Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2024

Həzrət Fatimənin (ə) bərəkətli boyunbağısı

Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Səhabələr də onun ətrafına toplaşmışdı. Əynində köhnə libas olan bir kişi içəri daxil oldu. O, zəiflikdən ayaq üstə dura bilmirdi. Həzrət ondan hal-əhval tutub xoş dindirdi.

Kişi dedi: - Acam, məni doyur, çılpağam məni geyindir, yoxsulam mənə əta et.
Həzrət buyurdu: - İndi özümün bir şeyim yoxdur. Ancaq bir kəsə xeyir yolunu göstərən şəxs, özü ona yaxşılıq etmiş kimidir. Səni elə bir adamın yanına göndərəcəyəm ki, o, Allahı və Peyğəmbəri çox sevir, Allah və Peyğəmbər də onu çox sevirlər. O, Allah yolunda sənə yaxşılıq edər. Fatimənin evinə get.
Sonra Peyğəmbər (s) Bilala tapşırdı ki, o şəxsi Fatimənin (ə) evinə aparsın. Qoca kişi Bilalla birlikdə yola düşdü.

Fatimənin (ə) evinə çatanda uca səslə dedi: - Salam olsun sizə ey Peyğəmbərin əhli-beyti! Ey mələklərin gəliş-gediş yeri, Cəbrailin nazil olduğu məqam...
Xanım Fatimə (ə) onun salamını aldı, kimliyini soruşdu.
Dedi: - Bədəvi ərəbəm. Atanın yanına uzaq yoldan gəlmişəm. Ey Peyğəmbərin qızı! Mən çılpaq və acam. Mənə lütf et. Allah sizin hamınıza mərhəmət etsin!
Amma bir neçə gün idi ki, Fatimənin (ə) yeməyə bir şey yox idi. Peyğəmbər (s) bu məsələdən xəbərdar idi. Həzrət Fatimə (ə) öz boyunbağısını ona verib buyurdu: -Bunu apar, sat. İnşaallah, Allah bundan daha yaxşısını sənə əta edər.

Qoca boyunbağını götürüb məscidə – Peyğəmbərin (s) hüzuruna gəldi, hadisəni ona danışdı. Peyğəmbər (s) qızının alicənablığından riqqətə gəlib ağladı.
Bu zaman Əmmar ibn Yasir Peyğəmbərə (s) üz tutub dedi: - Ey Allahın Rəsulu! İcazə verirsinizmi ki, bu boyunbağını qocadan satın alım?
Peyğəmbər (s) buyurdu: - Hər kəs boyunbağını ondan satın alsa, Allah ondan razı olsun.
Əmmar qocadan soruşdu: - Boyunbağını mənə neçəyə satarsan?
Qoca cavab verdi: - Mənə qarnımı doyuracaq qədər yemək, əynimə geyəcək paltar, ailəmin yanına qayıtmağıma bəs edəcək qədər yol pulu versən, boyunbağını sənə verərəm.
Əmmar qocaya dedi: - Sənə 20 dinar, üstəlik 200 dirhəm pul, bahalı Yəmən ipəyindən geyim verərəm, dəvəmi sənə bağışlayaram ki, minib evinə qayıdasan, yemək-içməklə də səni doyuzduraram.
Qoca sevincək razı oldu. Əmmar qocanı evinə apardı, dediklərinin hamısını ona verdi.
Əmmar boyunbağını ətirləyib ipək parçaya bükdü, qulamına verib dedi: - Bunu apar Peyğəmbərə (s) təqdim et, özün də o həzrətin yanında qal, səni Peyğəmbərə (s) bağışladım.

Qulam boyunbağını gətirib Peyğəmbərə (s) verdi, Əmmarın sözlərini çatdırdı. Peyğəmbər (s) boyunbağını ona qaytarıb buyurdu: - İndi isə bunu aparıb Fatiməyə ver. Özün də onların evində qal. Mən də səni Fatiməyə bağışladım.

Qulam Fatimənin (ə) qapısına gəldi, boyunbağını ona təqdim edib, Peyğəmbərin (s) sözünü çatdırdı və öz itaətini bildirdi. Fatimə (ə) boyunbağını aldı və qulama buyurdu: - Mən də səni Allah yolunda azad etdim.
Qulam heyrətdən özünə gələ bilmirdi. Bir az sonra sanki yuxudan ayıldı və gülməyə başladı. Fatimə (ə) ondan niyə güldüyünü soruşanda, keçmiş qul cavab verdi: - Ey Peyğəmbərin qızı! Bu boyunbağının bərəkəti məni güldürdü. Düşünürəm ki, bu nə bərəkətli boyunbağıdır! Bir möhtacı yedizdirdi, geyindirdi, sərvət sahibi etdi, bir köləni azadlığa qovuşdurdu, axırda yenə öz sahibinə qayıtdı.


8253 بازدید
در حال ارسال اطلاعات...