Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

Aşura məktəbinə bir baxış

Müsəlman ümmətin tarixdə qarşısına çıxan eniş-yoxuşların araşdırılması, hadisələrin səbəblərinin tapılması, problem yaradan amillərin müəyyənləşdirilməsi gələcəyimizi işıqlandıra bilər. Bu iş cəmiyyətimizi tanımaqda və onunla rəftarda bizə kömək olar.

Tarixi hadisələrə və Peyğəmbərin (s) vəfatından sonra baş verənlərə dərindən baxış Ayətullah Xameneinin söhbətlərində əsas xətdir. Cənab Rəhbər ötən bir neçə ildə Aşura ibrətləri adı altında İslam cəmiyyətində alimlərin və xalqın vəzifələrindən danışmış, son bəyanatlarından birində düşmənin ideoloji, informasiya müharibəsinə diqqətin əhəmiyyətini vurğulamışdır. Rəhbər dünya imperializminin yer üzünə yayılmaqda olan islami təfəkkürə qarşı yeni mübarizə üsullarını açıqlamışdır. Bu fəaliyyətlər vilayəti-fəqihin hazırda əvvəlkindən də artıq əhəmiyyət daşıdığını göstərir.

Bu məqalədə cənab Rəhbərin İslamın başlanğıcındakı hadisələri təhlili nəzərdən keçirilir.

Cəmiyyyət "xas" və "avam" olmaqla iki qrupa bölünür. "Xas" dedikdə o insanlar nəzərdə tutulur ki, addım atanda yol seçirlər, düşünürlər, mövqe tuturlar. Mövzunu başa düşüb qərar çıxarır və əməl edirlər. "Avam" dedikdə isə o insanlar nəzərdə tutulur ki, şərait hara çəkirsə həmin tərəfə gedirlər. Əgər cəmiyyətdən "yaşasın" nidası qalxırsa bu insan da həmin sözü təkrarlayır. Şərait dəyişdikcə bu insanlar da dəyişir. Bütün cəmiyyətlərdə müxtəlif adlar altında bu iki qrup mövcuddur. "Xas" dediyimiz qrup özü də iki hissəyə bölünür. Haqq cəbhədə dayananlar və batil cəbhədə dayananlar. Bir qrup düşüncə əhli haqq cəbhəsinə, o biri qrup düşüncə əhli batil cəbhəsinə işləyir. Hərə öz baxışı əsasında yol seçib. İslamın başlanğıc dövrünə qayıtsaq deyə bilərik ki, bir qrup Əmirəlmöminin (ə) və imam Hüseynin (ə) səhabələridir. Bir qrup da Müaviyənin, Bəni-Üməyyənin tərəfində dayanır. Bəni-Üməyyə tərəfdaları arasında da düşünənlər, fərasətli insanlar var. Onlar da xas qrupundandır. Batilə tərəfdar olan xasdan nə gözləyirsiniz? Təbii ki, onların işi haqq cəbhəsinə qarşı plan cızmaqdır. Demək onlarla vuruşmalıyıq. Batilə tərəfdar olan xasla vuruşmaq lazımdır və buna şübhə yoxdur. (Cənab Rəhbərin bəyanatı).

Cənab Rəhbərin bəyanatına diqqət yetirdikdə aydın olur ki, xas qrupuna dərin düşüncəli, bəsirətli insanlar daxildir. Avamların isə təhlil qabiliyyəti yoxdur, nəzər sahiblərinin arxasınca gedirlər.

Xas dediyimiz qrup arasında həm savadlılar, həm də savadsızlar var. Bəzən savadsız adam da bu qrupdan sayıla bilər. O nə iş gördüyünü, nə qərar çıxardığını, nə addım atdığını başa düşür. Sadəcə dərs oxumayıb, məktəbə getməyib. Təhsil haqqında sənədi yoxdur, ruhani libası geymir. Amma şəraiti başa düşür. Xas deyəndə xüsusi libası olan qrup nəzərdə tutulmur. Bir qadın da bu qrupdan ola bilər. Təhsil alıb-almaması şərt deyil. İnsanın maddi durumunun da buna təsiri yoxdur. (Cənab Rəhbərin bəyanatı).

Xas qrupuna daxil olan insanların səciyyəvi xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri bəsirətdir.

Xas o kəslərdir ki, bir iş görəndə mövqe tuturlar, yol seçirlər, düşünürlər, təhlil edirlər. (Cənab Rəhbərin bəyanatı).

Xasdan olan insan öz mövqeyini dərhal himayə edir. Bəzi cəmiyyətlərdə elə bir vəziyyət yaranıb ki, haqqı batildən seçmək çətin olub. Heç bir qrup iddia edə bilməz ki, yüz faiz haqlıdır. Belə şəraitdə fitnə yaranır. Bəzən də haqq aydın olduğu halda düşmən din pərdəsi altında fəzanı bulaşdırır, insanlarda şübhə yaradır. Belə vəziyyətdə ən düzgün yol haqq meyarlar tanıtdırmaqdır. İnsan haqq meyarları tanıdıqda haqq insanları da tanıyır. Haqq meyarları haqq əhlini dəyərləndirmək üçün ölçü vasitəsidir. Haqla batil aydın olmayanda xasdan olan insanlar meydana çıxıb haqqı bəyan etməli və batilə qarşı çıxmalıdır. Dünyəvi meyarlar, dünya əhlinin baxışları onların mövqeyini dəyişməməlidir. Haqqın himayəsi vaxtında olmalıdır. Bu işdə yubanmaq olmaz. Bu iş yubanarsa artıq himayə təsirsiz ola bilər.

Cənab Rəhbər öz geniş təhlilində Aşura hadisəsi ilə bağlı bu nöqtəyə işarə etdi ki, əgər kufəlilər Müslimə vaxtında yardım etsəydilər sonrakı acı hadisələr baş verməzdi. Əgər Şəbəs ibn Rəbi ibn Ziyad yox Allahdan qorxsaydı tarix başqa cür yazılardı. Təbii ki bu hadisədə avamlar dağılışdılar. Sual yaradan budur ki, nə üçün Müslimin ətrafındakı möminlər onu tək buraxdı? Onların arasında bəziləri sonradan Kərbəlada şəhid oldu. Amma əvvəlcə səhvə yol vermişdilər. Kərbəlada şəhid olanlar öz səhvini kəffarəsini verdi. Onlar haqqında danışmırıq. Amma xasdan olub Kərbəlaya getməyənlər sonradan Təvvabin bayrağı altında meydana çıxmağa məcbur oldular. Bu isə faydasız idi. İmam Hüseyn (ə) şəhid olandan, Peyğəmbər övladları qətlə yetiriləndən sonra etirazlar fayda verə bilməzdi. Baxsaq görərik ki, Təvvabinin sayı Kərbəla şəhidlərindən qat-qat çoxdur. Kərbəla şəhidləri bir gündə Allaha qovuşdular. Təvvabin də bir gündə öldürüldü. Amma onların adı tarixə

yazılmadı. Onların təsiri Kərbəla şəhidlərinin təsirinin mindən biri də deyildi. Çünki vaxtında ayağa qalxmadılar. (Cənab Rəhbərin bəyanatı).

Demək zamanı tanımaq, vaxtında addım atmaq mömin xas qrupun səciyyəsidir. Bəzi insanların və qrupların problemi budur ki, imanlı olduğu halda işi vaxtında görmürlər. Bundan ötrü ehtiyacı tanımaq lazımdır. Kufədə qəlbi imanla dolu olanlar neçə ay yubanıb, sonradan şəhadətə çatdılar. Onlar Aşuranı, zamanı tanımadılar. Əgər təvvabin Aşuradan sonra gördüyü işi Kufədə Müslim olan vaxt görsəydi, vəziyyət dəyişərdi. Zamanı tanımaq, ehtiyacı tanımaq çox mühümdür. Mömin faydalı olmaq üçün bu xüsusiyyətlərə malik olmalıdır. (Cənab Rəhbərin bəyanatı).

Haqq yolda mübarizə xas qrupun xüsusiyyətidir. Bu qrup mübarizə yolunda malını, canını, şəxsiyyətini fəda edir. Onlar öz isarlarına görə Allahın lütfünə qovuşmuşlar.

İslamın eniş-yoxuşlu tarixinin mütaliəsi həm xas, həm də avam üçün ibrətdir. Biz elə şəxsiyyətlər tanıyırıq ki bir dövr müvəffəq olduqları halda haqqa yardım əli uzada bilməyiblər. Necə olub ki, onlar haqqı tanıdıqları halda addım ata bilməyiblər? Təlhə, Zübeyr, Abdullah ibn Ömər kimi şəxslər nə üçün əməldə səhvə yol verdilər? Kufə başçıları Müslimə beyət etdikləri halda onu meydanda tək buraxdılar.

Haqq mövqedən uzaqlaşmanın səbəbləri var. Bu səbəblərdən biri dünyapərəstlikdir. Dünyapərəstlik insanı batil yola çəkən əsas amildir. İmam Hüseyn (ə) Kərbəlada oxuduğu xütbədə buyurdu ki, insanlar dünyanın bəndələridir, din onların ağzında bir sözdür. Böyük Rəhbər buyurur: "Haqq tərəfdarı olan xas yalnız dünya mənafelərini nəzərə alanda, həyatlarını itirməkdən qorxanda batil hakimiyyətin qəbuluna hazır olurlar. Haqq tərəfində dayanıb canlarını təhlükəyə atmırlar. Bu zaman İslam dünyasında İmam Hüseynin (ə) şəhadəti kimi faciələr baş verir." (Cənab Rəhbərin bəyanatı).

Tarix boyu xas qrupu özünü müxtəlif şəkillərdə göstərib. Onlar haqqı tanıdıqları halda bəzən dünyapərəstlik səbəbindən batilə xidmət ediblər. Ömər Səd Rey mülkünə xatir, Şərih Qazi pul və mala görə, Əmr As Misir taxtı üçün Müaviyəyə qoşuldular.

İnsanı batilə tərəf çəkən səbəblərdən biri də təkəbbür, eqoistlikdir. Bəziləri dinə xidmətdə də özünü göstərmək məqsədi güdür. Əslində isə mömin təmənnasız olmalıdır.

İnsanı haqq yoldan yayındıran səbəblərdən biri də ailə və qohumlara tabeçilikdir. Bəziləri İmam qoşulmamalarının səbəbi kimi ailə və tayfanı göstərirdi. Tanınmış şəxslərdən biri bunu bəhanə göstərib, İmama öz atını təklif etdi. Həzrət buyurdu ki, bizim sənin atına ehtiyacımız yoxdur!

Əslində isə Allah sevgisi bütün başqa sevgilərin üzərinə kölgə salmalıdır. Mücadilə surəsinin 22-ci ayəsində oxuyuruq: "(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır."

Tarixin acılı-şirinli hadisələrini araşdırmaq, bu işi gələcək üçün güzgü kimi istifadə etmək ibrətamizdir. Tarixə daimi cərəyan kimi baxmalıyıq. Bu axında gələcək nəsillər üçün ibrətamiz hadisələr var. Quran da tarixdən danışanda tarixə hakim qanunları tanıtdırmaq və insanlara yol göstərmək istəyir.

Aşura bir dərs olmaqla yanaşı ibrət səhnəsidir. İnsan bu səhnəyə baxmalı, ibrət götürməlidir. İbrət götürmək nədir? Yəni özünü o zamanla müqayisə edir, düşdüyün vəziyyəti dəyərləndirirsən. Təhlükəli məqamları proqnozlaşdırırsan. Buna ibrət deyillər. Məsələn, yoldan keçəndə qəzaya uğrayıb əzilmiş avtomobil görəndə bu səhnəyə baxıb düşünürsünüz. Burada bir ibrət var. Bu hadisə insana deyir ki sürətə nəzarət etməli, diqqətli olmalısan. Bu da bir növ ibrətdir. (Cənab Rəhbərin bəyanatı).

Götürəcəyimiz ilk ibrət budur ki, nə üçün Peyğəmbərin (s) vəfatından 50 il sonra cəmiyyət belə bir vəziyyətə düşdü, İmam Hüseyn (ə) cəmiyyəti oyatmaq üçün canından keçməli oldu? İmam Hüseyn (ə) İslamın mərkəzində, Mədinə və Məkkədə vəziyyəti dəyişmək üçün başqa yol görmədi. İmam Hüseyn (ə) hiss etdi ki, İslamın yalnız fədakarlıqla yaşatmaq olar. Necə oldu ki, Yezid kimi bir əyyaş İslam cəmiyyətinə hakim oldu? Yezidi hakimiyyətə gətirən ictimai bəlanı tanımalıyıq. Həzrət Əlinin (ə) şəhadətindən 20 il sonra həmin şəhərdə onun oğlunun başını nizəyə keçirdilər. Bu cəmiyyətə nə olmuşdu? Müsəlmanların xəlifəsinin oğluna onun atasının xəlifə olduğu şəhərdə zülm edildi. Kimsənin səsi çıxmadı. Cavab budur ki, Peyğəmbər və Əli (ə) cəmiyyətini bir neçə on ilə əvvəlki vəziyyətinə qaytara biləcək bir xəstəlik var. Bu çox qorxulu xəstəlikdir, biz

onu tanımalıyıq. Böyük İmam (r) özünü peyğəmbərin şagirdlərinin şagirdi sayırdı. Bununla iftixar edirdi. Peyğəmbər cəmiyyətinə gələn bəla bizim də cəmiyyəti hədələyir. Çox diqqətli olmalıyıq ki, bu xəstəliyə tutulmayaq. Quran sualı cavablandırır. Məryəm surəsinin 59-cu ayəsində buyurulur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)." Demək cəmiyyəti azdıran iki amil var: Allah zikri və mənəviyyatdan uzaqlıq, şəhvət və dünya malı ardınca qaçmaq. (Cənab Rəhbərin bəyanatı).

Cənab Rəhbərin tövsiyələrinə əməl etmək, Quranın qırılmaz ipinə sarılmaq, Əhli-beytə bağlanmaq İslam İnqilabı yolunun davamında zəmanətçi ola bilər.


3931 dəfə baxılıb
در حال ارسال اطلاعات...