Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2021

Hərənin öz vəzifəsi

Bir neçə gündür ki, təkcə İranda deyil, İranı özünə dost bilən bütün müsəlman ölkələrində üçqat matəm edilir. Şəhid general, qəlblərin fatehi Hacı Qasim Süleymaninin ildönümünün qeyd edildiyi bir vaxtda böyük alim, ustad, elm və müqavimət meydanının dahilərindən sayılan Ayətullah Misbah Yəzdi də dünyadan köçdü. Cənnət xanımlarının seyyidəsi Xanım Fatimeyi-Zəhra (s.ə)-ın şəhadət günlərində Ayətullah Misbah Yəzdi və Hacı Qasim də anıldı.

Məlumdur ki, bu üç şəxsiyyət barədə bir məclisdə, məqalədə, yaxud moizədə söz düşdükdə hamının ağlının mübarizə meydanı və şəhadət mövzusu digər mövzulardan daha tez gəlir. Belə ki, Xanım Zəhra (s.ə) - İmam Əlinin (ə) ilk şəhid şiəsi özünü haqq yolunda qurban vermiş, zəmanəsinin zalımlarını məhkum etmişdir. Misbah Yəzdi ağa da ömrünü İslam, yəni, Əhli-Beyt (ə) yolunda həsr etmiş, Əhli-Beytin (ə) elmini insanlara çatdırmışdır. Bundan başqa siyasət meydanında da boş oturmamış, mümkün qədər İslam İnqilabına xidmət etmişdir. Hacı Qasim Süleymaniyə gəlincə, o da 20 yaşlarından əvvəlcə İranda baş tutan İslam İnqilabına qoşulmuş, daha sonra Səddam zülmünə qarşı ölkəsini və dinini müdafiə etmiş, nəhayət ölkə hüdudlarından kənarda, xüsusilə Zəhra (s.ə) balası, İmam Hüseyn (ə) fədaisi olan Bibi Zeynəbin (s.ə) yolunda öz mübarizəsini davam etdirmiş, dünyanın xəbis insanlarının əliylə şəhadət yetmişdir.

Əlbəttə, istər Xanım Zəhranın (s.ə), istərsə də Misbah Yəzdi və Hacı Qasimin adı gələndə insanların ağlına mübarizə meydanının hər mövzudan tez gəlməsini deyərkən məqsədimiz odur ki, bu insanlar öz vəzifələrini tanıyıblar. Vəzifə tanımaq məsələsi çox önəmli məsələdir.

Xanım Zəhra (s.ə) bir Əhli-Beyt (ə) nümayəndəsi olduğu üçün özünə vəzifə bilib ki, Əhli-Beyti (s.ə), Peyğəmbərin (s) fasiləsiz canişini olan İmam Əlini (ə) müdafiə etsin. Xanım Zəhranın (s.ə) sağlığında İmam Əlinin (ə) Xanım Zəhra (s.ə) kimi bir şiəsi olması bir ordu tərəfdardan daha faydalı idi.

Xanım Zəhradan (s.ə) nümunə götürən Misbah Yəzdi və Qasim Süleymaninin bir-biriylə görüşərkən çəkilmiş şəkillərini yəqin ki, görmüsünüz. Biri Əhli-Beyt (ə) elminin varisi, Əhli-Beyt elmini (ə) dünyaya yayan şəxs, digəri bu elmi yayan insanları, cəhalətə, zülmə qarşı edilən inqilabı himayə edən mücahid.
Hacı Qasim Süleymani də minlərlə insan kimi dini hövzəyə daxil ola, bir müddət sonra din libası geyinib ümmətə elmi ilə xidmət edə bilərdi. Özünün də İslam alimləriylə çox səmimi yaxınlığı və qarşılıqlı sevgisi var idi. Amma, o özünü cihad meydanında daha çox potensiallı insan kimi görüb, ya da özünə nümunə və rəhbər bildiyi Ayətullah Xameneinin məsləhəti əsasında ilahi xidmətini cihad meydanında davam etdirib. Nəhayət, Hacı Qasimə Əhli-Beyt (ə) elmini dünyaya yayan bir ölkəni, dövləti canıyla, qanıyla, iti zehniylə qorumaq şərəfi nəsib olub. O da özünü bu sahədə potensiya və qüdrət sahibi hesab edib. Beləliklə də vəzifəsini vaxtında tanıması ona şəhadət zirvəsi nəsib edib.

Şəhadətini gözləyən digər müsəlmanlara da öz vəzifəsini tanımaq tapşırılıb. Bu, ilahi bir tapşırıqdır, bu tapşırıqdan boyun qaçırmaq mümkün deyil!


122 بازدید
در حال ارسال اطلاعات...