
Allahşükür Paşazadənin reallıqları əks etdirməyən, ölkədə yaltaqlığın, GÖZƏGİRƏNLİYİN, alçaqlığın siması olan REAL TV-ə müsahibəsi ilə qarşılaşdıq. Əlbəttə, Mirşahin kimi bir insanın verilişinə çıxmaq nəinki bir şeyxə, heç adi, sıravi bir insana da yaraşan şey deyil. Amma, Allahşükür müəllim bu cür verilişlərə çıxır, müsahibə verir və insanlara səslənib belə deyir: “Gizli deyil ki, bəzi qüvvələr ölkə daxilində və ya xaricində qələbəni qəbul edə bilmir, dövlət başçısının apardığı bu siyasətə bəzən qiymət verə bilmir. Onlara çağırış edərdim ki, siz də bu xalqın, torpağın oğlusunuz. Onların qardaşları, oğulları torpaq uğrunda qan töküb. Bu torpağı birlikdə qorumalıyıq. Dəvət edirəm ki, vətəni sevib qorumağı bacarsınlar…” Biz də bu vətənin, xalqın bir oğlu kimi şeyxə çağırış edirik: Məgər, Hacı Tale İndoneziya xalqının mərd oğludur, yoxsa Hacı Abgülün şəhid qardaşı İraq-Küveyt müharibəsində şəhid olub. Yoxsa Hacı Mövsüm Şimali Koreya vətəndaşıdır. Niyə bir dəfə bu insanları bu vətənin, bu xalqın oğlu hesab edib zalımlara müraciət etmirsiniz ki, onlardan üzür istəyib, maddi-mənəvi təzminat ödəyib azadlığa buraxsınlar?
Yoxsa onların Avropa Şurası, Amerika kimi dayaqları yoxdur ki, mollası olduğunuz hökümətə qulaqburması verib onların azadlığını təmin etsin? Bir Allah şahiddir ki, Əli İnsanovun dalında durduqları kimi Hacı Talenin arxasında Azərbaycan hakimiyyətini qarışqa kimi əzə bilən güclər dayansaydı, Hacı Taleyə də təzminat ödəyib azadlığa burxacaqdılar. Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti gözəl bilir ki, bu məzlumları nahaq yerə həbs ediblər, sabah supergüclər onlara “göz ağartsalar” dovşan vəziyyəti alıb özlərinin sifarişli, saxta məhkəmə qərarlarını əhəmiyyətsiz hesab edib onları azadlığa buraxacaqlar. Amma, məzlumun heç kim arxasında dayanmasa da Allah onları himayə edəndir. O, çox gözəl vəkildir.
Heç kimə sirr deyil ki, Allahşükür müəllim xalq, vətən deyərkən əslində məqsədi hər zaman tərəfini saxladığı, onu şeyxülislam edən hakimiyyətə tərəfdaş və tərəfdar toplamaqdır. Allahşükür müəllim heç zaman ixlasla “vətən”, “xalq” sözlərini dilinə gətirmyib. Sadəcə, Azərbaycan hakimiyyəti Qarabağ məsələsini pis vəziyyətə saldığı üçün xalq və müxalifət tərəfindən qınaqlara tuş gəlib, bu da Allahşükür müəllimi narahat edib. Bir dəfə hakimiyyəti xalqın tərəfini tutmağa çağırmadığı halda haqlı olaraq etiraz edən insanları əslində hakimiyyətə qul olmağa çağırır. Ona görə heç kim onlara inanmır, inanmaq istəmir, inanmamaqda haqlıdır.