ədalətli sayırsan?
-Söhbəti siyasiləşdirirsən. Gəl məzhəb məsələsinə toxunmayaq.
-Sən soruşdun Filankəs necə adamdır, dedim ki, yaxşıdır. Soruşdun Bəhmənkəs necədir, dedim ki, pisdir. Bunun məzhəbə nə dəxli?
-Filankəs şiədir ya vəhabi?
-Görürsən, özün məzhəb söhbəti salırsan.
-Axı yaxşı adam Əhli-beytin haqqını necə inkar edər?
-Əhli-beytin haqqını iki yolla inkar edirlər: vəhabilər açıq-aşkar, bəzi şiələr pərdə arxasında.
-Demədin Filankəs şiədir ya yox?
-Filankəs də şiədir, Bəhmənkəs də. Amma biri yaxşıdır, o biri pis.

***

Bu söhbəti eşitdim, qorxuya düşdüm. Mənə demişdilər tövbə et, namaz qıl, Allahı, Peyğəmbər və onun əhli-beytini sev, xoşbəxt ol. Bir ömür aşkar günahdan sonra tövbə etdim, namaza başladım. Soruşana dedim ki, Allahı, Allah övliyalarını sevirəm. Amma söhbətdən belə başa düşdüm ki, Bəhmənkəs də tövbə qılıb. Bəhmənkəs də namaz qılır, salavat çəkir. Qorxdum!

Mən necə adamam, Allah? Əgər həqiqi tövbə etmişəmsə, nə üçün günaha qayıdıram, yalan danışıram, qara yaxıram, ədəbsizlik edirəm, başqasının haqqını yeyirəm? Əgər namaz qılırımsa bu namaz günahları yuyurmu? Övliyaların buyurur ki, insanı yaxşılığa doğru dəyişməyən namaz qəbul deyil. Namaza başlayandan hansı pis xasiyyəti atmışam, hansı yaxşı sifətlərə sahib olmuşam? Əgər özüm deməsəm namaza başlamışam xasiyyətimdən, əməlimdən bilən olmur ki, namaz əhlinə qoşulmuşam. Əksinə, deyəndə ki, namaz qılıram bir az təəccüb edirlər. Yəni xasiyyətim, əməllərim demir ki, mən namazqılanam. Əlbəttə ki, saqqal, təsbehi görəndə dindar kimi qəbul edirlər. Bəs saqqalla təsbeh olmasa necə? Dindar olduğumu sübuta yetirən əxlaqım, əməlim, mehribanlığım, düzlüyüm varmı? Neçə qəlb sındırmışam, neçə nəfərə borcum var? Bir siyahı tuta biləydim. Gündə beş vaxt namaz qılıb beş qəlb sındırsam, beş nəfərin haqqını tapdasam məni bağışlayacaqsanmı? Deyirlər qorxma ganahdan, töbvə edib bağışlanarsan. Amma bunu da deyiblər ki, canavarın tövbəsi ölümdür. Məni canavar, tülkü sifətlərindən xilas et, ya Rəbb!


4163 dəfə baxılıb
در حال ارسال اطلاعات...