Sağ qulağı boyda olan kovboy Zamin Hacıya
Yeni Müsavatda tez-tez cızma-qaralarıyla görünən Zamin Hacı yırtıcılara qoşulmaqdan özü də yırtıcıya çevrilib. Bizdə məsəl var, deyirlər ki, atı atın yanına bağlasalar həmrəng olmasalar da həmxasiyyət olarlar. Düzdür, Zamin Hacını Amerikanın yanına bağlamayıblar, ya da özünü sanki Amerikanın Texas ştatında kovboy kimi hiss edən bu vicdansızı (əlbəttə, bu söz onun üçün çox yüngül sözdür) at tövləsində atların yanına da bağlamayıblar. Amma, ABŞ-ı tərif edə-edə onun xasiyyətini alıb.
Kovboy (at belində inək otarana deyilir) Zamin yazısında belə bir fikir səsləndirib: “Bütün ədalətsizliklərinə baxmayaraq ABŞ planetdə sağlam həyatın, insan hüquqlarının əsas qarantlarından biridir. Heç nə demirəm, təkcə onu təsəvvür edin ki, biz hamımız Rusiya, İran tipli canavarların əlində qalardıq. Adamı tikə-parça eləyərdilər, sağ qulağımız boyda olardıq.” Kovboy Zamin yaxşı olardı ki, oxucularına (əgər varsa) başa salardı ki, ədalətsizliklər edən Amerika necə insan haqlarının əsas qarantı ola bilər? Bunun özü paradoks deyilmi? İkincisi, sanki Rusiya və ya İran bunu sağ qulağı boyda edirdi, amma Amerika icazə vermədi. Amerikanı tərifləyə-tərifləyə onun kimi yırtıcıya çevrilən bu insan Allahına şükür etmir ki, Amerikada yaşayan qaradərili deyil? Yaxud Allahına şükür eləsin ki, yaşadığı ölkə rəhbərliyi hələ ki, yırtıcı Amerika rəhbərlərinin siyasətinə uyğun xətlə gedir. Yoxsa Əfqanistan və İraq kimi çoxdan işğal edilmiş bir ölkənin sağ qulağı boyda olan vətəndaşına çevrilmişdi. Kovboy Zamin Allahına (əgər inanırsa) şükür eləsin ki, 1945-ci ildə dədə-babası bu gün bəyənməyib canavar hesab etdiyi rusların əsarəti altında yaşadığı üçün Amerika hünər edib onun ölkəsinə Nagasaki və Hiroşimaya atdığı atomlardan atmayıb. Yoxsa bu gün də sağ qulağı boyda olacaqdı. Bu gün Zamin irsi olaraq xəstə kimi dünyaya gələcəkdi. O zaman bu gündə bu şəhərlərin əhalisinin xəstə doğulmasına bais olan vicdansız bir dövləti “sağlam həyatın, insan hüquqlarının əsas qarantı” hesab edərdimi? Bu günə qədər həmin ərazilərdə doğulanlar xəstə doğulurlar.
Əlbəttə, Zamin kimi bir kovboyun bütün bunlardan xəbərsiz olduğunu düşünmək sadəlikdir. Sadəcə, beş manat qonarara görə bu cür vicdansızlıq etmək, alçaqlıq edib cinayətkar bir dövləti “insan hüquqlarının əsas qarantı” insanlığı itirməkdən, hüquqsuzluqdan başqa bir şey deyil. Halbuki Zamin kimilər elə doğrudan da sağ qulağı boyda olan halda yaşamqdadır. Özü də atom bombaları atılan ölkələrin birində yaşadığı üçün yox, məhz o bombadan daha zərərli olan hakimiyyətlərdən birinin hakim olduğu ölkədə yaşadığı üçün. Bu işdə də onun öydüyü Amerikanın böyük rolu vardır. Çünki məhz bu cür “demokratiya carcısı” olan ölkələr öz mənfəətinə görə göz yumduqca Azərbaycan kimi ölkələrdə diktatura meydan sulayacaq. Biz heç də Amerikanı ədalətli hesab etmir, ondan ölkədə vəziyyəti düzəltmək istiqamətində nəsə bir şey də ummuruq. Sadəcə ədalətli olsaydılar əzilən xalqlardan tərəf olardılar. Məhz Amerika kimi ölkələrdir ki, Suriyaya demokratiya “gətirmək” istəyirlər, amma, Səudiyyədə, Azərbaycanda və onlar kimi bir çox ölkələrdə mövcud olan avtoritar hakimiyyətlərin meydan sulamasına, anti-demokratik addımlar atmasına heç nə demirlər.