Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2021

İmam Cavad (ə)

Məmun xilafətin paytaxtını Tus şəhərindən Bağdada köçürdükdən sonra İmam Cavada (ə) məktub yazıb, onu Bağdada dəvət etdi. Bu dəvət də, İmam Rizanın (ə) Tus şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi bir dəvət idi. İmam Cavad (ə), Məmunun dəvətini qəbul edib Bağdada getdi. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət etdi, camaat arasında özünü yaxşı və doğruçu adam kimi göstərmək üçün hiylə işlədərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini etdi. İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut etdi. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşdü. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Ancaq bu xəbər Abbasilər tayfası arasında yayılır və onların kəskin narazılığı ilə qarşılanır. Abbasilər sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna sərt etiraz edib dedilər: - Bu nə işdir görürsən? Əli ibn Musanın (ə) vəfat etdiyi və hakimiyyətin Abbasilər əlində olduğu bir halda, hakimiyyəti yenə də Əlinin (ə) övladlarına vermək istəyirsən? Biz bu işə razı ola bilmərik.
Məmun soruşdu: - Bəs sizin fikriniz nədir? Onlar dedilər: - O, uşaqdır, hələ elm və bilikdən elə də faydalanmayıb.

Məmun dedi: - Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mənim bu sözümü qəbul etmirsinizsə, onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.

Həmin dövrdə Yəhya ibn Əksəm adlı-sanlı alimlərdən sayılırdı. Onun bir çox elmlərdə şöhrəti dillər əzbəri olmuşdu, Məmunun yanında da böyük hörməti var idi və xəlifənin yaxın adamlarından hesab olunurdu. Belə ki, Məmun ölkənin bir sıra işlərini ona tapşırmışdı. Ancaq Yəhyanın böyük elmi məqamına baxmayaraq elə də imanlı insan deyildi. O, öz elmindən şöhrət və fəxr üçün istifadə edirdi. Hər bir alim onunla görüşə getsəydi, Yəhya müxtəlif elm sahələrində ona o qədər suallar verirdi ki, nəhayət o alim, özünün Yəhyanın qarşısında aciz qaldığına etiraf edirdi.

Abbasilər alimlərin arasında Yəhya ibn Əksəmi seçdilər. Məmun, İmam Cavadın (ə) elm səviyyəsini yoxlamaq üçün bir məclis təşkil etdi. Həmin məclisdə Yəhya İmama (ə) sual verərək dedi: - Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü nədir?
İmam Cavad (ə) buyurdu: “Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlayıb, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir belə bir iş görür, yoxsa bir neçə dəfə belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?”

Bu məsələ barədə İmam Cavadın (ə) müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhyanın üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başladı. O, xəcalətindən başını aşağı saldı. Belə ki, bütün məclisdəkilər onun İmam Cavadın (ə) qarşısında aciz olduğunu açıq-aşkar hiss etdilər. Sonra İmam (ə) bu mövzuların hər birinin hökmünü dedi. Bundan sonra həzrət ondan bir sual soruşdu. Yəhya sualı cavablandıra bilmədi. İmam (ə) o sualın da cavabını özü verdi. Hamı İmamın (ə) elminin qarşısında təzim etdi. Bu vaxt Məmun dedi: Şükür olsun Allaha ki, mənim düşündüyüm düz çıxdı. Sonra isə üzünü öz qohum-əqrəbasına tutub dedi: - Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?


91 بازدید
در حال ارسال اطلاعات...