Natiq Cəfərli “Fransada tələbə yoldaşımla rastlaşdım: nələri necə qazanıb…” adlı məqaləsində yazır: “Tələbə yoldaşlarımdan biri məmləkətin dəniz sahili, balıqçılıqla dolanan rayonlardan birindən idi. Yaxşı oxuyurdu, çalışqan idi, universiteti bitirəndən sonra əlaqəmiz kəsildi, onun haqqında eşitmişdim ki, Peterburqda yaşayır. Bir neçə il Rusiyada yaşayandan sonra 1997-ci ildə Fransaya köçüb, dil öyrənib, təhsilini davam etdirib, sonra iş həyatına başlayıb, indi böyük bir şirkətdə logistika üzrə direktordur, şəxsi biznesi də var, kiçik kafe və otelin sahibidir. Mən sual verdim ki, ölkəyə qayıtmaq haqqında heç düşünübmü?! Maraqlı cavab verdi, dedi, ailədə 3 qardaşıq, Azərbaycanda yaşayan digər iki qardaşımdan böyüyü balıq tutur, kiçiyi isə Bakı şosesində vanna qoyub həmin balıqları satır. Dedi ki, Azərbaycanda qalsaydı, yəqin ki, o da yol qırağında balıq satacaqdı.”
Bəli, heç kimə sir olmayan məsələ. İnsanlarımız artıq “qürbətdə xan olunca, vətənində dilən gəz” fikrinə inanmır. Çünki bir fikrin hansı dövrdə, kimlərin əhatəsində, hansı mentalitetin sahib olduğu zaman və məkanda deyilməsi də çox mühümdür. Bu sözü atalar o vaxt elə bir şəraitdə demişdilər ki, arxayın idilər ki, vətəndə insanları dilənçiliyə məcbur etmirlər. Dini və mənəvi dəyərlərə hörmət var. Elm oxuyana rüşvətsiz, daydaysız hər yerdə qapılar üzünə açıqdır. Adamlar adam yerinə qoyulur. Amma, indiki şəraitdə olsaydı atalar elə söz deyərdimi? Bu günün də ataları vardır. Hansı bir ata o cür atalar sözünü qarşısında mikrofon, onu çəkən kamera olmasa ürəklə, tam səmimiyyətlə deyə bilər? İndi çıxıb şəhərdə müsahibə alsanız hamı dolanışıqdan şikayət edir. Lap elə mikrofon, kamera qarşısında da açıq-aşkar şikayət edirlər.
Elə bizim bu cümlələri oxuyan nə qədər atalarımız var ki, balaları üçün bir gün ağlaya bilmir. Çünki Azərbyacanda quldur məmurlar, ailə biznesləri, oliqarxlıq, manapoliya, daydayla, rüşvətlə işə girmək və başqa bu kimi çirkin əməllər insanlara işləməyə imkan vermir. Nəinki ata oğlu üçün gün ağlaya bilmir, heç özü üçün də bir gün ağlmağa imkanı yoxdur.
Bir balaca fürsət tapan ölkədən baş götürüb gedir. Hətta, əyri yollarla da olsa bir təhər sənəd-mənəd düzəldib ölkədən gedirlər. Çünki bilirlər ki, Avropa kimi ölkələrdə onları adam yerinə qoyacaqlar. Əvvəlcə qonaq kimi saxlayacaq, dil öyrədəcək, qalmaq üçün yer, yemək-içmək verəcək. Sonra da qabiliyyətinə baxıb işlə təmin edəcəklər. Ən azından işçi qüvvəsi ünvanında hansısa fabrikdə yüksək maaş alıb çalışacaqlar.
Təsadüfi də deyil ki, bu gün hakimiyyətdə oturanları bütün günü söyüb təhqir edənlər arasında elə Fransada və başqa Avropa ölkələrində əvvəllər yaşamaq üçün gedənlər də vardır. Sosial şəbəkələrdə hakimiyyəti söymək dəbi çıxandan onlar da onların Fransa və başqa ölkələrə getməsinə səbəb olan hakimiyyət nümayəndələrini fürsət bilib bacardıqları qədər söyürlər.
Bəli, Azərbaycanda ölən vətəndaşlar gedib Fransada dirilir. Azərbaycanda qalsaydı ölü kimi bir şey idi. Elə Natiq Cəfərovun dostu və onun qardaşlarını müqayisə etsək məsələ aydın olar. Fransada yaşayan qardaş otel, daşınmaz əmlak, iş-güc, yüksək maaş sahibidir, qardaşları isə qızıl balıq sevdasıyla hər gün dənizdən balıq tutmağa gedirlər. Allah eləsin torlarına qızıl balıq düşsün. Bəlkə bu balıq ya Azərbaycanı düzəldər, ya da onu tutan qardaşlar üçün bir gün ağlayar.