Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

Bizim Jirinovski – milli maşa

Dərhal etiraz edib soruşacaqlar ki, Azərbaycanda bu qədər tanıtdırmalı, ləyaqətlı insan qalıb, Hafiz Hacıyevdən yazmaq nə məqsəd daşıyır? Şablon bir münasibət: GÖZƏL SUALDIR, SUALINIZA GÖRƏ TƏŞƏKKÜR EDİRƏM! Qəlbimdə isə bu suala başqa münasibət var. Mətbuatın, televiziyanın, yazarın işi təkcə cənnət və hurilərdən yazmaq deyil. Ən azı Qurana baxaq: həm cəhənnəmdən, həm Əbu Ləhəb kimi cəhənnəmilərdən, həm də cəhənnəmə sürüyən şeytandan yazılır! İnsanların pisi tanımaq ehtiyacı onların yaxşını tanımaq ehtiyacından az deyil. Keçək mətləbə...

Təkcə Azərbaycan yox, bütün dünyada siyasilər arasında təmiz insanlar tapmaq çətindir. Amma bu təmiz olmayan siyasilər etiketlərə əməl edir, ədəblə danışır, opponentə qarşı dözümlülük göstərir. Siyasətçi üçün (təmiz yox) əxlaqlı davranmaq əsas səciyyələrdəndir. Cəmiyyəti daha çox narazı salan siyasətçinin etiketləri gözləməməsidir. Rus ayısı "Şirinovski"  xalqımızı qoyun adlandırdı. Sual yaranır ki, öz xalqımızdan olan və özü xalqımızı söyənlər daha pisdir, yoxsa Jirinovski?

Pisliyi də tanıtdırmaq üçün nümunələrə ehtiyacımız var. Azərbaycanda siyasi ab-havaya üfunət qatanlardan olan birini nümumə göstərmək zorundayıq. Bu şəxslə şəxsi problemim yoxdur və onun üzərində ümumiləşdirilmiş obraz kimi dayanıram.

Söyüşlərini, təhqirlərini dilə gətirə bilmirik. Küçə uşaqları da belə söyüşləri astadan deyir. Hafiz Hacıyev isə…

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1973-cü ildə Zodda məktəbi bitirib, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olub. Zodlu Zoomühəndis! By “Z”lara hələ çox “Z”lar əlavə olunacaq. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləyib.
Nə isə, Azərbaycan Respublikasının “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsinə qədər yuxarı gedib.

1993-cü ildə Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunub, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. 1999-cu ildə həbsdən azad olunub VƏ… Xalq Hərəkatında özünə yer edib.
2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilmişdir.

2003-cü il 15 oktyabrında keçirilən prezidenti seçkilərində namizədliyi irəli sürüb. Bu seçkilərdə Hafiz Hacıyev 8 namizəd arasında 0.3% (9.990 səs) toplamaqla sonuncu yeri tutub. 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0.64% -ni (23.771 səs) toplayıb.

2013-cü il president seçkilərində…
Prezidentliyə namizədlərin İctimai Televiziyada kecirilən teledebatında qarşıdurma yaranıb. Müasir Müsavat Partiyası (MMP) sədri Hafiz Hacıyev Milli Şuranın namizədi Cəmil Həsənlinin ailəsi haqda təhqiramiz fikirlər işlədib. Bu isə tərəflər arasında qarşıdurmaya səbəb olub. Cəmil Həsənlinin çıxışı zamanı Hafiz Hacıyev müdaxilə edib və əlində tutduğu su butulkasını Cəmil Həsənliyə tərəf atıb. Bundan sonra Hafiz Hacıyev zaldan çıxarılıb. Musavat yazır ki, ekspertlərin fikrincə, bu olay öncədən düşünülmüş planın tərkib hissəsidir, sadəcə, Hafiz Hacıyevdən maşa kimi istifadə edilib. Güman ki, hakimiyyət ötən dəfəki debatda Cəmil Həsənlinin səsləndirdiyi ittihamların cavabını bu şəkildə verir.

Hafiz Hacıyev tipini biz yetişdirmişik. Bu tip bizin tipdir. On tipimiz varsa biri də Hafiz Hacıyev tipidir. Bu tipdən fəhləmiz də, məmurumuz da, FB-çimiz də, çox təəssüf ki, ata-analarımız da var. Bəlkə də elə ata-analardır bu tipin bünövrəsini qoyan. Əlbəttə ki, cəmiyyət də ola bilər.


Balıqların şahı

Danış deyim kimsən! – məşhur misaldır. Məsumlardan da rəvayət var ki, insane dilinin altında gizlənib. Sədi Şirazi bi mənanın təsdiqində “ insane danışmasa kimliyi bilinməz deyib. Hafiz Hacıyevi tanımaq üçün bir müsahibəni xülasə nəzərdən keçirək:

- Hafiz müəllim, siz zoomühəndislik fakültəsində təhsil almısınız. Necə oldu ki, bu sahəyə yönəldiniz? Şüurlu seçiminiz idi?

- Bəli, özüm seçmişdim. Bilirsiz, sovet dövründə ən böyük təhsil ocaqlarından biri Kənd Təsərrüfatı İnstitutu idi. O vaxtı kolxoz, sovxoz sədrlərinə böyük həsədlə baxırdılar. Rayon partiya komitəsinin katibləri də bu sahədən seçilirdi. Müəllimi gətirib katib qoymurdular. Mənim də arzum idi ki, birinci katib-filan olum gələcəkdə. Ona görə də bu sahəni seçdim…

- Bioqrafiyanızda ixtioloq işlədiyiniz yazılıb. İxtioloq nə iş görürdü?

- İxtioloq balıqçılığın inkişafında ən mühüm vəzifədir… (ixtisas demək istəyib, vəzifə deyib.red) …Mən Azərbaycan balıqçılıq sənayesinə çox böyük töhfə vermişəm. …Mən həmişə demişəm, bu gün də deyirəm, Azərbaycan xalqını neftsiz-qazsız, 6 ay balıqla saxlaya bilərəm.

- Hansı balıqları yemək olmaz? Yoxsa dənizdən çıxan hər şeyi yemək olar?

- Yox, məsələn bizim qonşu İran dövlətində nərə balığını yemirlər (elə yeyirlər ha! - red) Ən gözəl balıqdı. Sümüksüzdür deyə, deyirlər dinə ziddir. Onlar ən çox sümüklü balıqlar yeyirlər. O vaxt mən nazir olanda, onlar nərəni yemirdilər deyə, mən İrandan alıb, bu balığı başqa dövlətlərə satırdım. Suda yaşayan canlıların hamısı yeməlidir (belə çıxır ki, suiti də! - red)və cana xeyirdi. Sizə bir söz deyim, o vaxtı mən Lənkəranda qurbağa yetişdirirdim. 8 ton qurbağa yetişdirib, Fransaya satdım. Çox gözəl, yeməli şeydir. Onun tabakası hazırlanır, delikates bir şeydir, tapılmır.


- Hafiz müəllim, yaddaşınız necədir?

- Çox güclüdür. Məsələn, mənim birinci sinifdə yaşadıqlarım hələ də gözümün qabağındadır. Gözüm də yaxşı görür, son vaxtlar bu internet bir
az zəiflədib.

- Balıqların yaddaşı olmur ancaq.

- Canlıların əksəriyyəti belə təzadlıdır. Başqalarına xeyir verir, özü qalır belə. Onlar elə bil, özlərinin müsbət tərəflərini verir rəqibinə, özü zəif qalır. Məsələn, balıqlarda hissetmə qabiliyyəti güclüdür. Çox duyğuludur balıqlar.

- Yaddaşınızın güclülüyündə balığın rolu var?

- Bəli var, mütəmadi balıq yediyim üçün yaddaşım belə güclüdür.

- Bir növ balıqlara borclusunuz.

- Əlbəttə. Sizə deyim ki, 13 il balıqçılıq sahəsində ən böyük vəzifələrdə işləmişəm. İstənilən balıqçıdan soruşsan, həsrətlə deyəcək ki, nə çörək var idisə, Hafiz Hacıyevin dövründə var idi.

- Özünüzü bu sahədə avtoritet hesab edirsiniz? Sizlə kimsə rəqabətə girə bilər?

- Bəli, özümü bu sahənin avtoriteti hesab edirəm. İnanmıram ki, kimsə mənimlə rəqabətə girə bilə.

- Hafiz müəllim, ən ləyaqətli həyat yaşayan balıq hansıdır bəs?

- Yırtıcı balıqlar ləyaqətsizdilər. Çalışırlar, bütün balıqları yesinlər…

- Azərbaycanda balıqların gələcəyini necə görürsünüz?

- Pis görürəm. Niyə?! Düşünürəm ki, Azərbaycanın nefti 20-30 ildən sonra azalacaq. Ondan sonra nə edəcəyik biz? Amma bu sahə inkişaf etdirilsə, daha çox pul qazana bilərik. Mən mağazalara baxıram, konservlərin hamısı xaricdən gəlir. Bunu özümüz edə bilərik axı.

- Deyirsiniz “balıq çox olarsa, basılmaz vətən”?

- Bəli. Təbii. Əlbəttə…

- Balıq susuz yaşaya bilmir. Hafiz Hacıyev nəsiz yaşaya bilməz?

- Elə bir şey yoxdur. Olduğunu desəm, eqoizm olar. Desəm ki, bu gün Bakı olmasa, yaxud babam Göygöldə basdırılıb, ora olmasa ölərəm, yox, insanlar tez adaptasiya olunur. Təbii, siyasətdə olmasam, bir az darıxdırıcı olar. Mən hələ siyasətdə son sözümü deməmişəm.

- Dünyaya bir daha gəlsəydiniz, yenə Hafiz Hacıyev olmaq istəyərdiniz?

- Təbii. Mən keçmişimə baxıram, məndə xəyanət, paxıllıq, eqoistlik yoxdur. Mən nazir olanda gedib öz fəhlələrimlə yemək yeyirdim. Mənim üçün həyatda ən böyük xoşbəxtlik sadəlikdir.

- Yəni, Hafiz Hacıyev kimi doğulduğunuz üçün peşman deyilsiniz?!

- Qətiyyən. Mən niyə peşman olmalıyam?! Mən nazir olmuşam, katib işləmişəm, qeyrətlə işləmişəm. Nazir işlədiyim dövrdə bir nəfər deyə bilməz ki, Hafiz Hacıyev 5 manat rüşvət alıb. Həyatda Hafiz Hacıyev olmağımla fəxr etmişəm. Ancaq məni başa düşməyən insanlar da çoxdur. Bu gün mənə söyənlər də çoxdur. Mən hissli adamam. Çox hissli adamam.

- Qızıl balıqla oxşarlığınız var bu mənada.

- Bəli, xəyanətə, ədalətsizliyə, yalana dözə bilmirəm. Ancaq Hafiz Hacıyev kimi həyatımı çox şərəflə yaşamışam. Mən olduqca sadə adamam. İnsanlar bəzən mənimlə rastlaşıb, deyirlər Hafiz Hacıyev?! Deyirəm, yox, qardaşıdı. Televizorda baxırlar, elə bilirlər, mənim 4 gözüm var. Yəni bu məsələlərdə sadəlik yaxşıdır. Ona görə də, mən həmişə qızıl balıq kimi hissli, təmiz olmuşam. O balıqlar da təmiz suda yetişir. Təmiz adamlar təmiz yerlərdə yetişirlər. (lent.az)

Şair burada dözə bilməyib:

Kimi dindirdimsə haqdan danışdı,
Ağ libas geyinib göyə yol açdı.
Çıxardım ekrana, xalqa dərs deyə,
Ağzını açan tək aləm qarışdı.

Akula?

Amma Hafiz Hacıyevin müsahibəsi təkcə balıqçılığa həsr olunmur. Başqa bir məqamda Modernlə söhbətləşib:

– Xalq nədən narahatdır?

– Xalqın narahatçılığı odur ki, Azərbaycanda xaricin maliyyələşdirdiyi qüvvələr Azərbaycan əleyhinə işləyir və yaxud da onların uşaqları xaricdə oxuyurlar, xaricdə yaşayırlar. Maraqlıdır, hansı pullar hesabına?!

– Təkcə müxalifət yox, axı iqtidar nümayəndələrinin övladları da xaricdə oxuyurlar.

– Bu, bizim iqtidarın şişirdib ortaya atdığı müxalifətdir. Bu gün İsa Qəmbəri, Əli Kərimlini kim müxalifət edib? Azərbaycan iqtidarı. Onlara 2 dəfə deputat mandatı, Dubay reysini, balıq vətəgələri, şəhərin mərkəzində 10-20 ticarət obyekti verəndə, nə vaxtsa yetişdirdiyi ilan bu iqtidarın özünü sancacaqdı…

– Bir sözlə, xalqı sizdən başqa düşünən yoxdur?

– Əlbəttə. Nə qədər hay-küy salsalar, xaricdən daha çox qrant alırlar. Bu gün Milli Şura yaradırlar. Bu Azərbaycanda alternativ dövlət yaratmaqdır.

– Ümidiniz var ki, prezident seçiləcəksiniz?

– Əlbəttə. Niyə ola bilmirəm ki. Bəyəm mənim savadım onların savadından əskikdir!? Mən elmlər namizədiyəm. İsa Qəmbər isə laborantdır…

– Eyni zamanda balıq təsərrüfatı naziri olmusunuz...

– Məmurları tez-tez tənqid edirsiniz?

– Məmurları tənqid etmirəm. İstəyirəm ki, yollarına qayıtsınlar, ölkə başçısına layıq olsunlar. Baxın, Azərbaycanın rayonlarına bu 2 nəfərdən başqa çıxanlar varmı? Yoxdur. Prezidentin özü xaricdən gəlib gedir Şamaxıya və başqa rayonlara ki, görsün ayırdığı pulun hesabına yeni iş yeri açılıbmı? Niyə prezidenti aldadırlar? İcra hakimiyyətinin başçıları var ki şadlıq evləri kralıdırlar. Ad çəkməyəcəyəm. Onun şadlıq evlərində Milli Şura üzvlərinin qapalı görüşləri keçirilir. Hakimiyyətdə olanlar görmür? Nazır var 10-15 ildir işləyir. Bilir ki, o gedəcək. Nazirlərimiz var ki, Rəsul Quliyevin Bakıda partiyasının ofisini saxlayır, nazirlərimiz var ki, Kərimov Əliyə 600 markalı “Mazda”nı 68 min avroya alıb verir. Onlar bilir ki, ölkə prezidenti bu səfər seçilsə, yeni islahatlar aparacaq, bunlar orda olmayacaq. Mənim mübarizəm budur. Bunu xalq da görür.

– Bu səbəbdən də məmurları daş-qalaq edirsiniz?

– Prezidentə xəyanət edən məmurlardır. O məmurlara qorxma-qorxma deyənlərdi.

– Sizin bu cür tənqidlərinizin nəticəsi olurmu?

– Əksinə, mənə qarşı təzyiqlər güclənir. İdeoloji, mənəvi təzyiq var. Hətta məni silahla qorxudurlar. Bu sözləri demək asan məsələ deyil. Bu gün Azərbaycanda mənim müdafiə etdiyim bir şəxs var. Azərbaycanı bu səviyyəyə çatdıran İlham Əliyev…

(Bu gün Azərbaycanda mənim müdafiə etdiyim bir şəxs var. Azərbaycanı bu səviyyəyə çatdıran İlham Əliyev!)

…Bir gün rəhmətlik Elçibəy dedi ki, “bu qədər qızıl balıq, kürü hara gedir?” Dedi ki, “səni müşavirədə tənqid edəcəyəm, narahat olma, dur həqiqəti de”.

– Siz də dediniz?

– Əlbəttə.

– Deyirsiniz ki, Elçibəyin yaxın dostlarından biri olmusunuz. Siz də dediyiniz indiki məmurlar kimi ona qarşı xəyanət etmisiniz?

– Xanım, qətiyyən. Mən həmişə saf olmuşam. Elçibəy həmişə məni misal çəkib. Deyib ki, “gedin Hafizdən işləmək öyrənin”. Pənah Hüseyn də bunu deyirdi. Azərbaycanın bayrağını Amerikada ilk dəfə qaldıran məmur olmuşam. “Çarlton” otelində.

– İndiki məmurlar qaldırmırlar ki?


– İndiki məmurlar eyş-işrət, pullarını hara yerbəyer etmək haqqında düşünür. ABŞ-a qara kürü satanda Elçibəyə zəng etdim. “Bəy, icazə ver kürünün pulundan özümüzə şalvar alaq”. Dedi, “lazım deyil”. O vaxt Şuşa işğal olunmuşdu. Söylədi ki, “Şuşa məsələsini həll edək. Ondan sonra baxarıq”. Mən elə işləmişəm.

– Sizin İsa Qəmbər, Əli Kərimli ilə münasibətiniz heç yoxdur. Amma bir dəfə müxalifətdən üzr istədiniz axı. O nə məsələydi bəs?

– Qətiyyən üzr istəməmişəm. Dedim ki, Azərbaycan müxalifətindən üzr istəyərəm o şərtlə ki, hamımız Dağlıq Qarabağla bağlı eyni mövqedə olaq.

– Siz niyə partiyanızın adını Müasir Müsavat qoydunuz, ad qəhət idi?

– Müsavatçılar müasir ideyaya malik olanlardır. Qəmbərov İsanın yanında kimlər var? Kimlər vardısa hamısı satqın çıxdı. Deyim bir-bir. Çingiz Qənizadə Müsavatın divan üzvü idi. Rasim Musabəyov... Elçibəy hakimiyyəti məhz buna görə devrildi. Necə Qəmbərov İsaya xoş münasibət bəsləyə bilərəm ki!?

(Elçibəy hakimiyyəti məhz buna görə devrildi!!!)

– Elə bil siz təksiniz axı!

– Tək deyiləm. Arxamda 90 minlik partiyam var. Strukturlaşmış bir partiyadır.

– Hafiz müəllim, İsa bəyin oğlunun toyuna Nazpəri xanımın dəvət olunması böyük ajiotaj yaratdı. Hətta bəzi televiziyalar Nazpəri xanıma qadağa qoydu. Hər halda İsa bəyin oğlu da Azərbaycan vətəndaşıdır. Bu cür hal doğru idi?

– O məsələni ilk dəfə mən açmışam. Nazpəri xanımın orda gedib siyasi tost deməyi doğru deyildi. Nazpəri xanım gedib orda deyəndə ki, “o gün olsun, Qəmbərov gəlsin bu seçkidə seçilsin, mən də inauqurasiya mərasimində çıxış edim, 3 saat oxuyum”, bu yolverilməzdir!

– Sizin marağınız nədir?

– Mənim marağım odur ki, prezidentliyə namizədəm. İstəyirəm ölkədə stabillik olsun. İnqilabi yolla yox, demokratik seçki yolu ilə hakimiyyətə gələk.

– Sizin də övladlarınızın, xanımınızın hərəsinin bir maşını var?

– Qətiyyən elə deyil. “Unibank”dan kreditlə bir maşın almışam. Ayda 450-500 manat kreditə pul verirəm. Gizlətmirəm bunu.

–Necə dolanırsınız?

– Mən əziyyət çəkən adamam. Təsərrüfatla da məşğul oluram. Elmlər namizədiyəm.

– Hər halda gəlir yeriniz var. Elmlər namizədinin maaşı ilə dolana bilməzsiniz.

– Əlavə gəlir yerim var. Özümə görə imkanlıyam.

(Qulaqlarını kəsəcəyəm!)

İslam Peyğəmbəri (s) buyurur ki, mən insanlara gözəl əxlaq öyrətmək üçün gəldim. Allah da öz peyğəmbərini onun gözəl əxlaqına görə mədh edir: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” Loğmandan “ədəbi kimdən öyrəndin” soruşulanda belə cavab verir: "Ədəbsizlərdən öyrəndim - onlarda gördüyüm çirkin işlərdən sakındım." Həzrət İsadan “səni kim ədəbləndirdi” soruşulanda buyuru ki, məni heç kim ədəbləndirmədi, cəhalətin çirkinliyini görüb ondan çəkindim. Həzrət Əli (ə) buyurur: "Başqalarında çirkin davranış görsən, belə davranışın səndə olmasından həzər qıl!..

–Neçə övladınız var?

– 2 qız, 1 oğlan. Oğlum hərbi xidmətdədir. Naxçıvanda xidmət edir. Budur vətənə vurğunluq. Sizin sayt vasitəsilə deyirəm. Hakimiyyətin daxilində arvadı erməni olanlar da eşitsin, İlham Əliyevə xəyanət etmək istəyənlər də eşitsin, qulaqlarını kəsəcəyəm.

– Siz Əkrəm Əylislinin də qulağının kəsilməsi əmrini vermişdiniz, amma kəsə bilmədiniz.

– Niyə, kəsirdim Əkrəm Əylislinin qulağını. Amerika Dövlət Departamenti o barədə xüsusi bəyanat verdi…

– Hafiz müəllim, yaman emosional insansınız.

– Bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxışında “müxalifət xalqa xəyanət edir, ermənilərdən maliyyələşir”-deyəndə hörmətli Rəbiyyət Aslanova dedi ki, “Əli müəllim emosiyaya qapılıbdır”. Ayıbdır, adam öz yerini bilər. Siyasi savadın yoxdur, get otur yerində, deputatlığını elə. Düz sözü deyəndə niyə emosiya olur ki!?

– Hətta fotolarda da çox çılğın düşürsünüz.

– Xanım, ürəyim yanır. Necə həyəcansız deməyim ki, İlham Əliyevin çörəyini yeyən məmur ona xəyanət edir. Bunun nəyi emosiyadır?!

– Hafiz müəllim, bu məlumatları hardan əldə edirsiniz?

– Bir gündə mənə o qədər informasiya daxil olur ki... Partiya üzvlərimizin hərəsi bir yerdə işləyir, xalqın arasındadırlar. Müəyyən adamlar var, salmışıq müəyyən yerlərə…


– Bu cür çıxışlarınıza görə ailəniz nə hisslər keçirir?

– Ailəm çox narahatdır. Deyirlər ki, “bizi girov qoyursan ata, sən bizim hamımızı qırdırassan”. Deyirəm ki, qardaşımı (İlahm Əliyevi!-red) tək buraxa bilmərəm... Heydər Əliyevin çörəyinə xəyanət etməsinlər. Bir sirri açacam sizə, xanım. Heydər Əliyev Siyasi Bürodan çıxanda Andropovla eyni binada yaşayırdı. Böyük vəzifədə idim. Moskvaya kollegiyaya getmişdim. Heydər Əliyevin evində qaldım. Bu fikirləri birinci dəfədir sizə açıram. Heydər Əliyev dedi ki, “Hafiz, mənə xəyanət edən adamlar bunlardır”. Bu gün həmin adamlar hakimiyyətdədir. Heydər Əliyevi təhqir edənlər bu gün eyş-işrət içində yaşayır. Biz isə ölməmək üçün yaşayırıq. “Qardaşlıq” cəmiyyətinin vurhavur vaxtında Heydər Əliyevi aeroportda qarşılayanlardan biri mən olmuşam. Hətta gül verən də mən olmuşam. İlk dəfədir ki bunu sizə deyirəm.

– Balıq təsərrüfatı naziri işləmisiniz. Siyasətdə akula kimdi, kilkə kimdir?

– Siyasətin akulası, balinası mənəm. Kilkələr də Qəmbərov İsa və Kərimov Əlidir. Onları həmişə “semiçka” kimi çırtdamışam, bu gün də çırtdayıram…

– Bu cür çıxışınıza görə necə mühafizə olunursunuz?

– Müəyyən məlumatlar çatır ki hər dəqiqə məni öldürmək istəyirlər. Mənim mühafizəm güclüdür…

***
Tərbiyə nütfədən, toxumdan başlayır. İnsanın nütfəsi halaldan olmalıdır. Tərbiyə bətndə davam edir. Ananın südü halaldan olmalıdır. Tərbiyə ömür boyu dəyişir. Onu halallıqla qorumaq olar.


4474 dəfə baxılıb
در حال ارسال اطلاعات...