YAP deputatı Elman Nəsirov məsxərə deputat kimi yaddaşlarda qalsa da adam əslində "ağıllı, dərrakəli" insandır. Tez tez bu cür ağıl sahiblərinin çıxışlarına rast gəlirik. Zövq almamaq, heyran olmamaq əldə deyil.
Məsələn, Elman müəllimin gözəl aforizmlərindən birini eşitdik bu yaxınlarda. Düzdür internet dövründə yalandan kiminsə adından söz düzüb qoşmaq da olur. Amma deyirlər ki, bu söz Elman Nəsirov müəllimə aiddir.
O deyir ki, evlərinizdə ətmaşını varsa deməli evə ət alırsınız. Onda nədən şikayətçisiniz.
Əvvəllər ANS-də Qulp verilişi efirə gedərdi. Orda Dumbul Bəhrəmin ibrətamiz aforizmlərini eşidərdik. Gülərdik, kefimiz açılardı. İndi ANS və Qulp bağlansa da Elman müəllimin ağzı günün 24 saatı açıqdır, ətrafa hikmət saçır. Allaha şükür olsun ki, Elman Nəsirov müəllim kimi insanlarımız var.
Baxın şəxsən Elman müəllimin bu nəzəriyyəsi gələcəkdə fəlsəfə üzrə fəlsəfə doktoru olmaq istəyənlərin diplom işinə çevrilməyə layiq bir nəzəriyyədir. Biz dəfələrlə demişik ki, Lütfü Zadələr, Rafiq Əliyevlər əbəs yerə bu qədər təqdir edilir. Lütfü Zadənin dövrü getdi, indi Elman müəllimin dövrüdür.
Elman müəllim əslində ziyalılarımıza düstur verir. Ümumi qayda təqdim edir. "Ətmaşını" nəzəriyyəsi ölkənin gələcəyi üçün əhəmiyyətli dərəcədə önəmli olan bir sıra iqtisadi irəliləyişlərə yol aça bilər. Məsələn, AMEA-da oturub dovşanı necə demək lazımdır haqda düşünən ziyalılar ətmaşını nəzəriyyəsinin digər sirlərini aça bilər, həyatın digər sahələrində bu nəzəriyyəni tətbiq edib analoqu olmayan Azərbaycanın gələcəyinə gələcək bəxş edə bilər. Misal üçün biri elə mən. Bu nəzəriyyəni eşidən kimi başqa bir nəzəriyyə artıq zehnimə gəldi. O da qarac nəzəriyyəsidir. Misal üçün əgər evlərinizdə qarac varsa deməli maşınınız var. Ya da cib nəzəriyyəsi. Əgər şalvarınızın cibi varsa deməli pulunuz var.
O ki maşının, pulun özü, bu haqda artıq ziyalılarımız baş sındırmalıdır. Elman müəllim nəzəriyyəni təkcə Azərbaycana yox, demek olar ki, bütün bəşərə təqdim etdi. Tətbiqetmə artıq ziyalılarımızın işidir. Pulun, maşının hardan tapılmasına dair düşünmək lazımdır.
Hə yeri gəlmişkən düşünmək dedim yadıma düşdü. Bir nəzəriyyə də burdan çıxdı. Baş nəzəriyyəsi. Başınız varsa deməli ora ağıl qoya bilərsiniz.