(“Müfti-Əfəndi” Mübariz Qurbanlının yeni “fətvasına” söz ardı)
Deyirəm işimiz-gücümüz yoxdu da, bu koronavirus günlərində evlərimizdə oturub Mübariz Qurbanlının ingilis mətbəxində hazırlanan “fətvalarını” oxuyuruq. Bu dəfə Mübariz Qurbanlı – dövlətin “müftisi” deyir ki, belə getsə bayram namazı internet üzərindən qılınacaq. Bu nə deməkdir?
Özünün də dediyi kimi bəli, moizəni axundlar internet üzərindən həyata keçirə bilər, amma internet üzərindən namaz qılmaq məsələsi heç kimə məlum deyil. Bu necə olacaq? Yaxşı olardı ki, Mübariz Qurbanlı bu namazın “hökmləri” barədə də xalqa bir “açıqlama” verərdi? Əgər məqsədi insanların – hər kəsin öz evində üzü qibləyə yox, üzü monitora dayanıb imama iqtida etməsini nəzərdə tutursa, birdən imamı arxadan çəkən kameraman qardaş Mübariz müəllimin “fətvasından” xəbərsiz olsa və gedib bir dəfə də imamı yandan çəksə, onda iqtida edən namaz qılan şəxs yerini namaz əsnasında dəyişib başqa yerdə dayanacaq? Yaxşı onda Mübariz müəllim zəhmət çəkib bu barədə olan “fətvalarını” “risaləsində” açıq-aydın yazsın. Axı müctəhidlər risalələrində məmumum (iqtida edən) hökmlərini də qeyd edirlər.
Burda bu qədər işi dalana dirəndilməli nə var ki? Bayram namazının İmam Zaman (ə.f) ağanın qeybdə olduğu vaxtlarda qılınması müstəhəbdir, camaatla da qılına bilər, furada da. İndi bircə dəfə nə camaatla, nə də furada (tək halda) namaz qılmasını görmədiyimiz Mübariz Əfəndi Müfti niyə iki ayağını bir başmağa dirəyib deyir ki, namazı internet vasitəsiylə qılacaqlar.
Nəsə, Mübariz Qurbanlını çox qurdalamayaq, yoxsa deyər ki, İmam Zaman (ə.f) ağa zühur eləsə Azərbaycanda yaşamağı seçəcək.
Amma unutmadan sonda Mübariz müəllimə bir sual vermək istərdik: Mübariz müəllim, siz internet üzərindən toyda “çal oynasın Əjdər əmi” mahnısını oynaya bilərsiniz?