
Azərbaycanın igid əsgərləri erməni işğalında olan bəzi məntəqələri işğaldan azad edib. Dəqiq olaraq nə qədər məntəqə işğaldan azad edilib, bu bir az məchuldur. Çünki bu barədə məlumatları ya media verir, ya rəsmi olaraq hakimiyyətin müvafiq orqanları. Bizim xalqın da bəxti orda gətirməyib ki, bu ikisinin heç birindən yarınmayıb. Mediaya ona görə inanmaq olmur ki, qaranı ağ göstərir. Məsələn, burdan-bura dostumuz olan İran İslam Respublikası haqqında 5-6 gün ərzində min cür yalanlar düzüb-qoşdular. Nə bilim İran Ermənistana silah verir, təbrizlilər tutub maşını yandırıblar və s. hoqqaları bəzəyib camaata yedirtməyə çalışdılar. Bunların fırıldağlarını aşkara çıxarana və İran rəsmi olaraq bəyanat verənə qədər camaat bunlara inanmışdı.
Hakimiyyətdən gələn bəyanatlara da ona görə inanmaq olmur ki, onlar da qaranı ağ göstərən mediadan geri qalmır və ağı qara göstərməyə çalışırlar. Bir ömür bu xalqı yalan-palan məlumatlar, aldatmalarla aldatdılar. İndi də müharibə zamanıdır, camaat balasını ölümə yollayır, “vətən” deyib döyüşə gediblər. Nə qədər torpaq işğaldan azad edilsə qənimətdir. Allah bərəkət versin. Amma hakimiyyətin verdiyi açıqlamalara inanmaq olmaz.
Orası isə dəqiqdir ki, bəli, bəzi torpaqlar işğaldan azad edilib. O da dəqiqdir ki, bu prosesdə bircə dənə də olsun məmur, deputat balasına, qardaşına, özünə rast gəlinmir. Zatən bizdə köklü olaraq ədalətsizlik daim hökm sürüb. Hər zaman hazırkı hakimiyyət xalqın, millətin dar günündə qaçıb siçan deşiyində gizlənib. Daim vətən oğlanları vətən yolunda can verib qan tökdükdən sonra nazir-deputat balaları, özləri, qohum-əqrəbaları tökülən qanlar üzərində biznes fəaliyyəti qurub, villalar ucaldıb, restoranlar tikiblər.
İndi də, müharibə olmasına baxmayaraq həmin ədalətsizlik hökm sürməkdədir. Əmin olun ki, əgər hansısa məmurun özü, oğlu, qohum-əqrəbası müharibəıyə yollansaydı bütün günü sosial şəbəkələr bu insanların fotolarını, videolarını paylaşardı. Çünki qara camaat sosial şəbəkələrdə fəaldır və hakimiyyət adamlarından vətənin xeyrinə balaca fəaliyyət görən kimi onları qəhrəman kimi qabardır, aləmə təqdim və təqdirəlayiq hesab edir. Təəssüf ki, hələ ki, belə bir qəhrəmanlıq, kişilik sərgiləyənlər arasında nazir-deputat yığınına rast gəlinmir. Yox, əgər rast gələn varsa göstərin.