Ən layiqli fərdə tabe olmağın əqli zərurəti
قُلْ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَهْدِي إِلَى الْحَقِّ قُلِ اللَّهُ يَهْدِي لِلْحَقِّ أَفَمَنْ يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَنْ يُتَّبَعَ أَمَّنْ لَا يَهِدِّي إِلَّا أَنْ يُهْدَىٰ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
"
De: “(Allaha) qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Yalnız Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”"(Yunus, 35).
İzah: Yuxarıdakı ayənin mövzusu bir növ Allahın yeganəliyini əsaslandırmaqdır. Allah bu ayədə müşriklərdən soruşur ki, Allah kimi özü hidayət yolunu tapmış, xeyir və ziyanları bilən birinə tabe olmaq ağla uyğun və layiqlidir, yoxsa özündən belə xəbəri olmayan, bəndələri öz xeyirlərinə yönəldə bilməyən bütlərə? Şiə alimləri imamların (əsaslandırma) yolunu tutaraq, yuxarıdakı ayənin əsaslandırmasından imamətin sübutu üçün də istifadə etmişlər. Belə ki, Peyğəmbərdən (s) sonra bəndələri hidayət etmək və doğru yola yönəltmək üçün ilahi elmə malik və bəndələri kamillik və inkişaf mənzilinə çatdıra bilən məsum imamlardan (ə) daha yaxşı kim var?
Hədis: İmam Rza (ə):
Allah başqalarına vermədiyi elm və hikmət xəzinələrini imamlara verdi. İmamlar dönəmlərinin ən üstün və ən bilici insanları idilər. Allah buyurur: “Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, ...” (Kafi, c. 1, səh. 202, hədis: 1).