Bir yandan igid əsgərlərimizin bir-bir işğal olunmuş ərazilərə yağı düşməndən azad etməsi xəbərlərini oxuyuruq, digər yandan da şəhadət və vətənpərvərlik ruhunu qıracaq şayələrlə insanların fikrini qarışdırmağa çalışırlar. Məsələ burasındadır ki, dilimizdən və qələmimizdən çıxan hər bir söz bir məsuliyyətdir. İşlətdiyimiz hər bir söz bir dəstə insanın fikrini dəyişə bilir. Ona görə də məsuliyyətli olmaq lazımdır.
Qəribəsi budur ki, bəzi özünü iqtidara yaxın hesab edən media orqanları belə bir şayə yayır ki, güya bu müharibəyə rus “dabro” verib. Doğrudur, hamı bilir ki, hər bir regionda kiçik dövlətlərin alnına yazılan budur ki, onlar özlərindən qüvvətli dövlətlərin “dabro”su olmasa bir iş görə bilmirlər. Elə illərdir Rusiyadan asılı vəziyyətdə olan Azərbaycan iqtidarının da Rusiyanın “dabro”su olmadan işə başlaması ağlasığan deyil.
Bu bir tərəfdən, digər tərəfdən də, hey yazırlar ki, Türkiyə sağ olsun, durub gəlib Qarabağdan ötrü canını, məhmətciyini fəda edir. Üstəlik iş o yerə çatıb ki, dövlət başçısı belə, müsahibə verərkən deyir ki, Ermənistanın sərhədlərini bəzi dövlətlərin, o cümlədən Türkiyənin əsgərləri qoruyur, Rusiyanın Ermənistanda əsgərləri mövcuddur, amma biz öz gücümüzə vuruşuruq. Bütün bunlar yayılan şayələrin nəticəsindədir.
Bununla yanaşı Suriyadan gələn muzdlu əsgərlərin, yəni terrorçu vəhhabilərin də Türkiyənin əliylə Azərbaycan ordusuna qoşulmasına dair xəbərlər yayıldı. Hətta, iş o qədər ciddiləşdi ki, XİN səviyyəsində məsələyə münasibət bildirib bunun yalan olduğunu dedilər.
Bu kimi hallarda anlamaq olmur. Həmin media orqanları gah deyir ki, torpaqları alan öz müzəffər ordumuzdur, gah da belə bir fikir formalaşdırmağa çalışırlar ki, əslində Rusiyanın “dabro”su ilə iş baş tutub, o tərəfədən də bizə kömək edən Türkiyədir. Yazıq camaat qalır ki, kimə inansın.