Sünni-şiə birliyinə çağıranlar “vəhdətçilər” adlandırılaraq təkfir edilir. Amma…
Bu gün dünya imperializmi və beynəlxalq sionizm müxtəlif yollar, o cümlədən radikal islamçı qruplar yaratmaqla həqiqi İslamı səhnədən çıxarmağa çalışır. Şiələr arasında da bəziləri sünnilərlə vəhdətə qarşı çıxır və vəhdətə çalışan şiələri vəhdətçi adlandıraraq təkfir edir. Amma vəhdər öz məzhəbi etiqadlarından imtina etmək deyil. Vəhdət yolunu seçən şiələr sünni məzhəbində doğru saymadıqları əqidələri bu gün də qəbul etmirlər. Bu fikir ayrılıqları elmi mübahisə çərçivəsini aşıb meydan müharibəsinə çevrilərsə, düşmən faydalanar. Hər bir İslam məzhəbi fərqli baxışlarını elmi şəkildə bəyan etməkdə azaddır. Vəhdətə çağıran və çalışan şiələr də öz əqidələri üzərində həmişə olduğu kimi möhkəm dayanıb.
***
İslam peyğəmbərinin (s) dəfn olunduğu yer barədə fərqli fikirlər var. Sünnə əhli bu fikirdədir ki, İslam peyğəmbəri (s) Aişənin hücrəsində dəfn olunub. Şiə araşdırmaçılardan bir qrupu elə sünnə əhlinin mötəbər kitablarına istinadən həzrətin (s) Aişənin hücrəsində dəfn olunması fikrini rədd edirlər. İmam Sadiq (ə) məktəbinin tanınmış şagirdləri ilə Əbu Hənifə arasında bu mövzuda mübahisələr olub. Həmin mübahisədə Ömər və Əbu Bəkrin dəfn olunduğu yerin qəsbi olması fikri də ortaya gəlir.
Sünnə əhli bu barədə nə deyir? Sünnə əhli alimləri Buxarinin Aişədən nəql etdiyi hədisə istinadən Peyğəmbərin (s) onun hücrəsində dəfn olunduğunu iddia edirlər. (Səhihi-Buxari, c. 1, səh. 162, h. 665) Aişə nəql edir ki, Peyğəmbərin (s) vəziyyəti ağırlaşdı və xəstəlik dövründə mənim evimdə qalmaq üçün digər zövcələrindən icazə aldı. Aişə nəql edir ki, Peyğəmbər (s) onun evinə gəldiyi zaman bir əlini Abbasın, digər əlini başqa bir şəxsin çiyninə qoymuşdu, ayaqlarını çətinliklə hərəkət etdirirdi.
Abdullah ibn Abbas deyir ki, Aişənin sözlərini Abbasa nəql edəndə belə söylədi: “Aişənin adını çəkmədiyi şəxs bilirsən kimdir? O Əli ibn Əbu Talibdir (ə).” Bu hədisi Buxari öz Səhih kitabında bir neçə yerdə nəql edib.
Aişənin hadisə barədə danışarkən Əlinin (ə) adını çəkməməsi səbəbi araşdırılmalıdır.
Əhməd ibn Hənbəl nəql edir: “Aişənin adını çəkmək istəmədiyi şəxs Əli ibn Əbu Talibdir (ə)” (“Musnədi-Əhməd Hənbəl”, c. 6, səh. 228) İbn Səd “Təbəqat” kitabında yazır: “Həmin şəxs Əli ibn Əbu Talibdir (ə). Amma Aişə onun adını yaxşılığa çəkmək istəməyib.” (“Təbəqat, c. 2, səh. 232)
Şiələr bu barədə nə düşünür? Şiə alimlər həzrət Peyğəmbərin (s) Aişənin hücrəsində dəfn olunması iddiasını rədd edirlər. Əgər bu yer barədə Peyğəmbərin (s) hücrəsi ifadəsi işlənirsə onun hansısa zövcəsinin hücrəsi nəzərdə tutula bilməz. Əgər belə olsaydı, həmin zövcənin adı qeyd olunardı. Əhməd Hənbəl deyir: “Bir gecə Peyğəmbər (s) öz hücrəsində namaz qılırdı. Bir qrup müsəlman hücrəyə daxil olub, ona iqtida etməyə başladı. Bu səbəbdən Peyğəmbər (s) namazını sürətlə qılıb, öz evinə daxil oldu.” (“Musnədi-Əhməd”, c. 3, səh. 31, h. 11567)
Rəbiə deyir: “Gecəni Peyğəmbərin (s) hücrəsində keçirdim...” (“Sunənun-Nəsai”, c. 3, səh. 92)
Digər tərəfdən, Peyğəmbərin (s) evinə ən yaxın ev həzrət Əlinin (ə) evi olub. Həzrət Əlinin (ə) qapısı Peyğəmbərin (s) evinə tərəf açılırdı. Buxari nəql edir: Bir şəxs İbn Ömərin yanına gəlib Osman haqqında soruşdu. Sonra Əli (ə) haqqında sual verdi. Orada həzrət Əlinin (ə) yaxşılığından danışıldı və deyildi: “Əlinin evi
Peyğəmbərin (s) evinə ən yaxın evdir. Həmin şəxs dedi ki, sən bundan xoşlanmasan da bu həqiqətdir.” (“Səhihi-Buxari”, c. 4, səh. 82, h. 437)
Əla ibn İzar deyir: Ömərin oğlundan Əli (ə) haqqında soruşdum. Belə cavab verdi: “Əlinin (ə) evinə bax, Peyğəmbərin (s) evinə onun evindən yaxın ev yoxdur.” (“Fəthul-bari”, c. 7, səh. 59) Müstədrəkdə oxuyuruq: “Bu Peyğəmbərin (s) evidir, bu da Əlinin (ə)!” (“Mustədrəki-Haşim Nişapuri”, c. 3, səh. 51)
Aydın olur ki, həzrət Əli (ə) və xanım Fatimənin evi Peyğəmbərin (s) evinə ən yaxın ev olub. Peyğəmbərin (s) evində Fatimənin (s.ə) hücrəsi olub və bu günə qədər Peyğəmbər (s) məscidində həmin yer xanım Fatimənin (s.ə) adını daşıyır.
Sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) öz evində dünyasını dəyişib. Bir hədisdə Ömərin belə dediyi nəql olunur: “Biz Peyğəmbərin (s) evində olduğumuz zaman bir şəxs bayırdan məni çağırdı və dedi ki, Səqifədə Ənsar toplaşıb, bir hadisə baş verməmiş özünü ora çatdır.” (Fəthul-bari”, c. 7, səh. 23)
Əslində Aişənin sözlərindən də həzrət Peyğəmbərin (s) öz hücrəsində vəfat etdiyi aydın olur. Aişə deyir: “Rəcm ayəsi və 10 dəfə süd verməklə süd analığı məsələsi barədə ayə nazil olanda mən həmin ayələri bir kağız üzərində saxlayırdım. Peyğəmbərin (s) dəfni ilə məşğul olduğumuz gün bir qoyun hücrəyə daxil olub, həmin kağızı yemişdi.” (“Sunəni ibn Maccə”, c. 1, səh. 625) Bu mətndən aydın olur ki, əgər Peyğəmbər (s) Aişənin hücrəsində dünyasını dəyişsəydi həmin gün hücrə izdihamla dolu olduğu zaman qoyun hücrəyə daxil ola bilməzdi. Müxtəlif mətnlərdən aydın olur ki, həzrət Peyğəmbərin (s) hücrəsinin iki qapısı olub. Müsəlmanlar Peyğəmbərə (s) cənazə namazı qılmaq üçün bir qapıdan daxil olub namazı qılır, o biri qapıdan çıxırdılar. Amma Aişənin hücrəsinin bir qapısı olub. Həzrət Peyğəmbərin (s) ruhu bədənindən ayrılandan sonra sual yarandı ki, ona necə namaz qılınsın. Qərara gəldilər ki, bir qapıdan girib namaz qılsınlar və o biri qapıdan çıxsınlar. (“Məsnədi Əhməd”, c. 5, səh. 81, h. 19838) Heysəmi rəvayəti nəql etdikdən sonra onun düzgünlüyünü vurğulayır.
Aişənin hücrəsinin Peyğəmbərin (s) hücrəsindən fərqli olaraq bir qapısı olub. Bu qapı Şama doğru, yəni məscidin cənub bucağı istiqamətində açılıb.
Rəvayətlərdə nəql olunur ki, Sail Aişənin evi barədə soruşanda ona bu evin bir qapısı olduğu deyilir. Bu qəbil suallarda bir məqsəd də Peyğəmbərin (s) dəfn olunduğu yerin Aişənin hücrəsi olmadığını anlatmaqdır. Məscidin Şam tərəfi dedikdə onun şimal tərəfi nəzərdə tutulur.
Buxari, Əhməd və başqa mənbələrin Peyğəmbərin (s) xidmətçisi Ənəs ibn Malikdən nəql etdiyi rəvayətlər var. Rəvayətlərdən birində Peyğəmbərin (s) evində onun Zeynəb binti Cəheşlə izdivac qonaqlığından danışılır. Bildirilir ki, süfrədən qalxandan sonra həzrət (s) Aişənin evinə doğru hərəkət etdi. Biləndə ki, qonaqlardan bir hissəsi hələ onun hücrəsindədir, geri qayıtdı. Bu zaman hicab
ayəsi nazil oldu və ayədə bildirilirdi ki, Peyğəmbərin (s) qonaqlığına dəvəti qəbul edin və təamdan sonra evlərinizə gedin. (Bax: Əhzab, 52) Aydın olur ki, Peyğəmbərin (s) hücrəsi ilə Aişənin evi arasında məsafə çox da qısa olmayıb. Peyğəmbərin (s) Aişənin hücrəsinə doğru gedib, yarı yoldan geri qayıtması bu məsafənin qısa olmadığını göstərir. (“Səhihi-Buxari”, c. 6, səh. 26, h. 6238)
Peyğəmbər (s) dünyasını dəyişəndən sonra Aişə öz hücrəsini Müaviyəyə satdı. Demək, Aişənin satılmış hücrəsi Peyğəmbərin (s) dəfn olunduğu yer ola bilməz. Müaviyə Aişənin hücrəsini 180 min dirhəmə aldı. Bəziləri hücrənin 200 min dirhəmə alındığını yazır. Müaviyə şərt kəsdi ki, Aişə ömrünün sonuna qədər həmin hücrədə yaşayacaq. (“Təbəqati-Kubra” , c. 8, səh. 165)
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Peyğəmbərin (s) mənzili onun vəfat etdiyi yerdir. Sonralar hökumət Bəni Haşimin bu məkanda fəaliyyətlərini əngəlləmək üçün həmin yeri nəzarətə götürdü. Bu arada hökumət rəisinin qızı Aişə Peyğəmbərin (s) hücrəsinə iddia ilə çıxış etdi. Hökumət bu iddianı qəbul etdi, Peyğəmbərin (s) qızı və Əlinin (ə) tələblərinə məhəl qoyulmadı. Hansı ki, Aişənin hücrəsi məscidin başqa bir guşəsində yerləşirdi.
Nə üçün Əmirəlmöminin (ə) bu məsələ ilə bağlı sonda susmağa qərar verdi? Həzrət Əli (ə) İslamın mənafelərini fikirləşərək xilafət məsələsində tutduğu mövqeyi tutmuşdu. Övladı Höccət ibn Həsənin (ə.c) zühuruna qədər bu sükut uzanacaqdı.
Həzrət Peyğəmbərin (s) harada dəfn olunması ilə bağlı İmam Sadiqin (ə) şagirdləri ilə Əbu Hənifə arasında mübahisə diqqəti cəlb edir. Bu söhbətdə öncə qeyd etdiyimiz kimi Ömər və Əbu Bəkrin dəfn edildiyi yerin qəsbi olduğu vurğulanır.
Bir gün Fuzzal ibn Həsən Fuzzal Kufi dostlarından biri ilə yol gedərkən Əbu Hənifə ilə rastlaşdı. Fuzzal dostuna dedi ki, onu yerində oturtmasam əl çəkməyəcəyəm. Dostu Əbu Hənifənin elmi nüfuzuna işarə ilə Fuzzalı bu işdən çəkindirmək istədi. Fuzzal etiraz edib dedi: “Nə vaxt görmüsən ki, azğının dəlilləri möminin dəlillərini üstələsin?!” Fuzzal cəmiyyət içində Əbu Hənifəyə yaxınlaşıb salam verdi: “Allah sənə rəhmət etsin! Mənim qardaşım deyir ki, Peyğəmbərdən (s) sonra insanların ən üstünü Əli ibn Əbu Talibdir. Mən ona etiraz edirəm ki, Peyğəmbərdən (s) sonra Əli yox, Əbu Bəkr və Ömər üstündür. Sizin fikriniz nədir?” Əbu Hənifə bir qədər fikrə gedib cavab verdi: “Əbu Bəkr və Ömərin üstün məqamının sübutu üçün onların Peyğəmbərin (s) qəbri kənarında dəfn olunması bəs edər. Onların Əlidən (ə) üstünlüyünü təsdiq edən başqa dəlil də istəyirsən?" Fuzzal dedi: "Onların dəfn edildiyi yerə heç bir haqqı olmayıb. Bundan əlavə Peyğəmbərin (s) haqqında zülmə yol veriblər. Hətta dəfn olunduqları yeri Peyğəmbərə (s) hədiyyə etmişdilərsə, hədiyyə etdikləri yerdə dəfn olunmaqları vədə xilaflıq, çirkin işdir." Əbu Hənifə dedi: "Qardaşına de, Peyğəmbər (s) və bu iki şəxs bu yerdə ona görə dəfn olunublar ki, həmin yer
Həfsə və Aişənin olub." Fuzzal dedi: "Mən bunları qardaşıma demişəm. O deyir ki, Peyğəmbər (s) dünyadan gedəndən sonra nikahında zövcə olmayıb. Həmin iki nəfərin irs payı səkkizdə birdən çox deyildi. Beləcə hərəsinə bir qarışdan artıq torpaq düşmür. Belə bir vəziyyətdə həmin iki nəfərin dəfn olunduğu torpağı necə qəsb ediblər? Necə olur ki, Peyğəmbərin (s) qızı Fatiməyə atasından irs çatmır? Əbu Bəkr deyirdi ki, peyğəmbərlər özündən sonrakılara irs qoymur. Bəs Aişə və Həfsə necə irs payı alıb?" Bu sözlərdən sonra Əbu Hənifə göstəriş verir ki, Fuzzalı ondan uzaqlaşdırsınlar. O Fuzzalı xəbis rafizi adlandırır. (Ehticaci-Təbərsi, c. 2, səh. 149)
hawzah/nur-az