
Çatışmamazlıqların səbəbi eşqin yoxluğudur, eşq olsa mümkünsüz hər bir iş mümkün olar.
Mömin hamıdan çox Allahı sevir, Allaha eşq insanı bəlalar, hadisələr, etiraf və şikayətlər zamanı dözümlü edir. Əgər eşq olmasaydı peyğəmbərlər və ilahi övliyalar sıxıntılara, təzyiqlərə dözə bilməzdilər.
Əgər eşq olsa, insan məşuqun zikri və itaətindən başqa bir şeyə can atmaz; çünki aşiq məşuqdan sevgidən başqa bir şey istəmir; əgər məhəbbət olsa, dünya və axirət xeyiri hasil olar. Odur ki, sevgi olmadan həqiqi eşq və ürfani kamillik yaranmaz.
İnsan təbiəti kamilliklərin əzəməti və haqqın heyrətləndirici ucalığı qarşısında olduqca müti, təvazökardır. Nəfs özünü mütləq və məğlubedilməz qüdrətin əzəməti qarşısında gödükdə, öz varlığının davamlılığını ona qovuşmaqda və daha üstün mərtəbədə isə onda fəna olmaqda, onun vücudunda məhv olmaqda görür. Bu yolla özünü ona oxşatmaq istəyir. Tarix boyu yanlış təqlidlərin və xudbinliklərin kökü mütləq üstünlüyə can atmaqda olub. Əgər güc və kamilliyin nümunəsi məcazi, saxta və fani olarsa, onun qarşısında əyilmək, ona tabe olmaq müvəqqəti olacaq və bunun nəticəsi məhdudiyyət və süqut olacaq.
Tarix buna şahiddir ki, bir qrup insanlar zalımlara təslim olub, bütün varlıqlarını, şəxsiyyətlərini mal və namuslarını onlara satıblar. Və onların zalımlar qarşısında bu yalançı təvazökarlıqları, özlərini kiçiltmələri batilin qabarmasına və haqqın zəifləməsinə səbəb olub. Lakin uca Allah heç zaman batilə əbədilik fürsəti verməyib və batil haradasa süqut etməlidir.
Əbu Səbah Sənani deyir: İmam Sadiqin (ə) xidmətində idim, bir qoca kişi imamın yanına daxil olub dedi: Ey Əba Əbdullah! Mən övladlarımın və qardaşlarımın bu qoca yaşımda mənə zülmündən sənə şikayət edirəm.
Həzrət Sadiq (ə) ona buyurdu:
Ey qoca! Haqqın üz dövləti, batilin də öz dövləti var. Batilin dövlətində möminə dəyən ən kiçik ziyan onun övladlarından əziyyət çəkməsi və qardaşlarından zülm görməsidir. Batilin dövləti zamanı rahatlıq içində olan heç bir mömin olmaz, istisna hal budur ki, həmin şəxs ölümündən öncə öz cismində, övladlarında və yaxud malında nöqsanlıq görər ki, Allah bu vasitə ilə onu batilin hakimiyyəti dövründə əldə etdiklərindən xilas edər və haqqın dövlətində ona nemətlərindən verər. Odur ki, səbr et və sənə müjdələr. ( “Əl-kafi”, 2-447, 12-ci hədis; “Biharul-ənvar”, 52-365, 27-fəsil, 143-cü hədis)
Əgər kamil, əbədi və həqiqi güc sahibi olan nümunə olsa və insan onun xeyir və ziyanının, izzət və zillətin, yoxsulluq və sərvətin, ölüm və həyatın həmin mütləq güc sahibinin əlində olduğunu bilsə, bu halda mütləq haqq qarşısında çarəsizliyini etiraf edər və əməldə də həmin əbədi kamillik, sonsuz kamillik və güc mənbəyinə əl atar. Pak imamların dua və minacatlarda etirafları, səhvlərini etiraf etməsi insanlara bəndəliyi öyrətmək səbəbindəndir. Odur ki, onların istənilən bir növ qəm -qüssə bildirmələri və yaxud şikayət etmələri onların fiziki ehtiyaclarından doğmur, əksinə Allah ilə raz-niyaz etmək üçün bir vasitə olur. Elə bu səbəbdən Seyyidüs-sacidin öz minacatında buyurur: “ İlahi, qüssəm çoxalıb, sümüklərim nazilib, bədənim çürüyür, günahlar üstümə yüklənib. Ey mövlam, yoxsulluğumdan, ehtiyacımdan, süstlüyümdən, çarəsizliyimdən sənə şikayət edirəm.”
Məsum imam dost dərgahında özünü hər nə qədər kiçiltsə bu onun cənab haqqın sifətlərini tanımaqdakı yüksək biliyinə və dərin idrakına dəlildir.
Bu kimi dua və arifanə minacatların tərbiyəvi təsiri o qədər güclüdür ki, Həzrət Səccad (ə) öz atasının şəhadətindən sonra bu vasitə ilə Əməvilərin batil hakimiyyətini dağıtdı.
Əzab-əziyyətlərə dözməklə düşməni məhv etmək
Həzrət Səccadın (ə) düşməni məhv etməkdəki kəramətlərindən biri budur:
İbn Şəhab Zohri deyir:
İmam Səccadı (ə) Əbdul-Məlik ibn Mərvanın göstərişi ilə zəncirləyib bir dəstə məmurun nəzarəti altında sürgün üçün Şama apardıqda, mən dövlət məmurlarından imamla vidalaşmaq üçün icazə istədim. Elə ki, həzrətin yanına daxil oldum, həzrətin əl-qolunun zəncirləndiyini gördüm, ağlamağa başladım və dedim. Ey kaş bu zəncirlər mənim boynuma bağlanaydı və siz azad, sağlam və rahat olardınız.
İmam (ə) buyurdu:
Ey Zuhri! Nigaran olma, istəsəm bu zəncirlərdən qurtularam, lakin bunlar qiyamətin ilahi əzabını mənə xatırlatdığı üçün onları istəyirəm və siz də hər zaman belə bir hadisə ilə rastlaşsanız, ilahi əzabı yada salın və ona görə nigaran olun.
Daha sonra buyurdu: Bu vəziyyət Mədinəyə iki mənzil qalanadək davam edəcək.
Zuhri deyir: Mən imamla vidalaşdım, 4 gün sonra dövlət məmurlarının və o həzrətin üzərinə nəzarətçi təyin edilmiş şəxslərin gic bir halda, iztirabla Mədinəyə qayıdıb, imamı axtardıqlarını gördüm.
İşin səbəbini soruşduqda dedilər: Mədinəyə iki mənzil qaldıqda hava qaraldı. Biz o həzrəti əl qolu zəncirlənmiş halda bir xeymədə yerləşdirdik. Sübh olduqda həzrətin xeyməsinə daxil olduq və gördüklərimizdən donub qaldıq. Zəncirlər yerdə idi lakin həzrət yox idi. İndiyədək onu tapa bilməmişik.
Zuhri deyir: Həmin hadisədən sonra Şama getdim, Əbdul-Məlik Mərvanı gördüm və o məndən baş verənləri soruşdu, mən görüb, eşitdiklərimi ona danışdım, Əbdul-Məlik dəlicəsinə mənə dedi: And olsun Allaha! Mühafizəçilərin Əbul-həsəni axtardığı vaxt, o mənim yanıma gəlib, buyurdu: Nə üçün mənə belə edirsən? Mənim sənlə, sənin mənlə nə işin? Dedim: İstəyirəm mənim yanımda olasan.
Həzrət buyurdu: Lakin mən istəmirəm sənin yanında olam. Bunu deyib getdi. And olsun Allaha o, o qədər əzəmətli və heybətli idi ki, mən libasımı buladım. (“Biharul-ənvar”, 46-123, 8-ci fəsil, 15-ci hədis; “Kəşful-ğummə”, 2-76)
tərc: M.Əhməd