Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2024

Heykəl heyif ki tüpürə bilmir

Sayt yazır ki, Azərbaycan icması Fransanın Evyan le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.

Aksiyanı Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresi təşkil edib. Toplantının məqsədi isə bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.

Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır.

Çox qəribədir Allah haqqı. Axirəzzaman haqqında çox hədislər var. Çox qəribə hadisələrin olacağı qeyd edilib. Görəsən bu barədə də nəsə qeyd edilibmi?

Mənəvi dəyərdən söz düşmüşkən, siz Xurşudbanu Natəvanın etdiyi kimi əvvəlcə xanımlarınıza örpək taxmağı əmr edin. Çünki Xurşudbanu xanım örpəyi başında, hicablı bir xanım olub. İkincisi, gedin hicab məhbusu olan Hacı Talenin azadlığa çıxması üçün Fransadakı Azərbaycan səfirliyi qarşısında etiraz edin. İndi bu sətirləri oxuyan bəzi cahillər bizim xurafat əhli olduğumuzu düşünəcək. Əlbəttə əsas olan bizim haqqımızda Allahın nə düşünməsidir. İkincisi, mühüm olan bizim onlar haqqında nə düşünməyimizdir. Özlərini müasir, avropalaşan hesab edən bu insanlar üçün hicab, örpək əlbəttə bir dəyər sayıla bilməz. Deməli Xurşudbanu Natəvanın heykəlinin mənəvi dəyər olması da gözdən pərdə asmaq üçündür. İşin altında nə yatıbsa Allah bilir.

Bundan başqa gedin araq içməyi tərk edin, dinə imana gəlin. Xurşidbanu Natəvan bir gün xəstələnmişdi. Həkim onun sağalması üçün müəyyən vaxtlarda çaxır içməsin istəmişdi. O isə Rusiya imperiyası vətəndaşı olduğu halda müsəlman ölkəsi olan İraqda yerləşən müqəddəs Nəcəf şəhərinin alimlərinə məktub yazıb bu barədə məsləhət istəyir. Görəsən Fransada yaşayan azərbaycanlılar bu cümlələri eşidəndə nə düşünəcəklər.

Gələk işin ölkəmiz ilə bağlı olan tərəfinə. Deməli məsləhət görərdik ki, Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresi Fransada üstünə benzin töküb yandıran qazinin simvolik heykəlini ucaltsınlar. Hələ nahaqdan cibinə narkotik atıb tutulan, İran agenti hesab edilən yazıq dindarların, ruhanilərin simvolik heykəlini demirəm. Bunu deyən kimi qarayaxmalar başlayacaq və bizi İran agenti, vətən xaini çıxaracaqlar. Çıxsınlar kişi kimi üstünə benzin töküb özünü yandıran bir qazinin heykəlini qoysunlar. Sonra da heykəlin qarşısında etiraz akisya keçirsinlər.

İnsan nə qədər bədbəxt olar ki, heykəldən, yəni daşdan ötrü etiraz edirlər, amma ölkələri olan Azərbaycanda gündə bir qazi özünü yandırır. Rüşvətxor hakimiyyət xalqı boğaza yığıb. Məktəbində, hərbisində, səhiyyəsində, nazirliklərdə, polisdə, ekranda özbaşınalıq baş alıb gedir. Millət qan ağlayır. İşsizlik, bahaçılıq, süründürməçilik, rüşvətxorluq və daha nələr nələr ölkədə tüğyan edir. Əxlaqsız tərbiyəsiz insanlar efir məkanını ermənilərin uzun illər Qarabağı işğal etdiklərindən də betər və daha çirkin bir formada işğal ediblər. Bütün bunlar haqqında bu insanların ağızlarını açıb danışmırlar. Güya bunları heykələ, yəni daşa olan hörmətsizlik narahat edib. Hansı ki o daş heykəl heç vətəndaş da deyil. Azərbaycanda yaşayan vətəndaş da daş deyil. Amma daşdan betər günlərə qalıb. Sən Xurşudbanu Natəvanı belə hörmətlə anansansa onun həmyerlisi olan Azərbaycan vətəndaşları öz vətənlərində əziyyət çəkir bundan danış.

Doğrudan da insanın ağlı başından alınanda belə axmaqyana hərəkətlər edir. Siz bu ağılla çox qabağa gedən deyilsiz.

Avropada yaşamaqla deyil hərdən bir oradakı seçki şəffaflığına, insanlara, onların varlığına, səsvermə, azadlıq hüquqlarına necə hörmət qoyulduğuna, dəyər verildiyinə baxın. Bir də diktaturanın, özbaşınalığın, anarxiyanın hökm sürdüyü Azərbaycana baxın.

Bəli görünür ki, bu da axırzaman əlamətlərindəndir ki, ətdən sümükdən olan vətəndaşlar Azərbaycanda daş yerinə qoyulur, amma bir dəstə azərbaycanlı Fransada daşı, heykəli vətəndaş yerinə qoyub hüquqlarını müdafiə edirlər. Nəinki ürəyi zəif, turp kimi bir insan da bunu eşidib yıxılıb ölsə yeri var.


8950 بازدید
در حال ارسال اطلاعات...