Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Sevir ya sevmir?

Çox təəssüf! Çox təəssüf ki, əksər seçimlərimiz ağıl və məntiq yox, eşq və nifrət üzərində qurulub. Çox təəssüf ki, düşüncə yox, hisslərimizə əsir olmuşuq.

Qıza elçi gəlir. Oğlanın əsil-nəcabəti, ağıl və ədəbi, görkəm və sağlamlığı, malı-pulu kimi meyarlar var. Bəziləri iddia edir ki, var-dövlət mühüm deyil, çünki elə toy gününün səhəri bəy müflisləşə bilər, bir həsir olar, bir də məmmədnəsir. Buna qalsa onda ağıl da mühüm deyil – deyə bilərik. Çünki insan bir anda ağlını itirə bilər. Məntiqi baxımdan aydın olur ki, bir imtiyazın, xüsusiyyətin daimi olmamasını əsas götürmək düzgün deyil. Əsil-nəsil də, ad da ləkələnə bilər. Bu gün el arasında təmizliyi ilə tanınmış bir nəsli bir gənc hörmətdən salar. Çox hörmətli nəsil vardı, evləri ocaq idi. Amma bir gün məlum oldu ki, övladları narkotikaya qurşanıb. Demək, əsil-nəsil təmizliyi də daimi deyil. Demək istəmədim ki, gözünü yum, qızı kimə gəldi ver, yox. Məqsədim bu oldu ki, nəzərdə tutulan keyfiyyətlər əhəmiyyətinə görə təsnif olunmalı, sıralanmalıdır. Ağıl nə deyir? Elçi daşında oturmuş gəncin öncə ağlı olmalıdır. İki insanın ağlı eyni deyil. Ağılsızlığın bir həddi də dəlilikdir. İslama görə dəli ilə heç bir müamilə, alış-veriş, o cümlədən dəliyə qız vermək düzgün deyil. Ay qızına elçi gələn! Gələn adamın ağlı pulu qədər maraqlıdırmı sənin üçün? Gələn adamın ağlına qız verirsən, yoxsa nəslinə, ad-sanına?

Bazara çıxırıq maşın almağa. Bizi maraqlandıran qiymətdir, görkəmdir, rəngdir, istehsal ilidir. Dostlardan birinə neçə dəfə çevrilmiş, tam yenidən yığılıb rənglənmiş maşını bakirə adına satmışdılar. Altı ayın maşını idi. Görkəminə, ilinə, bir az aşağı qiymətinə aldandı. Ağıl işləmədi, hisslər hökm verdi. Ağıla qulaq asan olsaydı, ağıl deyərdi ki, maşın zavoddan çıxan gün əzilib düzələ bilər. Ağıl deyərdi ki, mütəxəssis kimi yanında apardığın adamın vicdanı da təmiz olmalıdır. Bəzi fırıldaqçılar işi elə düzür-qoşur ki, mütəxəssis də onun havasına oynayır.

Bu seçimlər həyatın bütün sahələrində qapımızı döyür. Nəhayət gəlib çıxırıq başçı seçiminə. İslama görə başçını mərifət əhli seçməlidir. Bir xəstəxanaya baş həkim seçiləndə onu xəstələr yox, həkimlər seçir. Əgər yuxarıdan təyin olunursa bu da iki növ ola bilər. Məsələn nazirlik səviyyəsində qanuni təyinat, ya da diktatura, "padşah belə istəyir" meyarı. İndi xalqa başçı təyininə baxaq. Xalq namizədliyi irəli sürülmüş A və ya B-ni hansı həddə tanıyır? Ümumiyyətlə, tanıya bilərmi? Bəli, İslama görə başçıda iman (vicdan), çalışqanlıq və məharət olmalıdır. Bu xüsusiyyətləri xalq, sadə insanlar dəyərləndirə bilməz. Təəssüf ki, konstitusiyanı İslam qanunları əsasında qəbul etmiş ölkələr də başçını seçməyi xalqın ixtiyarına buraxıb. Xalqa üç-beş manat verib səsini alırlar. Bir xəstəxanaya baş həkim seçməkdə aciz fərdlər bütöv bir məmləkətə başçı seçir! Bunu qərbin təzyiqləri altənda qəbul edirlər.

A və B-nin namizədliyi irəli sürülür. Səs verən adam bu işdə o qədər məsuliyyətsizlik göstərir ki, bazarda kartof alanda daha diqqətlə seçdiyini deyə bilərik. Qız alanda heç olmaya ata-anasına, keçmişinə, bacarığına baxırlar. Qız verəndə də havaya vermirlər. Amma başçıya səs verəndə yalnız əl işləyir. Quşla, imzala, at yeşiyə!

Xalqın xoşbəxtlıyində başçının kimliyi birinci yerdə gəlir. Başçı Allah deyən, yəni haqq adam olsa, qanunlar işləyir. Qanunlar işləyəndə həyatın bütün sahələrində yüngüllük yaranır. Uğurlu nikah da, yaxşı maşın almaq da asanlaşır. Şünki qanuna nəzarət edən var. Neçə ilin qəzalı arvadını qız, maşınını "0" yerinə sırıyanın atasını

yandırırlar. Başçı millətin qarnını zir-zibillə doyurmur. Yol vermir ki, qadın fahişəliklə, kişi araq satmaqla yaşasın, bazar saxta və əskik satmaqla dolansın. Həqiqi başçı təyinedici amildir.

Seçimlərimiz ayı seçimi olub. Romaşka dərib bir-bir ləçəklərini qoparırıq. Son ləçək kimin adına düşsə, ona da səs veririk.


7051 dəfə baxılıb
در حال ارسال اطلاعات...