Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2022

Önündə ikiqat əyiləsi möhtərəm "qərar"

Və yaxud atalı-analı yetimlərə imdad

Azərbaycanda analoqu olmayan bir hadisə baş verib. Doğrudan da göz yaşlarımızı saxlaya bilmədən oxunulası bir hadisədir. Baş nazir tərəfindən bir qərara imza atılıb. Elə bir qərar ki, önündə ikiqat əyilmək, ehtiram etmək lazımdır. Hətta Allah qarşısında günah olmasaydı əyilib bu qərar önündə səcdə etmək lazım idi. Avropa ölkələri, elə ABŞ da gərək bu barədə Azərbaycandan nəyi var ibrət alsın. Söhbəti çox uzatmayaq, sizi də bu analoqu olmayan xəbərdən agah edək ki, sevincinizin bu mübarək ayda həddi hüdudu olmasın. Xəbərdə deyilir ki, baş nazir Əli Əsədov "yetim” sözünün bütün rəsmi sənədlərdən çıxarılması ilə bağlı qərar imzalayıb. 9 aprel 2020-ci il tarixli qərarda bu haqda ətraflı bildirilib. Qeyd olunan qərarlarda "yetim" ifadəsi "valideynlərini itirmiş” sözləri ilə əvəz edilməsinə qərar verilib.
Hörmətli baş nazirin səhv etmirəmsə Heydər Əliyevin heykəli önündə ikiqat əyilməsi fotoları yayılmışdı. Hörmətli baş naziri topa tutmuşdular. Amma Əli müəllim isə əyilməzdən əvvəl yetimlərə bu mübarək ayda fayda verməklə bağlı düşünübmüş deyə o vaxt hakimiyyət önündə ikiqat əyilmişdi. Zahirən özünü GÖZƏGİRƏN kimi göstərəcək, hakimiyyətə nüfuz edəcək daha sonra bu cür bir ilkə imza atacaqdı.
Amma bir yerdə səhv ediblər. Gərək "yetim" sözü valideynlərini itirmiş sözü ilə yox "dövləti ölmüş" sözü ilə əvəz edilərdi. Çünki dövlət də bir babadır. Necə ki, hörmətli qonşularımızdan olan Türkiyədə dövlətə "dövlət baba" deyilir. Baba isə bizim dildə ata deməkdir. Yetim isə atası, anası dünyadan gedən şəxsdir. Deməli, dövlət bir atadırsa dövləti ölən şəxs yetim hesab edilməlidir.

Artıq bundan sonra heç kəs atasız-anasız uşaqlara yetim deməyə cürət edə bilməyəcək. Onların bütün maddi-mənəvi ehtiyaclarını fəqir dövlətimiz qarşılaya bilməsə də yeni qərarlar vasitəsilə qulaqlarımıza artıq bu xoşagəlmə söz bir daha dəyməyəcək. Əsas olan onsuz da kimsəsizlərin qarınlarını doydurmaq, onları geyimlə təmin etmək, bir dövlət olaraq onlara sahib çıxmaq deyil. Əsas məsələ onlara yetim deməməkdir. Sən onlara yetim deməsən ölkəyə gələn turistlər də biləcək ki, mövcud iqtidarın səyləri nəticəsində ölkədə bir nəfər də olsun yetim qalmayıb. Noolsun ki, başqa ölkələrdə yetimlərin vəziyyəti yaxşılaşdırıldıqdan sonra onlara artıq istəsən də yetim deyə bilmirsən, amma bizdə atalı-analı yetimlər də mövcuddur? Əsas olan addır. Ad olsa dad da olar. Lap Gözlərimiz yaşardı.


488 بازدید
در حال ارسال اطلاعات...