Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Yaşasın padşahlıq!

Demokratiya kommunizm kimi utopik bir fikirdir. Nə üçün? Çünki ən azı nümunəsi yoxdur. Kommunizm bu idi ki, hamı sivil bərabər olacaq. Sivil əlavə olunmasaydı mümkün idi. Çünki sürüdə qismən bərabərlik var. İbtidai icma quruluşunda bərabərlik ola bilərdi. Çünki sürüyə bənzəyirdi. Bu bənzəyişi yaradan çeşidliliyin ümumiyyətlə mövcud olmaması idi. İndi kostyum var 20 dollara, kostyum var 20 min dillara. İndi avtomobil var 2 min dollara, avtomobil də var 200 min dollara. İndi ev var 40 kvadrat metr, ev də var 4 min kvadrat metr. Mümkündürmü bərabərlik olsun? Əsla və əbəda!

Keçək demokratiyaya. Demokratiya odur ki, hər şeyi xalq seçir. ABŞ, Qərb dövlətləri demokrtik üsulla idarə olunur – GUYA! A kişi amerika xalqının, avropalıların xəbəri var ki, bu dövlətlərin hərb maşını dünyanı qara günə qoyub?! O xəbəri demirəm. O xəbərdən varıdır. O biri xəbəri nəzərdə tuturam. Xəbəri yoxdur, yəni xalq istəməyib ki, Əfqanıstan, İraq işğal edilsin. Xalqı saya salan kimdi! Bir oyundu atıblar ortalığa.

“Demoktratik” Amerikanın cinayətlərindən mətbuat yazır:
ABŞ-ın 2001-ci ilin 11 sentyabrında baş verən müəmmalı terror aktından sonra iştirak etdiyi hərbi münaqişələrdə minimum 225 min insan həlak olub, ən azı 3,7 trilyon dollar vəsait xərclənib. APA-nın xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu barədə Braun Universitetinin araşdırmasında bildirilir. Neta Krouford (Neta Crawford) və Ketrin Lutsun (Catherine Lutz) rəhbərliyi altında tədqiqatçılar İraq, Əfqanıstan və Pakistanda antiterror əməliyyatlarını öyrəniblər. Araşdırmada göstərilir ki, ən ehtiyatlı hesablamalara görə, 225 min insan bu müharibələrin qurbanı olub, 365 min nəfər yaralanıb. Münaqişələrdən daha çox mülki vətəndaşlar ziyan çəkib. Müharibələrdə ölən mülki vətəndaşların sayı 172 min nəfərdir. Bunun 125 min nəfəri iraqlılar, 56 min nəfəri pakistanlılar, 12 min nəfəri isə əfqanıstanlılardır. ABŞ bu müharibələrdə 6 min hərbçisi həlak olub. Onun müttəfiqləri 1,2 min, İraq 9,9 min, Pakistan 3,5 min, Əfqanıstan isə 8,8 min hərbçisini itirib. Özəl mühafizə şirkətlərinin isə 2,3 min əməkdaşı bu münaqişələrdə həlak olub. 2001-ci ildən ABŞ-ın iştirakı ilə baş verən müharibələrdə 168 jurnalist və humanitar təşkilatların 266 əməkdaşı ölüb. Terrorla mübarizə bəhanəsi ilə keçirilən əməliyyatlar nəticəsində 7,8 milyon nəfər qaçqın vəziyyətinə düşüb. Bu hələ harasıdır!


“WikiLeaks” saytının müəllifi Culian Assancın saytda yerləşdirilən məxfi sənədlər 2004-cü ildən bu günədək İraqda baş verən hadisələri əhatə edir. Mütəxəssislər deyirlər ki, sənədlərin ictimaiyyətə açıqlanması İraq səhifəsini örtməyə çalışan prezident Barak Obamanı çətin vəziyyətə salıb. Assanc ötən şənbə təqribən 400 min məxfi sənədi “WikiLeaks” də yayımladı. Saytda yerləşdirilmiş sənədlər İraq müharisinə həsr olunub. Sənədlərlə tanışlıqdan sonra belə qərara gəlmək olur ki, amerikalı hərbçilərin “Əbu-Qreyb” həbsxanasında törətdikləri əməllər İraqda normaya çevrilib. Sənədləri inciləyən ABŞ mətbuatı yazır ki, əsirlərlə qeyri-insani davranış tərzləri İraq ordusunda və polisində iş üslubu sayılır. Amerikalı hərbçilərin təqdim etdikləri hesabatlarda İraqın güc nazirliklərinin əməkdaşlarının dindirilmələrdə yolverilməz praktiklara əməl atmaları barədə məlumatlar öz əksini tapıb. Həmin hesabatların birində qeyd olunub ki, 2005-ci ilin noyabr ayında İraq tədricxanalarının birində amerikalı əsgərlər 95 nəfər kor edilmiş dustaq aşkar ediblər. “Nyu-York Tayms” qəzeti yazır ki, bütün hallarda amerikalılar baş verənlərə göz yumublar. Bu da məlum olub ki, yüksək vəzifəli hərbçilər işgəncələrin qarşısını almaq və ictimaiyyətə açıqlamaq istiqamətində hər hansı bir addım atmamaq barədə göstəriş veriblər. Mütəxəssislər deyirlər ki, açıqlanmış sənədlər ABŞ hökumətinin İraqda sabitliyin və təhlükəsizliyin yaradılmasına yönəlmiş cəhdlərinə potensial zərbə vura bilər. Məsələn, konfidensial hesabatlar götsərir ki, ərəblərin İraq kürdlərilə münasibətləri gərgindir. Sənəddə Mosul və Kərkük neft yataqlarının istifadəsi, federalizm və digər vacib məsələlərdə ərəblərlə kürdlər fikir ayrılığına malik olduqları bildirilir. “WikiLeaks” saytında ABŞ-ın indiyədək kürd silahlı birləşmələrlə İraq polisi arasında qanlı toqquşmaların baş verməməsi üçün hansı addımlar atması barədə konkret misallar da göstərilib. Bununla bağlı siyasi müşahidəçilər sual verirlər ki, ABŞ İraqı tərk etdikdən sonra ərəblərlə kürdlər, eyni zamanlar şiələrlə sünnilər arasında münasibətləri hansı qüvvə tənzimləyəcək? Sənədlərdə İraqda insan tələfatı barədə açqılanan rəqəmlər də özündə təhlükə daşıyır. Məlum olub ki, 2004-cü ildən 2009-cu ilədək İraqda 109 032 nəfər həyatını itirib. Ən təhlükəsi odur ki, həlak olan mülki əhalinin sayı 66 081 nəfərə çatır. Bu açıqlama İraq müharibəsinin acı mənzərəsini ortaya qoyur. Bu da ABŞ demokratiyası! Yazıq amerika xalqı...

Əgər sabiq SSRİ başçılarının kommunizm səs-küyü arxasında real üsul-idarə dayanmayıbsa, ABŞ və Qərbin demokratiya buketi ilan-qurbağa, qumbara ilə dolusa, bu ölkələrdəki mövcud quruluşun adı nədir? ABŞ demokratik ölkə deyil, bütün ağıllı adamlar bu həqiqəti qəbul edir. ABŞ-da da, Qərbdə də, Rusiyada da, bütün demokratiya mantosu geyən ölkələrdə də xalq heç kimdir. Dövləti mafioz qruplaşmalar idarə edir. Onlar Buşu aparır Obamanı gətirir, Sarkozini götürür Ollandı qoyur.

Tarixə baxanda (İslam dövlətçiliyindən ona görə danışmırıq ki, bu yazı satira, sarkazm üzərindədir) mövcud dövlət quruluşları arasında padşahlıq daha səmimi görünür. Prezidentlə padşahı müqayisə etməsək bu iddianı qəbul etmək çətindir. Müqayisəni atalar sözləri üzərində aparacağıq:

“Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.”
Demək bir zaman padşah da rəiyyət istifadə edən qıfıldan istifadə edərmiş. Demək, hamı bilirmiş ki, xəzinə padşahındır və o bunu inkar etmirmiş. Prezident necə, etiraf edirmi ki, dövlət büdcəsi deyil şey elə onun ata malı kimi bir şeyrdir?! Prezidentin mülkünü də oğrulardan altı şahılıq qıfıl qoruyur?!

“Padşahın da rəiyyətə işi düşər.”
Ay kişi, prezident seçkilərdə xalqın səsini elə çəkib çıxarır padşah bu qələti etməyib. Padşahın qəbul günü olub, ucqar kənddən gələn əkinçini qəbul edib, xəstələnəndə xalqdan dua istəyib. Bir suala cavab verin: Prezidentin xalqa işi düşür, yoxsa yox? Şübhəlidir. Padşahınsa işi düşüb – bunu atalar deyir.

“Şahla plov yemirəm ki, bığım yağa batar.”
Bu lap yerinə düşdü. Demək o vaxtlar kimsə padşahla oturub plov yeyə bilərmiş. İndi prezidentlə üzbəüz dayanın boğazından su keçmir.

Bu müqayisələr bitib-tükənən deyil. Demokratiyanın bir xüsusiyyəti də söz azadlığı, sadə insanın öz fikrini deyə bilməsidir. Rəhmətlik Nizami Gəncəviyə papaq atırlar ki, şahdan ənam alıb. Az qalır saray şairi desinlər. Görün Nizami nə deyir:

Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.

İnsafla danışaq, indi prezident təqaüdü alan şair prezidentə belə sözlər deyə bilərmi? Desə başına nələr gələr ya gəlməz!

Mən demokratik dövlətlərdə pərdə arxasında qalmış, səsi eşidilməyən, fikri soruşulmayan bütün xalqları padşahlığa qayıtmağa, ədalətə qayıtmağa çağırıram. Qayıdaq, sonra yaxşı-yaxşı oturub fikirləşək, görək başqa quruluşa ehtiyac var ya yox!


4063 dəfə baxılıb
در حال ارسال اطلاعات...