Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2012

Dua

Biz qərblilərin gözündə ağılın məqamı eşqdən çox üstündür. Biz düşüncə qüvvəsini “mükaşifə” və hisslərdən üstün bilirik. Elm parlayır, din isə sönmək üzrədir. Biz Dekarta ardıcıllıq edirik lakin Paskalı tərk etmişik. Biz öz zehnimizin güclənməsinə, inkişafına çalışırıq, lakin ruhun mənəvi inkişafı üçün (məsələn əxlaqi hisslərin, gözəllik hisslərinin, xüsusi ilə ürfani hisslərin) çalışmırıq.

Bu dərin duyğuların, hisslərin zəifliyi modern insanın bəsirət gözünü kor edib. Belə bir nöqsan onun cəmiyyətin quruluşunda layiqli ünsür olmasına imkan vermir.

Bu çox xoşa gəlməz bir haldır, mədəniyyətimizdən tamamı ilə kökü kəsilməlidir.

Mənəviyyat, xoşbəxtlik və müvəffəqiyyət üçün özünü düşüncə, ağıl qədər təsirili göstərir.

Fitrətin və şəxsiyyətin təkamülündə ağıl qüvvəsindən dəfələrlə təsirli olan mənəvi qüvvələri yenidən diriltmək, canlandırmaq olduqca zəruridir.

Bütün bu mənəvi qüvvələr arasında daha çox ürfani və dini hisslərin üzərini toz basıb.

Ürfani hisslər adətən dua zamanı zahir olur. Duanın ruhi bir məsələ olması olduqca aydındır. Ruh aləmi maddi elmlər və fənlər üçün əlçatmazdır, bu halda dua barəsində qəti və təcrübi idrak necə əldə etmək olar?

Xoşbəxtlikdən elm maddə aləmində olanları əhatə edir və fiziologiya vasitəsi ilə ruhun təzahürlərini də bu əhatəyə daxil etmək olar. Odur ki, dua edən insanı məntiqi şəkildə araşdırmaqla dua hadisəsinin, fenomeninin nəyə əsaslandığını, hansı yolla gerçəkləşdiyini və hansı təsirləri olduğunu öyrənə bilərik.

Belə görünür ki, dua ruhun dünyanın qeyri-maddi hissəsinə doğru yönəlməsidir. Adi mənasında dua yalvarış, ah-nalə, kömək istəmək, bəzən isə işıqlı və daxilən aram, davamlı, bütün maddiyyat iqlimindən uzaq bir mükaşifə, ruhi kəşf, ruhun yüksəlişindən, ilhamdan ibarətdir. Başqa sözlə desək, dua ruhun Allaha doğru uçuşu, yaxud həyat möcüzəsinin qaynaqlandığı varlıq qarşısında aşiqanə pərəstişdir. Dua insanın həmin gözə görünməz varlıq ilə, bütün varlığın yaradıcısı, tam əql, mütləq güc, mütləq xeyir, hər birimizin xilaskarı olan ilə rabitədə olmaq üçün səylərinin göstəricisidir. Duanın həqiqəti yanğılı, ürfani bir halı canlandırır ki, bu halda qəlb Allaha doğru cəzb olur.

Bu hal ağılın təbiətindən qaynaqlanmır və bu səbəbdən o yerə kimi ki, dərk olunmazdır, flosoflar və əqli dəlillərlə həyata baxanlar tərəfindən qəbul olunmaz qalır.

Gözəllik və eşq dərslərdə öyrədilmir. Gözəllik və eşqin öyrənilməsi üçün dərsə ehtiyac yoxdur. Düşüncədən uzaq saf qəlblilər Allahı günəşin istisi, yaxud bir gülün ətri kimi təbii olaraq hiss edirlər. Lakin sevməyin nə olduğunu bilənə çox asan yaxaınlaşan Allah düşünməkdən başqa bir şey bilməyənlərin gözündən gizlənir.

Düşüncə duanın qalxdığı zirvəyə yüksələ bilmir.

Necə dua etməli?

Biz dua etməyi Saint Palun dövründən Saint Benoitədək məsihi zahidlərdən və 20 əsr boyu qərb millətlərini dini həyatla tanış edən tanınmamış təlbiğatçılardan öyrənmişik. Əflatunun Allahı öz əzəmətli qülləsində dərk olunmaz idi. Epiktetin Allahı (Epitiktet miladi 1-ci əsrdə yaşamış filosof) əşyaların ruhu ilə səhv salınırdı. Yəhvə müstəbid, mütləq şərqli sultan idi, qəlblərdə eşq yox, qorxu yaradırdı. Lakin məsihiyyət Allahı insanların düşünə biləcəyi həddə tanıtdırır, Allaha surət verir və ondan bizim atamız, qardaşımız və xilaskarımız surətini düzəldir.

Allaha çatmaq üçün çətin nəzakət qaydalarına, candan keçməyə, qan verməyə ehtiyac yoxdur, dua bu iş üçün asan və sadədir.

Dua üçün yalnız Allaha doğru cəzb olunmağa çalışmaq lazımdır. Bu çalışmaq zehində, düşüncədə yox, qəlbdə olmalıdır; Məsələn Allahın dərinliklərinə varmaq dua hesab olunmur, lakin bu dərinliklərə varmaq, dərin düşünmək eşq və imanla yanaşı olduqda dua hesab olunur. Lasalın metodunda dua düşüncə ilə başlanır, sürətlə ruhi, mənəvi, ilhamverici bir hala çevrilir.

Dua hər necə olursa olsun, uzun yaxud qısa, xarici, yaxud daxili ("xarici" "vokal" sözünün tərcüməsidir, bu sözün mənası səslə, yaxud dillə olandır; "daxili" isə "mental" sözünün tərcüməsidir, bu sözün mənası fikri, zehni və ruhi deməkdir) uşağın öz atası ilə söhbəti kimi olmalıdır: Özünü olduğu kimi göstərməlidir. Ömrünün 30 ilini çarəsizlərə xidmətə həsr etmiş bir məsihi qadın, rahibə belə deyir: Bütün varlıqları ilə, vücudları ilə istədikləri kimi dua edirlər.

Lakin duanın forması Allahı azca yad etməkdən, ruhunun seyrinədək, bir kəndlinin sadə sözlərindən, böyük bir kilsənin eyvanlarında səslənən əzəmətli dini sürudadək dəyişir. Duanın təsirli olmasında nəzakət qaydalarına riayət etmək və əzəmət zəruri deyil. Çox az şəxslər duada nəzakət qaydalarını lazımlı biliblər. Duanın qəbul olunması üçün "fəsahətə", ədəbi gözəlliyə ehtiyac yoxdur. (Lakin "fəsahət"in dua edən şəxsin ruhuna təsir qoymasını və duanın qəbul olması üçün lazım olan halın yaranmasında təsirli olmasını unutmamaq lazımdır. Bəlkə də islami duaların mətnlərində fəsahətə göstərilən diqqətin səbəbi budur. Farscaya çevirən mütərcimdən, Ə.Ş.) Duanın dəyəri duanın faydaları ilə ölçüldüyü üçün bizim ah-naləmizi və sitayişimizi, həmd-sənamızı bəyan edən ən sadə kəlmələr də ən gözəl yalvarışlar və dualar kimi Allah dərgahında qəbul olunmuş görünür. Əməl ilə də həmd edilir. “Vəzifəni yerinə yetirmək dua

kimidir. Şübhəsiz Allahla əlaqə saxlamağın ən gözəl yolu onun istəklərini kamil şəkildə yerinə yetirməkdir.”

Allahın istəklərini yerinə yetirmək həyat qanunlarına tabe olmaqdan ibarətdir; Bədənimizdə, qanımızda və ruhumuzda yazılmış qanunlar!

Böyük bir bulud kimi yerdən Allaha doğru qalxan dualar dua edənlərin şəxsiyyətinin müxtəlifliyi kimi bir-birləri ilə fərqlidirlər, lakin bu duaların hamısı iki əsas üzərindədir: Yoxsulluq və eşq!

Öz ehtiyaclarımızın ödənməsi üçün Allahdan kömək istəməyimiz çox doğrudur, lakin eyni zamanda ondan həvəslərimizi gerçəkləşdirməsini, yaxud çalışmaqla əldə olunası şeyləri dua vasitəsi ilə əta etməsini istəməyimiz ağıla uyğun deyil.

İstək əgər davamlı, israrla olsa və bir növ hücum formasını alsa qəbul olacaq.

Yol kənarında bir kor oturmuşdu, sakitlik yaratmaq istəyənlərin əksinə olaraq bütün gücü ilə icindən fəryad çəkirdi. Oradan keçən İsa dedi: İmanın sənə şəfa verdi.

Dua öz ali mərhələsində istəmək və mövcud halı, vəziyyəti bildirməkdən daha üstün səviyyədə olur. İnsan varlığın yaradanı qarşısında Onu sevdiyini, nemətlərinə təşəkkür etdiyini və Onun istəklərini hər nə olursa olsun yerinə yetirməyə hazır olduğunu göstərir.

Bu halda dua bir ruhi səfər, seyr və daxili, mənəvi kəşf, mükaşifə formasını alır.

Sakit bir kilisənin sonuncu skamyasında qoca bir kəndli oturmuşdu.

Ondan soruşdular: Siz nəyi gözləyirsiniz?

Dedi: Mən ona baxıram və O mənə baxır.

Hər bir fənnin dəyəri onun nəticələrindən aslıdır. Dua üçün istənilən bir üsul insanı Allahla rastlaşdırırsa, bəyənilir.

Harada və nə vaxt dua etmək lazımdır?

Küçədə, avtomobildə, qatarda, idarədə, məktəbdə və iş yerində dua etmək olar. Lakin insanların otaqlarda, dağlıqlarda, meşələrdə yaxud öz otaqlarının sakit bir guşəsində dua etmələri daha yaxşıdır. Həmçinin ibadətgahlarda (məscidlər, kilisələr) xüsusi mərasimlərdə yerinə yetirilməli olan ibadətlər də var. Amma dua harada olursa olsun, Allah insanla yalnız o zaman danışır ki, onun daxilinə aramlıq hakim olsun. Daxili aramlıq üzvi, maddi haldan və yaşadığımız mühitdən aslıdır.

Bugünkü cəmiyyətin izdihamında, hay-küyündə bədən və ruh aramlğına çatmaq çətin bir işdir. Bugün dua üçün xüsusi bir məkana ehtiyaclıyıq. İbadətgahlar (məscidlər, kilisələr) şəhər sakinləri üçün ən yaxşı məkandır. Şəhərin səs-küyünün, izdihamının içində belə bir xeyir, sülh məkanlarının tikilməsi nə çox baha başa gəlir, nə də çətindir.

Bu sığınacaqların sükutunda insan, düşüncəsi Allaha doğru qalxdığı halda üzvlərini aramlaşdırıb, ruhunu yüngülləşdirib, təyinetmə və seçim qüvvəsini təmizləyə bilər; yeni mədəniyyətin onun üzərinə qoyduğu çətin həyatın ağır yükünü daşımaq üçün qüvvə əldə edə bilər.

Dua insanın əxlaqi sifətlərinə, xüsusiyyətlərinə təsir edir, bu cəhətdən gərək dua davamlı şəkildə olsun.

Epiktek deyirdi: “Nəfəs aldığından daha çox Allahı düşün.”

Səhər dua edib, günün qalan hissəsini bir vəhşi kimi keçirmək əbəsdir.

Zehindən keçən qısa düşüncə və yaxud insanın fikrindən ötən gizli bir istək insanı Allahla qarşılaşdıra bilər, bu halda hər bir yolu tapmaq üçün duadan ilham almaq olar.

Odur ki, dua özü bir həyat tərzidir. Dua əgər münasib şəraitdə yerinə yetirilsə, nəticəsiz olmayacaqdır. Ralf Valdo Emerson yazır: “Hər kəs hər vaxt dua edibsə, nəsə əldə edib.”

Müasir əsrin insanları duaya tərk olunmuş bir adət, yaxud keçmişdən qalmış bir xurafat kimi baxırlar; əslində demək olar ki, bugün biz təqribən duanın bütün faydalarından məhrum qalmışıq. Bu məhrumiyyətlərin səbəbi nədədir?

Birinci səbəb bundan ibarətdir ki, bugün dua çox nadir hallarda yerinə yetirilir. Ürfani hiss müasir insanların arasında məhv olmaqdadır. Demək olar ki, fransalıların yalnız dörd, yaxud beş faizi dua edir.

İkinci səbəb bundan ibarətdir ki, bugün dua əksər hallarda təsirsizdir; Çünki ibadət əhli olan şəxslərin bir çoxları özündənrazı, yalançı, təkəbbürlü, qürurlu və riyakar şəxslərdir, bu şəxslərdə eşq və iman ləyaqəti yoxdur. Hər halda duanın təsiri yaransa da, əksər hallarda bu təsir bizə çatmır.

İstəklərimizin və eşqimizin cavabı adətən aram, hiss olunmadan və təqribən eşidilməz bir şəkildə verilir. Olduqca incə, yumşaq ahənglə daxilimizə qədəm qoyan bu cavab xaric dünyanın səs-küyündə çox asanlıqla boğulur.

Duanın maddi nəticələri də qaranlıq, gizlidir və adətən digər şeylərlə qatışır. İnsanlar arasında duanın maddi təsirini çox aydın şəkildə müşahidə edə bilənlərin sayı olduqca azdır. Həkimlər üçün də bu iş maraqlı olmadığı üçün onlar baş verən halları araşdırmayıblar. Digər bir tərəfdən duanın uyğun təsirini araşdıran şəxslər əksər hallarda bir səbəbdən səhvə düçar olublar: Bu səbəb ondan ibarətdir ki, əksər hallarda əldə olan nəticə ilə gözlənilən nəticə arasında fərq olur. Məsələn, Allahın onun hansısa üzvi xəstəliyinə şəfa verməsi üçün dua edən şəxs, xəstə olaraq qalır, lakin bunun əvəzində onda böyük, dərin, izaholunmaz ruhi və əxlaqi dəyişiklik baş verir.

Kütlə arasında dua istisna bir hala çevirilsə də, lakin dinlərinə vəfadar qalan insanlar arasında dua nisbətən çox yer tapıb. Bu qrup insanlar arasında bugün də duanın təsirlərini araşdırmaq imkanı var. Duanın saysız- hesabsız təsirləri arasında həkim duanın fiziki və müalicəvi təsirlərini öyrənmək üçün çox münasib şəraitə malikdir.

NMM tərcümə bölməsi


4304 dəfə baxılıb
در حال ارسال اطلاعات...