Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizinin dəyərli “Əl-Muraqibat” kitabında Şəban ayının son günləri ilə bağlı Allah yolunun yolçularına bir sıra təlimlər vermişdir.
Şəban ayının son cüməsinin fəzilətləri
Şəban ayının son cüməsi Allah yolunun yolçusu üçün Şəban ayında axırıncı mənzil sayılır.
Şeyx Səduq “Uyuni-əxbarir-Riza (ə)” kitabında sənədi ilə birlikdə Əbdussəlam bin Salehdən nəql edir:
Şəban ayının axırıncı cüməsi həzrət Əbul-Həsən İmam Əli ibn Musa Rzanın (ə) hüzuruna getdim. Həzrət mənə buyurdu:
“Ey Əba Səlt! Şəban ayının çoxu gedib və bu cümə onun axırıncı cüməsidir. Belə isə bu ayın qalanından ayın keçən günlərində etdiyin səhlənkarlıq və naqisliklər üçün yaxşı istifadə et. Sənə xeyirli olan əməllərə üz tut, çoxlu dua və istiğfar et, çoxlu Quran oxu, etdiyin günahlarından tövbə et ki, mübarək Ramazan ayı çatana qədər özünü Allah üçün xalis etmiş olasan. Sənə tapşırılmış əmanətləri sahibinə qaytar, bir möminə qarşı kin-küdurətin varsa, qəlbini kin-küdurət tozundan təmizlə, qəlbindən günahın kökünü kəs, Allahdan qorx, gizlində və aşkarda Ona təvəkkül et. Çünki Allah Özü Quranda buyurmuşdur:
وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا
“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.” (“Təlaq” surəsi, ayə 3)
Şəban ayının son günlərinin qalan vaxtlarında bu zikri çox oxu:
اَللّـهُمَّ اِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنا فیما مَضی مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فیما بَقِی مِنْهُ
Allahummə in ləm təkun ğəfərtə lənə fima məza min şəban, fəğfir lənə fima bəqiyə minh.
İlahi! Şəban ayının ötən hissəsində bizi bağışlamamısansa, onun qalan hissəsində bizi bağışla.
Həqiqətən, Mütəal Allah Ramazan ayının hörmətinə xatir çoxlu bəndələrini cəhənnəm odundan azad edər.”
İmam Rzanın (ə) hədisdə buyurduqları bu məqam, yaxud digər məqamlar öz əhli üçün çox dəyərlidir. Bəs, ey salik! Bu sözləri dürr kimi yadında saxla, ürəkdən bu əməlləri yerinə yetir və onları qənimət bil.
Şəban ayının son üç gününü oruc tutmağın fəziləti
Bütün Şəban ayını oruc tuta bilməyən kəs üçün onun son üç gününü oruc tutmağın böyük fəziləti vardır və salik bəndənin onu tərk etməsi yaxşı deyil. Şeyx Səduq həzrət İmam Cəfər Sadiqdən (ə) rəvayət edir:
“Hər kim Şəban ayının son üç gününü oruc tutsa və Şəban ayının orucunu Ramazan ayına birləşdirsə, Allah iki ay ardıcıl tutulan orucun savabını onun üçün yazar.”
Yaxşı olar ki, bu ayın əməllərin yerinə yetirən bəndə Şəban ayının sonunda da digər aylarda olduğu kimi bu ayda əldən verdiyi əməlləri islah etməklə məşğul olsun.
Ramazan ayının ən mühüm əməllərindən biri Şəban ayının axırıncı gecəsi yerinə yetirilir və o əməl “İqbal” kitabında həmin gecə, yaxud Ramazan ayının birinci gecəsi üçün qeyd olunan duanı oxumaqdır. Salik bəndə bu duanı oxumaqla Allah ziyafətinə daxil olmaq üçün hazır olmağın əhəmiyyətinə diqqət yetirir.