Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2020

Əyyami-Fatimiyyə (ə) məktəbinin şəhid Qasimləri

Əyyami Fatimiyyə (ə) günlərini yaşamaqdayıq. Bu günlər müsəlman dünyasında bir daha şəhadət məktəbini dirçəltmək üçün mühüm potensiala malikdir.

Allah öz bəndələri arasında pak insanları bir bəndə üçün ən uca sayılacaq məqama-şəhadət məqamına çatdırır ki, bəndələrdə bu şəhadət hissi ölməsin. Şəhadət hissinin ölməməsi onlara bəndə olduqlarını bir daha xatırladır.

Əyyami Fatimiyyə (ə) günləri bu il həm də mərhum, şəhid general Hacı Qasim Süleymaninin şəhadətinin ildönümünə təsadüf edir. Hacı Qasim Süleymani Xanım Zəhra (s.ə), İmam Hüseyn (ə), Xanım Zeynəb (s.ə) məktəbinin layiqli davamçılarından idi. Əlbəttə, məqsəd Hacı Qasimin həyat və fəaliyyətindən danışmaq deyil. Zatən bütün dünya bu böyük şəxsiyyəti tanıdı. Amma, nə vasitə oldu ki, bu şəxsiyyət tanındı? Onu tanıtdıran şəhadət məqamı oldu. Şəhadətə yetməsi onu dünyada məşhur etdi. Bu cür bir canlı, diri şəhidi bütün dünya tanıdı.

Şəhadət aşiqi olan, Quranın təbiriylə desək – şəhadətini gözləyən bu şəhidlik aşiqi Allahın bəndələri arasında gizli qalan Allah dostu idi. Cavanlığından, təqribən 22 yaşından şəhadətinə qədər İmam Hüseyn (ə) məktəbindən ibrət alan ruhanilərə qoşulan, İslam İnqilabında iştirak edən bu fədai nəhayət gözlədiyi və arzusunda olduğu şəhadətə yetişdi.

Dövrünün Kərbəlasında Həzrət Qasimin (ə) davamçısı oldu. Öz ölkəsində yəzidlərin əleyhinə baş tutmuş qiyamdan tutmuş Xanım Məsumənin (s.ə) hərəmini qorumağa qədər bir ömür şəhadət aruzusuyla yaşadı və məhbubuna qovuşdu.

Azərbaycan xalqı şəhadət məktəbinə bu günlərdə daha çox rəğbət göstərməlidir. Çünki 44 günlük müharibədən öncə dəfələrlə ölkə dindarları, ruhaniləri şəhadətə xüsusi diqqət çəkmişdir. Şəhadət arzusu olan fələstinlilərin xüsusilə haqq mücadiləsi Azərbaycan möminləri tərəfindən daim diqqət mərkəzində olmuşdur. Bundan başqa mömin insanlarımız daim İmam Hüseynin (ə) matəmini yaşadıb, Tasua, Aşura, Ərbəin aşiqi olmuşdur. Bütün bunlarla yanaşı həm də digər imamların (ə) və imamlar (ə) anası Həzrət Zəhranın (s.ə) şəhadətini qeyd etmiş, şəhadət məktəbindən daim ibrət almışdır. Daim Ərbəin mərasimi yetişər-yetişməz İmam Hüseynin (ə), Həzrət Abbasın (ə) ziyarəti üçün tələsmişlər.

Əziz dindarlarımız, ruhanilərimiz əbəs yerə bu böyük və əzəmətli mərasimə insanları təşviq etməmiş, əbəs yerə İmam Hüseyn (ə) mübarizəsindən onlara danışmamışdır. Məhz bunun bəhrəsidir ki, 44 günlük mübarizə müddətində İmam Hüseyn (ə) aşiqi olan əsgərlər nəhayət torpaqlarımızı işğalçılardan azad edə bildi.

Arzumuz budur ki, Əyyami- Fatimiyyə (s.ə) məktəbinin şəhid Qasimləri bundan sonra da – İmamın (ə.f) zühuruna qədər yetişsin. Necə ki, din böyüklərimiz buyurub: biz yolumuza davam edirik. Nə qədər şəhid versək, bu şəhidlər yeni şəhidlərin doğulmasına səbəb olacaq. Bir Qasim Süleymani şəhadətə yetməklə bir Qasim Süleymani adlı məktəb ərsəyə gətirdi.


114 بازدید
در حال ارسال اطلاعات...