Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2022

Təhsil sahəsində bütün problemlər beləcə çözülmüş oldu

Azərbaycanı bir çox dövlətlərin gözü götürmür. ABŞ, avropa ölkələri, Rusiya, Kanada, Çin və sair dövlətlər heç zaman Azərbaycanın uğurunu istəməyib. Hə, bir də İran. Əslində İran Azərbaycanı gözü götürməyən ölkələrin başında gəlir.

Azərbaycanda deputatxanada nə vaxt Avropa başbilənləri tənqid edilirsə günahkar İrandır. Avropanı İran salıb bizim canımıza. Sonra sionist İsrail türkləri aləmə car çəkib İrandan şikayət edəndə inanmırıq.
Qardaşım, görün ölkədə necə uğurlu inkişaf gedir. Hansı ölkədə bizim kimi problemləri məharətlə həll edə bilirlər. Mütəxəssislərimiz elə sərrast və dəqiq şəkildə problemləri həll edir ki, heç problemin ruhu da incimir. Problem bir də gözünü açıb görür ki, qəbirdədir.

Deməli, neçə ildir ki, bir problemimiz var idi. Ölkəni təmiz inkişaf etməkdən saxlayırdı. Bütün problemlər xüsusilə də təhsil sahəsində olan problemlər həmin problemin ucbatından özünün ədalətli həllini tapa bilmirdi.

O problem məktəblərdə beş dənə Məhəmməd, on dənə Zəhra, on beş dənə Zeynəb adının olması idi. Məktəbdə bütün idarə heyəti çaş baş qalıb başını itirmişdi. "Məhəmməd, gəl daskaya dərsi danış" deyiləndə beş Məhəmmədin beşi də daskaya çıxıb dərs danışmaq istəyirdi. Elm də ki, o qədər məktəblərdə inkişaf edib ki, həmin Məhəmmədlər PlayStationda, bilyard salonlarında, dönərxanalarda yox məhz məktəbdə, sinifdə hazır olurlar deyə müəllimlər çaşıb qalırdılar.

Sinifdə dərs deyən müəllimələr də bu uşaqların soyadlarını, atalarının adlarını bilmədikləri üçün qalırdılar ki, bu uşaqlara necə xitab etsinlər. Ona görə də problem köklü olaraq qalmaqda idi. Amma Allaha şükürlər olsun ki, artıq həll edildi. Qərara gəldilər ki, bundan sonra uşaqlara dini adlar qoyulmasın.

Vəssalam söhbət öldü. İflic olmuş bütün təhsil sistemi yenidən nəfəs aldı. Bu analoqu olmayan inkişaf sayəsində həmin gündən etibarən artıq 9, 10, 11-ci sinif şagirdləri məktəbə çanta, içində dəftər kitabla gəlməyi "zapadlo" hesab etməyəcəklər. Artıq, həmin gündən etibarən şagirdlər söz verib ki, daha bilyard salonlarında, PlayStation mərkəzlərində yox məktəblərdə, siniflərdə hazır olacaqlar.

Müəllimələr, məktəb rəhbərliyi də söz verib ki, bundan belə məktəblərdə süpürgə, fond, salyarka, 8 mart pulu zad yığılmaycaq. Yeri gəlmişkən məlum olub ki, bütün pul yığmalar da məhz məktəbdə beş dənə Məhəmməd adının olmasına görə imiş. Mən də birinci eşidəndə inanmadım, təəccübləndim. Əvvəl qulaqlarıma inanmadım, amma sonra bir az düşünəndə gördüm ki, yazıq qulaqlarım doğru eşidibmiş. Xəbər də yüz faiz doğru imiş. Sən demə sinifdə müəllimə Məhəmmədi yazı taxtasının qabağına çağıranda sinifdə beş nəfər Məhəmməd hamısı birdən durub qaça qaça yazı taxtasının qabağına gəlirdilər. Sonra müəllimə Yusif çağıranda altı nəfər Yusif adlı şagird yerlərindən cəld sıçrayıb qaça qaça yazı taxtasının qabağına gəlirdilər. Belə olan halda da sinifdə toz tozanaq qalxırdı. Toz tozanaq qalxandan sonra da müəlllimənin üst başı kirlənirdi. Buna görə də pul yığılır, sinifə salyarka alınır, süpürgə alınır. Ondan sonra müəllimənin paıtarları kimyavi təmizlənməyə verilsin deyə pul yığılır. Bəzən kimyavi təmizləmə təmizləyə bilməyəndə məcbur olub təzə paltar alırdılar. İndi dini adların qoyulması qadağan edilsə artıq bütün bu problemlər həll olacaq.

Ona görə də düşünürük ki, bu addım çox uğurlu addımdır. Gərək deputatxanada deputatlar da avropa məhkəməsinə təklif etsin.


2128 بازدید
در حال ارسال اطلاعات...