Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2021

İmam Səccadın (ə) şəhadəti münasibətilə

İmam Səccadın (ə) şəhadəti münasibətilə o həzrətin həyatı haqda qısa məlumat

İmam Səccadın (ə) təvəllüdü
İmam Səccad (ə) hicrətin otuz səkkizinci ili, şəban ayının beşində Mədinə şəhərində səhər vaxtı dünyaya göz açdı. O dünyaya gəldikdən sonra anasını vəfat etdi və onu mehriban bir dayəyə verdilər. Həzrətin uşaqlıq illəri Mədinə şəhərində keçmişdir.
İki yaşı olanda babası imam Əli (ə) şəhid oldu. Bundan sonra on il müddətində əmisi imam Həsən Müctəbanın (ə) imamlıq dövrünün hadisələrinin şahidi oldu. İmam Həsənin (ə) şəhadətindən sonra hicrətin əllinci ilində on il atası imam Hüseynin (ə) imamlıq dövründə atası ilə çiyin-çiyinə dayanaraq Müaviyənin zülmünə qarşı mübarizə aparmışdır.
İmam Səccadın (ə) anası, İran şahı III Yəzdəgürdün qızı Şəhrəbanu olmuşdur. III Yəzdəgürdün qoşunu müsəlmanlara məğlub olduqdan sonra onun qızı Şəhrəbanu əsir düşdü və Mədinəyə gətirildi. O, Mədinəyə gələndə həzrət Əli (ə) buyurdu: “İslam Peyğəmbəri (s) buyurmuşdur ki, sizinlə müxalif olsa da belə, hər qəbilənin böyüyünə hörmət edin. Bu əsirlər İran ölkəsinin böyükləridir. Özü çoxlu kəniz və qulluqçular sahibi olan şəxsi satmaq yaxşı deyil”.
Beləliklə, imam Əli (ə) Şəhrəbanunun kəniz kimi satılmasına, yaxud kiməsə verilməsinə icazə vermədi.
Biri soruşdu: - Bəs, çarə yolu nədir? İmam Əli (ə) buyurdu: “Onu azad edin və seçim ixtiyarını öz öhdəsinə qoyun. Hər kimi bəyənsə, onunla izdivac etsin və mehriyyəsi həmin şəxsin beytül-maldakı payından hesablansın”.
Əlinin (ə) təklifi bəyənildi və seçim hüququ Şəhrəbanunun öhdəsinə qoyuldu. Şəhrəbanu cavanlar arasında imam Huseyni (ə) seçdi və o həzrətlə izdivac etdi.

İmam Səccadın (ə) ibadətə verdiyi önəm
İmam Səccadı (ə) çoxlu ibadət etdiyi üçün Zeynül-Abidin (ibadət edənlərin zinəti) adlandırırlar. O, gündüzlər işləyir, xalqın çətinliklərini aradan qaldırmağa təlaş edir (bu özü də böyük bir ibadət idi), gecələr isə Allahla razü-niyaz edir, münacatla məşğul olurdu. İbadət halında Allaha o qədər sevgiyə qərq olurdu ki, heç bir hadisə onu ibadət halından çıxara bilmirdi.

Axirət səfəri üçün azuqə
İmam Səccadın (ə) dostlarından biri deyir: Soyuq və qaranlıq qış gecələrinin birində gördüm ki, həzrət Zeynül-Abidin (ə) çiyninə bir qədər odun götürüb yavaş-yavaş harasa gedir. Öz qulamımla irəli gedib, salam verdim və soruşdum:
- Ey Peyğəmbərin övladı! Bu ağır yüklə hara gedirsiniz?
İmam buyurdu: Səfərə gedirəm. Səfər azuqəsi hazırlamışam ki, onu bir yerə çatdırmalıyam.
- İcazə verin, bu yükü qulamım sizin üçün aparsın.
- Xeyr.
- Onda icazə verin, mən onu aparım.
- Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti başqasına tapşıra bilmərəm.
İmamdan ayrılıb getdim. Bir neçə gündən sonra yenə həzrəti gördüm.
Dedim: - Bəs, siz səfərə getməmişdinizmi?
Buyurdu: - O səfər, sənin güman etdiyin (dünya üçün) səfər deyildi. Mənim məqsədim axirət səfəri idi.
İmam Səccad (ə) belə səfərlərdə ehtiyaclılara lazım olan un, yemək, geyim, odun və digər şeylər aparır, bu səfəri özü üçün axirət səfəri hesab edirdi.

İmam Səccadın (ə) xəstəliyi ilahi bir məsləhəti idi
Çox təəssüflər olsun ki, Əhli-beyt (ə) haqqında anlayışı az olan müsəlmanlardan bəziləri dördüncü imamı xəstə kimi xatırlayır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki imam Səccad (ə) yalnız Kərbəla hadisəsində qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il boyunca, digər imamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir inayəti və məsləhəti olmuşdur. Beləliklə, imamın müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalmış və imamət silsiləsi davam etmişdir. İmam Səccad (ə) Kərbəla hadisəsində xəstələnməsəydi, mütləq cihadda iştirak etməli idi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olacaqdı. Beləliklə də, imamət nuru birdəfəlik sönmüş olardı.
İmam Səccadın (ə) yaşadığı dövrə repressiya və diktatura şəraiti hakim idi. Həzrət bir çox məqsədlərini dua və münacat şəklində açıqlayırdı. İmam Səccadın (ə) dualar toplusu “Səhifeyi-Səccadiyyə” adı ilə tanınır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ilahi maarif və dini anlamların həqiqəti haqqında ən önəmli və ən dəyərli bir xəzinə hesab olunur.
Səhifeyi-Səccadiyyə təkcə Allahla razü-niyaz və Onun dərgahından hacətlər istəməkdən ibarət deyil. Bu toplu dua dili ilə bəyan edilmiş etiqadi, ictimai, mədəni, siyasi və bir sıra şəriət qanunları və hökmlərini özündə toplamış islami elmlər və maarif dəryasıdır.

İmam Səccad (ə) Aşura hadisələrinin carçısı
Kərbəla faciəsindən sonra əsirlər karvanını imam Səccad (ə) ilə birlikdə sonsuz hörmətsizliklə Yezidin məclisinə gətirdilər. Məclisdə saray əyanları, Şamın böyükləri iştirak edirdi. Taxtda oturmuş Yezid, imam Səccada (ə) xitab edərək dedi: - Həmd olsun atanı öldürən Allaha. İmam qətiyyətlə buyurdu: - Allahın lənəti olsun atamı öldürənlərə!
Həzrətin sözündən hiddətlənən Yezid əmr etdi ki, onu qətlə yetirisnlər.
İmam buyurdu: - Əgər məni öldürsən məndən başqa pənahları olmayan qadın və uşaqları Mədinəyə aparmağı əmin bir şəxsə tapşır.
İmamın qətiyyətli sözlərini eşidən Yezid öz fikrindən döndü.
İmam Səccadın (ə) və həzrət Zeynəbin (ə) Şamda oxuduqları kəskin xütbələri siyasi və ictimai durumun dəyişməsinə səbəb oldu.
İmam Səccad (ə) xalqı oyatmaq, həqiqətləri açmaq, Yezid və Bəni Üməyyənin zalım hökumətini rüsvay etmək üçün Aşura hadisəsindən çox yararlanmışdır. Fürsət düşən kimi həzrət Kərbəlanın acı hadisələrini danışır, Yezid hakimiyyətinin törətdikləri cinayətləri ifşa edir və atası Hüseynin (ə) qiyamını diri saxlayırdı. Demək olar ki, imam Aşura hadisəsindən batil hökumət əleyhinə güclü təbliğat silahı kimi istifadə edirdi.

İmam Səccadın (ə) Yezidə üç təklifi
Vəziyyəti tamamilə öz əleyhinə görən və hökumətinin sütunlarının təhlükəyə düşməsini hiss edən Yezid, həzrət Zeynül-Abidinə (ə) onun üç istəyini yerinə yetirməyə hazır olduğunu bildirdi. İmam buyurdu:
1. Birinci istəyim budur ki, atamın müqəddəs başını görüb, onu ziyarət edim.
2. İkinci istəyim, bizdən qarət edilən əmlakın geri qaytarılmasıdır. Çünki onların arasında anamız həzrət Fatimənin (ə) öz əli ilə toxuduğu parça, yaylıq, boyunbağısı kimi yadigarlar vardır.
3. Üçüncü istəyim budur ki, məni öldürmək fikirin varsa, əmin bir şəxlə bu qadın və uşaqları cəddimin hərəminə sağ-salamat çatdır.
Yezid imamın birinci istəyini qəbul etmədi, ancaq ikinci və üçüncü istəklərini qəbul edərək dedi: - Qadın və uşaqları Mədinəyə özün aparacaqsan.

İmam Hüseynə (ə) əzadarlıq məclislərinin qurulması
İmam Səccad (ə) və həzrət Zeynəb (ə) Kərbəla faciəsinin ilk günlərindən əzadarlıq etdilər və bu məqsədlə təşkil olunan ilk matəm məclisi Yezid hökumətinin paytaxtı olan Şam şəhərində baş tutdu.
Yezid öz siyasətinin alınmadığını görəndə xalqı aldadaraq öz hərəkətindən peşman olduğunu göstərmək üçün əsirlər karvanına qarşı təzyiqləri azaltdı. Bu fürsətdən istifadə edən həzrət Zeynəb (ə) qardaşı imam Hüseynə (ə) matəm saxlamaq üçün Yeziddən icazə istədi. Sözsüz ki, bu təklifdə imam Səccad (ə) əsas rol oynamışdır. Yezid müxalifət edə bilməyəcəyini görəndə matəm saxlamağa icazə verdi. Beləliklə, imam Səccad (ə) və o həzrətlə birlikdə olanlar Şamın darül-hücrəsində yeddi gün əzadarlıq məclisləri təşkil etdilər.
Bu məclislərdə çoxlu insanlar iştirak edirdi, imam Hüseynin (ə) və Kərbəlanın digər şəhidlərinin adını, onların necə fədakarlıq etdiklərini və onlara qarşı olunan zülmləri hamı eşidirdi. Camaatın hisləri o qədər təhrik olmuşdu ki, onlar Yezidin sarayına hücum etmək və onu öldürmək istəyirdilər. Mərvan Şamda idi. O, Yezid hökumətinin təhlükədə olduğunu anladı və Yezidə dedi: - Əli ibn Hüseyni (ə) və digər əsirləri Şamda saxlamaq məsləhət deyil. Onları tez Mədinəyə qaytar. Yeddi gün əzadarlıq etdikdən sonra Yezid onları Mədinəyə göndərdi.

İmam Səccadın (ə) imamət işlərini yerinə yetirməsi
Həzrət Zeynül-Abidin (ə) insanlara düzgün yaşamaq yolu öyrədir, onlara yardım göstərir, onlar üçün dua edir, düşmən qarşısında dayanır və İslamı müdafiə üçün heç bir şeydən qorxmurdu.
İmam insanlara Quranı və Əhli-beyti (ə) müdafiə etməyin yolunu öyrədirdi, onlara dünya və axirətdə nicat tapmağın, hidayət olmağın yolunu göstərirdi.
Həmçinin, insanlara Allah dərgahına necə dua etməyin, günah və çirkinliklərdən çəkinməyin yolunu təlim verirdi.
Bu günləri İmam Səccadın (ə) çox dəyərli bir əsəri bizim əlimizdədir. İmamın oxuduğu bütün ürəyəyatan dualar və dua dili ilə izah edilmiş allahşünaslıq, əxlaq, ədəb, əhkam və həyatın bir çox məsələləri bu kitabda toplanmışdır. Bu dəyərli kitabın gözəl adı “Səhifeyi-Səccadiyyə”dir.

İmam Hüseynin (ə) müsibətlərinə ağlamağa təşviq
İmam Səccad (ə) özü atası imam Hüseynin (ə) müsibətlərini yada salaraq ağlayır və camaatı da buna təşviq edir, imam Hüseynə (ə) ağlamağın faydalarını onlara açıqlayır, Allahın bu işi sevdiyini və buna görə savab və xeyirlər verəcəyini buyururdu. Həzrət bir hədisdə deyir: “Allah-Təala imam Hüseynin (ə) qətlə yetirilməsinə görə gözləri dolan və göz yaşı üzünə axan mömin üçün cənnətdə əzəmətli otaqlar verər və o mömin yüz illər boyu həmin otaqlarda yaşayar”.
Sözsüz ki, həzrətin məqsədi təkcə hislər üzündən Hüseynin (ə) müsibətlərinə ağlamaq deyildi. İmamın hədəfi insanlara müxtəlif dövrlərdə zülm, zalım və zülmün növlərini tanıtmaq və onları zülm əleyhinə mübarizəyə hazırlamaq idi. İndiyə qədər də bu əzadarlıqlar imam Hüseynin (ə) hədəfi olan yaxşılığa dəvət və pislikdən çəkindirmənin diri qalmasına səbəb olmuşdur.

İmam Səccadın (ə) şəhadəti
Düşmən imam Səccadın (ə) mübarizə metodunu anlamışdı. Artıq o həzrəti öz hökuməti üçün ciddi təhlükə hesab edirdi. Ona görə də hicrətin 95-ci ili, məhərrəm ayının 25-də imamı zəhərləyərək şəhid etdi.
Şiələr imam Səccadın (ə) cənazəsini Bəqi qəbristanlığında əmisi imam Həsənin (ə) məzarının yanında dəfn etdilər.


594 بازدید
در حال ارسال اطلاعات...