Sosial şəbəkələrdə uşaq bağçasında baş verən bir hadisənin videosu yayılıb və birmənalı qarşılanmayıb. Videoda tərbiyəçi missiyasını yerinə yetirməli olan, əslində isə sosial şəbəkə istifadəçilərinin də dediyi kimi tərbiyədən uzaq olan bir qadın uşaq yemək yediyi halda onun videosunu, ya da fotosunu çəkmək istəyir. İstədiyi pozanı uşaqdan ala bilməyən "tərbiyəçi" onun başına qapaz vurur. Daha sonra təbii ki, bu insan vəzifədən atılır.
Bu bariz bir nümunə və ibarətdir ki, insanlar gərək başları çıxan işlə məşğul olsunlar. Həmin şəxsin ilk öncə tərbiyə almağa ehtiyaclı olduğunu görürük. Fəlsəfi cəhətdən də bilirik ki, bir insanda pul, tərbiyə, qanacaq yoxdursa onu digərlərinə necə verə bilər. Amma analoqu olmayan Azərbaycanda nəinki bu hadisə, bundan beter hadisələr ola bilər. Düzdür, deyəcəksiz ki, bu cür hadisələr hər ölkədə ola bilər. Ola bilər, inkar etmirik. Amma Azərbaycan analoqu olmayan bir ölkə olduğu üçün bu ölkədə qeyri rəsmi qanundur ki, pul, day-day şotuna insanlar haqq etmədikləri vəzifələrdə təmsil oluna bilirlər. Məsələn, rüşvətxor bir məmurun yeri həbsxana ikən bizdə nazirlər kabinetidir. Prezidentə yaltaqlanmaqla deputat olmaq istəyən yaltaqların yeri normal ölkələrdə küçələrdəki zibil qablarıdır, bizim analoqu olmayan Azərbaycanda isə deputatxana. Əxlaqsız müğənnilərin və şou biznes adamlarının yeri islah evidir, bizdə isə televiziya kanalları. Ona görə də nazirlər kabineti rüşvət ocağı, deputatların xoruldadığı yer deputatxana, əxlaqsızların çıxdığı telekanallar isə telekanalizasiya adlanır.
Bu tərbiyəsiz "tərbiyəçi" də layiq olmadığı yerdə işləyən insanlardan biridir.
Onu da deyək ki, bizdə təkcə uşaqlar yox elə böyüklər də qapazaltıdır. Uşaq zəif bir varlıqdır. Onu qapazlayan ondan güclüdür. Hakimiyyət də güclüdür, xüsusilə əgər bu hakimiyyət dubinka gücünə ayaqda qalırsa. Xalq isə zəifdir. Güclü hakimiyyət hər gün demək olar ki, zəif xalqı qapazlayıb ona çatmalı olan sərvəti, nefti, pulu ondan mənimsəyir. Elə bu cür hakimiyyətin at oynatdığı ölkənin bağçası da bu cür bardaqxana olacaqdı. Başqa nə gözləmək olar? Amma bu vəziyyəti düzəltmək lazımdır. Düzdür sosial şəbəkələrdə qınaq nəticəsində bu cür insanların bağçadan qovulması müsbət haldır. Amm köklü dəyişiklik deyil. Deməli qınağın, tənqidin yeri var. Sadəcə bir az dozasını artırmaq, daha kütləvi şəkildə həyata keçirtmək lazımdır.