Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

İnternet və həyat tərzi

İnternetdən istifadə barədə məşhur bir cümlə var: “İnternetdə nə axtardığını bilməyən şəxs əslində hər şey axtarır.” Bu informasiya şəbəkəsinin zənginliyi və cazibədarlığı heç bir məqsədsiz, təsadüfən şəbəkəyə daxil olan insanı özünə əsir edir. Bu zaman insan beyni eynən tozsoran kimi qarşısına çıxan informasiyanı yaxşı-pisinə baxmadan özünə çəkir. Əslində beyinə daxil olan ən kiçik informasiya insanın həyat tərzinə təsir göstərir.
İnternet şəbəkəsi ilə yaxından tanış olan dini mütəxəssislər bu fikirdədir ki, dini camiənin interneti əvəz edəcək öz şəbəkəsi olmalıdır. Bu şəbəkədən öz bildiklərini yaymaq, bilmədiklərini öyrənmək üçün faydalanmaq olar. Hazırda real durum budur ki, internet istənilən cəmiyyəti sürətlə öz əsarəti altına alır. Belə ki, bu şəbəkə artıq insanların həyat tərzinə çevrilir.
Başqaları bu fikirdədir ki, istənilən bir texnoloji vasitədən istifadənin mədəniyyəti var və bu mədəniyyətə yiyələnmədən həmin vasitədən düzgün istifadə etmək mümkün deyil. Təəssüf ki, internetdə müxtəlif mədəniyyətlər asanlıqla təbliğ olunduğundan internet mədəniyyəti deyilən anlayışı birmənalı qəbul etmək çətindir. Aydın məsələdir ki, internet mədəniyyəti bu şəbəkədəki mədəniyyətlər əsasında formalaşmayıb. Bu, texnoloji vasitəyə münasibət mədəniyyətidir. Bu mədəniyyətə əməl etdikdə belə insan fərqli mədəniyyətlərlə üzləşir. Problemli məsələ budur ki, peyk şəbəkələri, internet şəbəkəsi kimi texnoloji vasitələr məqsədli şəkildə müəyyən yöndə təbliğat aparır və hamıya aydındır ki, burada həyat tərzini dəyişmək məqsədi var. Qloballaşma, dünyanın bir kəndə çevrilməsi prosesində internet müstəsna rol oynayır. Müəyyən din və adət-ənənələrə bağlı olmayan bir insan internet fəzasına daxil olanda özünü daha tez itirir. Bütün bunlar o demək deyil ki, internet başdan-başa zərərdir və insan bu şəbəkədən imtina etməlidir. Mütəxəssislərin nəzərincə, internetdən müsbət faydalanmaq üçün hər bir şəxsin iradəsi təsirli rol oynayır və bununla yanaşı istifadə mədəniyyətinə riayət olunmalıdır.
Dünya qütbləşdiyi bir dövrdə, ABŞ-la İran, liberalizmlə İslam Müqaviməti üzbəüz dayandığı zamanda Qərb təbliğat vasitələrinin bir mövzusu da İranda internetə yer verilməməsidir. Bəs rəqəmlər nə deyir? 2010-cu il statistikasına əsasən 77 milyon nəfər əhalisi olan İran Orta Şərqdə internetdən ən çox istifadə edən ölkədir. Bu ölkədə internetdən işdə, təhsildə, ictimai fəaliyyətlərdə və əyləncə məqsədi ilə istifadə olunur. İran gənclərinin təhsilə marağını nəzərə alsaq, onların internetə bağlılığı da təbii görünməlidir. İstənilən bir elm sahəsində ən son tədqiqatlar, ən son kəşflər, ən son tədbirlər barədə ən qısa müddətdə məlumat əldə etmək üçün internetin rolu böyükdür.
İnformasiya vasitələri genişləndikcə, səs və görüntü ilə əlaqə yaratmaq asanlaşdıqca dünya sanki kiçilir. Şübhəsiz ki, bu kiçilmə mədəniyyətlərin də fəzasını kiçildir. Məhz internet şəbəkəsinin genişlənməsi ilə mədəniyyət fərqləri aradan qalxır. Bu xeyirlidir, yoxsa zərərli? Əgər məcazi dünyanın güclənməsi ilə insanların elmi, əxlaqı, sağlamlığı artır və güclənirsə bu hadisəni müsbət saymalıyıq. Əksinə, internet deyəndə sağlam həyat tərzinə zidd bir fəza nəzərdə tutulursa, bu pisdir.
1960-cı ildə informasiya mübadilələri sahəsində yeni nəzəriyyə vermiş kanadalı alim Marşal Mək Lohan internetin əsas rolunu onun dünyanı kiçik kəndə çevirməsində (qloballaşmada) görür. Bir kənddə insanlar asanlıqla rabitə yaratdığı kimi, internet fəzasında dünyanın ucqar nöqtəsində olanlar asanlıqla səs və görüntü əlaqəsi qurur. Mək Lohanın nəzəriyyəsi alimlər tərəfindən birmənalı qarşılanmayıb. Yəni həyat tərzinə təsiri nəzərə almadan rabitələri genişləndirmək məqbul hadisə deyil. Digər tərəfdən, hətta kiçik mədəniyyətlər dünyəviləşmək istiqamətində təbliğ olunur. Beynəlxalq İnformasiya Təşkilatının hesabatında deyilir: “Müxtəlif informasiya şəbəkələrindən istifadə etməklə yaradıcılıq, ixtira imkanlarını gücləndirmək, mövcud mənbələrdən daha səmərəli bəhrələnmək olar. Təbii ki, informasiya şəbəkələrinin genişlənməsi zamanı təhsil və araşdırma ön yerdə dayanmalıdır. İnternet və onun imkanları, səs və görüntü mübadilələri ümumi təhsil sisteminə inqilabi təsir göstərə bilər. Bu gün internetin istifadə yönlərindən biri təhsil və araşdırmadır. Dünyanın məşhur universitetləri, elmi mərkəzləri internet vasitəsi ilə öz informasiyalarını yayır, təhsil imkanlarını bütün dünyada təbliğ edir.
İnternetə marağı artıran amillərdən biri, bəlkə də ən əsası insanların səs və görüntü ilə rahat əlaqə saxlaya bilməsidir. Modern insanın həyat tərzində “elektron vətəndaş” deyilən məfhum təsirli rol oynayır. Elektron vətəndaş o şəxsdir ki, informasiya fəzasında yaşamaq məharətinə yiyələnib. Elektron vətəndaş son informasiyaları əldə etmək, son istehsallar barədə məlumat toplamaq bacarıqlarına yiyələnib. Bu fərd uzunmüddətli səfərini internetin köməyi ilə proqramlaşdıra bilir. Elektron vətəndaş kompüter arxasında oturub özünə iş tapır, ticarət əlaqələri qurur, əksər ehtiyaclarını təmin edir.
Bu gün elektronika o qədər genişlənib ki, dünyanın əksər dövlətləri elektron dövlət qurulmasını qarşıya əsas məqsəd kimi qoyub. Elektron dövlətdə dövlətlə vətəndaş arasında əksər əlaqələr, sual-cavablar, sifariş və ödənişlər internet vasitəsi ilə həyata keçirilir.
Bir zaman belə bir fikir vardı ki, texnoloji avadanlıqların artması iş yerini azaldır. Hətta zavod və fabriklərdə fəhlələr dəzgahların qurulmasına etiraz edirdilər. İnternet isə sənayedə yeni iş yerləri deməkdir. Bu gün dünyada milyonlarla ailə internet vasitəsi ilə öz maddi ehtiyaclarını təmin edir.
Elektron ticarət deyilən hadisə böyük xərclərə başa gələn sövdələşmənin kompüter arxasında reallaşmasına şərait yaradır. Böyük şirkətlər internet vasitəsi ilə yeni bazarlar tapır, sifarişlər qəbul edir, sövdələşmələr aparır. Elektron ticarətin reallaşması sayəsində iqtisadi qənaət prinsipi əsas prinsiplərdəndir.
Amma yuxarıda deyilənlər internetin müsbət tərəfləridir. İnternet bəşəriyyətin həyat tərzinə kifayət qədər mənfi təzahürlər gətirib. Rahat və sürətlə əlaqə qurmaq hələ xoşbəxtlik sayıla bilməz. İnternetdə təkcə cinsi azadlığın məhdudiyyətsiz yer alması insan düşüncəsinə, ailə institutuna, ümumilikdə əxlaqa misilsiz zərbə vurur. Bu gün məcazi dünyanın müştərilərinin az bir hissəsi internetdən işçi məqsədlə faydalanırsa, böyük bir hissəsi sadəcə vaxt keçirir və bu əyləncələr onu real həyatdan uzaqlaşdırır. Biz unutmamalıyıq ki, internet dəyər deyil, onun şəxsiyyətə öldürücü təsirləri var, internet fərdin məxfi informasiyalarının oğurlanmasına şərait yaradır.
Dəyər odur ki, insan həyatı onsuz kamil deyil. İnternetin bütün müsbət xüsusiyyətlərinə baxmayaraq onu dəyər saymaq, internetsiz yaşamaq mümkün deyil demək yanlışdır. İnsanın internetə marağı onun ehtiyacı qədər olmalıdır. Əgər internetə ehtiyacım varsa, o mənə lazımdır, əgər internetsiz keçinə bilirəmsə ona yaxınlaşmamalı və öz həyatımı natamam saymamalıyam. Amma bugünki dünyada internet dəyər kimi təbliğ olunur, internetdən istifadə etməyən insan bütün imtiyazlarına baxmayaraq geri qalmış kimi dəyərləndirilir.
İnsan həyatında adətlər qədər zərərli bir şey yoxdur - əksər mütəfəkkirlər belə düşünür. İnternetin ən zərərli təsirlərindən biri internet asılılığının yaranmasıdır. Bu narkotika asılılığına bənzəyir. İnternetə adət etmiş şəxs heç bir ehtiyacı olmadığı halda bu fəzaya daxil olur. Dini mütəxəssislər bu fikirdədir ki, internet insanların dini inancına zərərlidir. Aparılan sorğular göstərir ki, yeri gəldi-gəlmədi məcazi fəzada vaxt keçirənlər həm iradə, həm də etiqadca zəif olur.
Bu gün əksər ölkələrdə əhali artımının azalması, əhalinin qocalması problemi yaşanır. Bunun əsas səbəbi ailə institutunun zəifləməsidir. Bu institutun zəifləməsində amillərdən biri də insanın körpə yaşdan düzgün tərbiyə olunmamasıdır. Bu gün bir çox valideynlər uşaqlarındakı internet asılılığından şikayətlənir. Mütəxəssislər bu sahədə ailələrə müəyyən tövsiyələr verib:
1. Valideyn övladın internetdən istifadəsinə nəzarət etməlidir;
2. Övladlara “online” olduqları zaman onları gözləyən təhlükələrdən danışılmalıdır.
3. Kompüter mənzildə hamının görə biləcəyi bir yerdə qoyulmalıdır.
4. Kompüterdən istifadə zamanı müəyyənləşməli və məhdudlaşdırılmalıdır.
5. Uşaqlar internetdə olduğu zaman valideynin onun kənarında olması lazımdır.
6. Əgər uşağın elektron poçtu varsa, bu poçtu əvvəlcə valideyn açmalıdır.
7. Qeyri-münasib təsvirlərin qarşısını alan süzgəclərdən istifadə olunmalıdır.
İnternetin insana təsirini araşdıran mərkəzlərin hesabatları əsasında onun bir neçə zərərinə xüsusi diqqət yetirilir:
1. Fiziki zərər
İnternetdən ardıcıl istifadə edən insan orqanizmində problemlərin yaranması labüddür. Uzun müddət oturmaq kompüterdən istifadənin ən çox yayılmış zərəri sayılır. Kompüterdən çox istifadə nəticəsində gözlər tez qocalır. Buna görmə sindromu da deyirlər. İşi kompüterlə əlaqəli insanlar standarta uyğun oturacaq və mizlərdən istifadə etməyə çalışmalıdır. Kompüterdən ardıcıl istifadə edənlərin 60%-ində sklet və əzələ problemləri yaşanır. Kompüter və seriallara aludə insanların ağzı işlədikdə bu həm də kökəlməyə səbəb olur. Amerika mütəxəssisləri bu ölkədə köklüyün əsas səbəblərindən biri kimi internetlə əylənən insanların ağzının işləməsini göstərir.
2. Psixoloji zərər
İnternetin insan psixologiyasına ən böyük zərəri onun adətə çevrilməsidir. İnternet asılılığı insanın həyat tərzinə çevriləndə o bütün başqa fərdi və ictimai məsuliyyətlərini yaddan çıxarır.

Nur-az


8833 بازدید
در حال ارسال اطلاعات...