Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Oxuduğun rövzələrdə yalan var!

Höccətülislam Nasir Rəfii İmam Hüseyn (ə) əzadarlıqları və digər mərasimlərdə məzhəbi aşağılayacaq əməllərdən çəkinməyi, müstəhəb əməlləri vacib əməllərdən önəmli saymamağı tövsiyə edib. Elm hövzəsinin ustadı bildirib ki, Aşuranın təhrifi yolverilməzdir və alimlər bu sahədə çalışmalıdır.

Höccətülislam Rəfii İmam Kazimdən (ə) nəql olunmuş bir hədis əsasında bütün elmlərin dörd mövzuda cəmləndiyini və bu mövzulara varid olan şəxsin alim olduğunu vurğulayıb. Ustad Rəfii qeyd edib ki, hədisdə alim deyərkən mərifət sahibi olan din alimləri nəzərdə tutulub. Höccətülislam Rəfii İmam Kazimin (ə) Rəbbani alimlərin malik olduğu dörd xüsusiyyət barədə buyuruqlarını belə şərh edib:

Birinci xüsusiyyət Allahşünaslıqdır. İmam Kazimin (ə) buyuruğuna əsasən, başqa biliklərə sahib olmaq üçün öncə Allahı tanımaq lazımdır. Bəziləri hələ də bütə, buzova pərəstiş edir. Məsələn, hindular belədir. Hətta məsihilər Allahın ata, oğul və ruhul-qüdsdən ibarət olduğunu düşünür. Kommunistlər isə ümumiyyətlə ilahi varlığa inanmır. Demək, birinci sual budur ki, varlıq aləmini yaradan, insana düşüncə verən kimdir? Mikrobioloq Lui Paster deyir ki, kiçik kəşflərdən sonra Allaha etiqadım gücləndi; başa düşdüm ki, varlıq aləmində ən kiçik zərrədən tutmuş nəhəng cismlərə qədər hər şey nəzmə tabedir. Bəli, hər bir insan müəyyən bir yolla Allahı tanıya bilər. Alim elm, əkinçi təbiət vasitəsi ilə Allaha iman gətirə bilər. Qurani-Kərimdə buyurulur ki, insanın ehtiyac duyduğu ilk məsələ Allahın varlığını dərk etməkdir. İnsan bunu dərk etsə öz ruhunun ehtiyaclarını təmin etmək üçün bütlərə üz tutmaz. Bir zaman meydanı tutmuş kommunistlər bu gün də var. Onlar düşünürlər ki, varlıq aləmi öz-özünə yaranıb. İmam Xomeyni (r) Sovetlər Birliyinin rəhbəri Qorbaçova məktub yazıb, onu həqiqi ilahi yola dəvət etdi. Bu gün buddistlər bütə etiqad edir. İnsana, heyvana pərəstiş edənlər də var.
İmam Kazimin (ə) buyuruğuna əsasən ikinci xüsusiyyət insanın özünü tanımasıdır. İnsan öz kimliyini, öz istedadlarını tanımalıdır. Allahı tanımadan özünü tanımaq mümkünsüzdür.
Hədisdəki üçüncü mövzu insanın vəzifə məsuliyyətini dərk etməsidir. Məsuliyyətli insan başa düşür ki, varlıq aləmi boş yerə yarana bilməz. Hikmətli Allah mənasız iş görməz. Quranda da insanı oyatmaq üçün sual verilir ki, sizi boş yerə yaratdığımızı düşünürsünüz?! Bilməliyik ki, Allahın bizi yaratmaqda məqsədi nədir, bu dil, əl-ayaq, istedadlar bizə nə üçün verilib? Biz mələk kimi deyilik. Azadlığımız olduğundan günaha batmağımız mümkündür. İnsan yaradılıb ki, məsələn onun öz dilindən təhqir, yoxsa zikr üçün istifadə edəcəyi aydın olsun. Ayətullah Cəvadi Amuli deyir ki, nə üçün Allah əvvəlcə Quran, sonra insanı yaratdığını buyurur? Dəlili budur ki, insan Quranı dərk etməklə öz insanlığını dərk edir. Quran əxlaqına malik olan insan bir anda özündən çıxıb qəzəblənmir. Amma bağışlamağa tələsir. Beləcə bütün elmlər Allahşünaslıqda, insanın özünü tanımasında, vəzifəsini bilməsində cəmləşib.
Bu gün məcazi fəza genişlənib, internet, peyk şəbəkələri gündəmi tutub. Düşmən gənc nəsli dindən çıxarmaq üçün milyardlar xərcləyir. Əxlaqsızlıq bir məmləkətə hakim olduqda bu məmləkət Səba məmləkəti kimi dağılır və müharibəyə ehtiyac qalmır. İdeoloji müharibənin qarşısında dayanmaq dini heyətlərin də vəzifəsidir. Amma xurafata yol vermək olmaz.
İmam Kazimin (ə) buyuruğunda dördüncü nöqtə problemləri tanımaqdan ibarətdir. Əzadarlıqlarda, Məhdəviyyət mövzusunda, digər mərasimlərdə təhriflərə yol verməmək, müstəhəb işləri vaciblərin fövqünə qaldırmamaq lazımdır. Bəzən rövzələrdə həqiqətə uyğun olmayan sözlər eşidirik. Unutmayaq ki, ən böyük yalan Allah və Peyğəmbərin (s) adından danışılan yalandır.
Bir şəxs yuxuda İmam Hüseynin (ə) bədəninin tikə-tikə qoparıldığını gördü. Diksinib, yuxudan oyandı. Başına gələni bir alimə danışdı, alim buyurdu ki, oxuduğun rövzələrdə yalan var, İmam Hüseyn (ə) bundan nigarandır. Hicri 61-ci il, Kərbəla hadisəsindən sonra əzadarlıqlarda mən Hüseynin (ə) itiyəm kimi sözlər işlədilməyib. Xanım Zeynəb (s) qətlgaha gəldiyi zaman dediyi söz bu oldu: “Pərvərdigara, bu qurbanlığı bizdən qəbul et.” Sonra əzadarlıqlarda növhələr oxundu. İmam Hüseyn (ə) ömrünün son anlarında dodaqları altında dedi: “Pərvərdigara, Sənin razı olduğuna mən də razıyam.” Aşuranın təhrifinə yol verməyək.

Nur-az.com


11063 بازدید
در حال ارسال اطلاعات...