Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2019

Kiçik zindandan böyük zindana

Quran buyurur ki, bir xalq öz aqibətini dəyişməyənə qədər Allah onun aqibətini dəyişməz.
Hacı Tale Bağırzadə - Allah qapısını açsın – bundan qabaq azadlığa çıxarkən demişdi ki, mən kiçik zindandan böyük zindana çıxmışam. Hacı Tale din-iman əhlidir, ilahiyyatçı-alimdir, o gözəl bilir ki, hədislərdə də buyurulduğu kimi dünya möminə zindandır. Bu hədis hazırkı zalım məmurlar tərəfindən bir daha öz təsdiqini tapmaqdadır. Amma etiraf etmək lazımdır ki, o zaman bəzi ağzıgöyçəklər Hacı Taleni qaragüruhçuluqda qınamışdılar. Güya onlar demək istəyirdilər ki, nə üçün din bu qədər ümidsiz, passiv baxır həyata. Nə üçün dindarlara ruhanilər tərəfindən dünyanın zindan olması aşılanır. Nəhayət, nə üçün Hacı Tale Allahına şükür etmək əvəzinə azadlığı böyük zindana bənzədir. Əvvəla bunun cavabında bircə bunu demək kifayət edər ki, bu ağzıgöyçəklər azadlığı, ölkəni zindana çevirənlərə bir söz deməyə özlərində cürət tapa bilməyən adamlardır. O zaman demək lazım idi ki, bu ölkəni kim bu günə qoyub ki, 33 yaşlı bir vətəndaş, gənc ölkəni zindana bənzədir. 

Bu yaxınlarda daha bir nəfər də Azərbaycanı zindana bənzətdi. Əli İnsanov da çıxan kimi, elə çox da uzaqlaşmamış, düz zindanın qapısında müsahibə verib dedi ki, kiçik zindandan böyük zindana çıxıram. Eyniylə Hacı Talenin işlətdiyi sözləri işlətmişdi. Deməli bu tək dindar, ruhani işi deyil. Əli İnsanov ki nə İrana yaxın deyil, nə ruhani deyil, nə də gənc deyil. Üstəlik illərlə Səhiyyə naziri işləyib. O da bu qənaətə gəlib ki, kiçik zindandan böyük zindana çıxıb. 

Doğrudur, Nardaran hadisələrində təqsirli bilinənlərin boynuna qoymağa çalışdılar ki, siz İrana işləyirsiniz, İranın adamısınız. Amma indiyədək nə Hacı Tale İrandan mədəd ummayıb, nə də onun birinci müavini – həbsdən çıxan Elçin Qasımov, Hacı Elman, Hacı Zülfüqar İrana təşəkkür etməyiblər. Hərçənd İrana təşəkkür etmiş olsaydılar belə bu pis sayılmamalı idi. Çünki İran Azərbaycanla dost-qardaş ölkədir. Məsələn, xəbərlərdə oxuduq ki, Biləsuvar gömrük-keçid məntəqəsində iki ölkənin Sərhəd Qoşunlarının rəhbəri birgə məclis keçirib, novruz bayramı münasibətilə əyləniblər. Mərasimdə hər iki ölkənin birinci şəxslərinin portreti asılmış, çıxışları dinlənilmişdir. Daha sonra xatirə şəkilləri çəkilmişdir. Bundan başqa indiyədək heç bir rəsmi məmurumuz İran dövləti və onun böyüklərinin əleyhinə bir kəlmə də deməyib. Sadəcə bu cür dostluq mərasimlərini, ümumiyyətlə iki ölkənin dostluğunu nədənsə nə AZTV nə də digər kanallar və saytlar işıqlandırmır, çünki bu işdə maraqlı deyillər. Bəs Əli İnsanov nə edir? Açıq-aşkar bəyanat verir, hökümətə meydan oxuyur, İlham Əliyevə barmaq silkələyib deyir ki, məni İlham Əliyev məcburiyyət qarşısında qalıb azad etdi. O, ABŞ və Qərbdən qorxdu. Yəni dolayı yolla Əli İnsanov bir növ ABŞ-a və Avropaya minnətdar oldu. Məlum məsələdir ki, Azərbaycan kimi kiçik, zəif, azad siyasəti olmayan bir ölkədə kim hansı dövlətin adını çəkir, hansı dövlətlə maraqları üst-üstə düşür onun agenti hesab edilir. Məsələn, Hacı Taleni İran "agenti" edən onun İranda təhsil alması, məzhəbinin İran böyüklərinin məzhəbiylə eyni olmasıdır. Əli İnsanov isə açıq-aşkar ABŞ və Avropanın adamı olmasını dilə gətirməyə çalışır. Nəticə isə budur ki, ölkəni demək olar ki, həm ruhaniyyətə həm də Qərbin, ABŞ-ın adamlarına zindan etməyi qarşısına məqsəd qoyan məmurlar mövcuddur.

Bir məsələni də qeyd etmək yerinə düşərdi. Ümid edirik ki, Hacı Tale kimi Əli İnsanov da gözəl bilir ki, Qərb, ABŞ – bu gün ona Əli İnsanov – sərf etdiyi üçün onun dalında durmağa çalışır. Sabah bəlkə Əli İnsanovun özündən sui-istifadə edib üstündən "kres" qoyacaqlar. ABŞ və Qərbin demokratiyasını biz Yəməndə, Suriyada, Fələstində "görürük." Əgər onalara arxalanıb ölkəyə demokratiya gətirmək istəyirsə qalsın. Onsuz da hazırda İlham Əliyev də rusun adamı hesab edilir. Nə qədər ABŞ, Qərblə arası yaxşı görünsə də nəhayətdə rusun adamından başqa bir şeyə oxşamır. 

İnsafən, Əli İnsanovun bir sözü çox xoş oldu. Dedi ki, ABŞ və Qərb mənim ayağımdakı qandalları açdı, xalq isə qolumdakı qandalları açmalıdır. Yəni, bir növ demək istəyib ki, mən xalqa arxalanıram. Azərbaycan xalqı özü məni dəstəkləyəcək. Azərbaycandakı dəyişiklikdə ABŞ və Qərbə, onun demokratiya nağıllarına inanmırıq və möhtac deyilik. Nə edəcəksə xalq etsin. Bu yerdə isə Əli İnsanov gərək Hacı Tale ilə görüşüb onun fikrini öyrənərdi. Çünki Hacı Tale Allaha təvəkkül edir və Allaha təvəkkül edən xalqın onun arxasında duracağına inanır. Əli İnsanov Qərbin və ABŞ-ın deyil, Hacı Tale kimi Allahın mesajını çatdırmalıdır. Quran buyurur ki, bir xalq öz aqibətini dəyişməyənə qədər Allah onun aqibətini dəyişməz.


1942 بازدید
در حال ارسال اطلاعات...