
Elçin Əlibəylinin aparıcı olduğu verilişlərin birində maraq doğuran çıxışı oldu. Mirzə Cəlil sayağı danışıb xalqı bir xeyli qınadı. Düzdür, Elçin kimi insanların bir dəfə zalım məmurları, dinsiz, allahsız hakimiyyəti qınadığını görməmişik, amma ümumilikdə qınaq yaxşı şey olduğundan bu da bir qənimət hesab edilməlidir.
Qınadığı məsələ budur ki, biz azərbaycanlılar çox pis insanlarıq. Ona görə ki, məsələn, beş altı nəfər avtobusdan enib onun qarşısını kəsib etiraz etmirik ki, avtobus sürücülərinin, nəqliyyat nazirliyinin, başqa müvafiq qurumların da ağlı başına gəlsin.
Bədbəxt millətdən gör nə istənilir? Düzdür, biz də ölkədə sərnişin daşıyan avtobusların formula 1- ə çevrilməsinin, basabasların, bir tərəfi üstə aşıb iki təkər getmələrinin əleyhinəyik. Bu, insan həyatı üçün təhlükə vəd edir. Amma, bundan daha mühüm problemlər var axı. Elçin isə təbii ki, bu problemləri işıqlandıra bilmir. Çünki işıqlandırsa, nəinki həyətinin, bütövlükdə həyatının da işığı sönər, el içindən Sibirə qədər sürgün edilər.
Daha sonra deyir ki, Almaniyada bir qadına dükanda yaxşı xidmət göstərilməmişdi. O qadın da bir kağıza "bu dükandan heç nə almayın" yazıb boynundan asıb dükanın qapısında 24 saat durmuşdu. Heç bir alman buna görə dükana gəlmirdi. Çünki Almaniyada insan insandır. Digər almanlar həmin xanıma xatir dükandan nəsə almaqdan imtina etdilər. Nəhayət müdir məcbur olub qadının ayağına gəlib yalvar yaxar etdi. Amma Azərbaycanda olsaydı dükana girmək istəyən insanlar etiraz edən xanımı bir kənara qovalayıb dükana girəcəkdilər. Elçin belə dioqnoz qoyur.
Birinci məsələyə gəldikdə deyə bilərik ki, bəli, Azərbaycanda birinci olaraq telekanalizasiyaların önündə dayanıb etiraz etmək lazımdır. Ölkədə fəaliyyət göstərən bütün telekanalizasiyalar bağlanmalıdır. Onların üfunətindən Bakıda dolanmaq olmur. Dörd dənə üst üstə maska da taxsan nəcasətin iyi adamın burnunu deşir.
İkinci məsələyə gəlincə elə o məsələ də birinci məsələdə olduğu kimi ilk olaraq Elçinin özünə də aiddir. Çünki neçə gündür ki, ölkədə acından qırılan insanlar, əlillər, fəqirlər, onların ailələri etiraz aksiyaları keçirir, amma Elçin kimi insnaların vecinə deyil. Bir dəfə gəlib etiraz edənlərə qoşulmayıb. Azərbaycan reallığında etiraz edən xalq Elçinin misalında olan qadın kimidir. Elçin və onun kimilər isə Elçinin dediyi insanlardır, yəni etiraz edib haqqını istəyən insanları qovalayıb dükana daxil olanlar. Elə bizim böyük problemlərimizdən biri də budur ki, özümüz kimdənsə nəsə umur, onu tənqid edirik. Özümüz isə bir nömrəli tənqid edilməli insanlardanıq.