
Bizdə çox pis psixologiya mövcuddur. Dindarımız dindar olmayan şəxsi, dindar olmayan da dindarı müdafiə etmir. Misal üçün dəfələrlə hansısa siyasi müxalifət nümayəndələri deyir ki, biz seçkilərin saxtakarlığına, rüşvətxorluğa, talançılığa, yalançılığa, qanunsuz həbslərə etiraz edəndə yanımızda dindarlar olmur. Bir mənada haqlıdırlar. Çünki bu kimi iyrənc hallara din də etiraz edir. Daxili İşlər Nazirliyi yox a, İslam dini etiraz edir. Dindar daha çox bu kimi məsələlərə münasibət bildirməlidir. Bildirməyəndə isə dindar olmayan insanların nəzərində pis insan kimi qalır. Dindarlar da siyasi müxalifətdən dini müstəvi meydana çıxarılan süni problemlərə münasibət bildirmələrini tələb edirlər. Misal üçün ruhanilərin həbsi, hicab qadağası, məscidlərin bağlanması və başqa misallar qeyd etmək olar. Amma ölkədə bir də Hacı Tale praktikası vardır. O dindar olmayanların dindarların əlindən gileyləndikləri məsələlərdən ötrü onların əlinə bəhanə vermir. Bütün haqsızlıqların önündə dayanan insandır. İstər sırf dini bir məsələ olsun (hicab problemi kimi) istərsə də sırf dini olmasın, adi məsələlər olsun, misal üçün rüşvətxorluq kimi. Hacı Tale bu mənada elə siyasi müxalifəti də hərəkətə gətirib. Vaxt var idi ki, siyasi müxalifət liderlərinin dilindən heç bir həbs olunmuş ruhaninin adı səslənmirdi. Hacı Tale müxalifətə bu xalqın ruhanilərinin də bu xalqdan olduqlarını, haqsızlığa məruz qaldıqlarını xatırlatdı.
Hacı Talenin timsalında Hacı Mövsüm, Hacı Abgül də bu cürdür.
Hacı Talenin çox məşhur bir fikri var. Bu fikir hətta, yanılmırıqsa bir kitab başlığına da çevrilib. Zindandan zindana. Daha dəqiq desək kiçik zindandan böyük zindana. Belə ki, Hacı dörd divardan ibarət zindanı kiçik zindan hesab edir. Bunun müqabilində isə bir də böyük zindan mövcuddur. Yəni, bir çoxlarının azadlıq hesab etdiyi həyat. Yəni, Hacı demək istəyir ki, Azərbaycanda azadlıq hesab etdiyin həyat zindandan başqa bir şey deyil. Üstəlik, bu zindan dörd divardan daha böyükdür. O, dörd divar arasından çıxandan sonra bu sözləri demişdi. Allah onun da nahaqdan tutulan digər məzlumların da qapısını açsın.
Bu günlərdə isə Hacının dedikləri öz əksini daha çox tapır. Misal olaraq deyə bilərik ki, bir iki gün bundan qabaq etiraz edən insanlar yenə aksiya keçirdi. Bu dəfə nədənsə hətta polislər də gözə çarpacaq həddə aksiyanı dağıtmadı. Görünür ya onlar da beziblər, ya da nəsə başqa bir məsələ var ki, bizim hələ ki, həmin məsələdən xəbərimiz yoxdur.
Əlqərəz, bu aksiyada iştirak edən orta nəslin nümayəndələrindən bir kişi polislərə deyir ki, ay polislər məni də aparıb atın zindana, heç olmsa evdə bilsinlər ki, mən yoxam və məndən çörək gözləməsinlər. Doğrudan da dəhşətli sözlərdir. Bir uşaq bu sözlərin dərinliyini anlamaz, 45-50 yaşlı bir şəxs üçün, neft ölkəsinin vərəndaşı üçün bu qərara gəlmək faciədir. Adam açıq aşkar azadlıqda olmağı ziyanlı hesab edir. Çünki düşünür ki, zindanda olsa vergi verməyəcək, üstəlik pulsuz yemək yeyəcək. Ailədə bir nəfər az yemək yeyəcək. Ailənin də yanında üzü qara, başı aşağı olmayacaq. Allah zalımın, bu xalqı bu günlərə qoyan alçaqları hidayət etsin. Hidayət olmasalar evini yıxsın.
Hacı Taleni vaxtında müdafiə etməyən insanlar yavaş yavaş onun sözünə gəlirlər. Azadlığı Azərbaycanda böyük zindan hesab edirlər. Buna görə də balaca zindanı daha yaxşı hesab edirlər. Allah özü ağlımızı qorusun.