Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2019

İmam Əlinin (ə) Azərbaycan valisinə məktubu

Valilik vəzifəsi sənin üçün azuqə qazanmaq vasitəsi deyil, bu vəzifə sənin öhdəndə olan bir əmanətdir
İmam Əli (ə) Osman tərəfindən Azərbaycana vali təyin edilmiş Əşəs ibn Qeysə məktubunda yazır:

وَ إِنَّ عَمَلَکَ لَیْسَ لَکَ بِطُعْمَةٍ وَ لَکِنَّهُ فِی عُنُقِکَ أَمَانَةٌ وَ أَنْتَ مُسْتَرْعًى لِمَنْ فَوْقَکَ لَیْسَ لَکَ أَنْ تَفْتَاتَ فِی رَعِیَّةٍ وَ لاَ تُخَاطِرَ إِلاَّ بِوَثِیقَةٍ وَ فِی یَدَیْکَ مَالٌ مِنْ مَالِ اَللَّهِ عَزَّ وَ جَلَّ وَ أَنْتَ مِنْ خُزَّانِهِ حَتَّى تُسَلِّمَهُ إِلَیَّ وَ لَعَلِّی أَلاَّ أَکُونَ شَرَّ وُلاَتِکَ لَکَ. وَ اَلسَّلاَمُ

“Valilik vəzifəsi sənin üçün azuqə qazanmaq vasitəsi deyil, bu vəzifə sənin öhdəndə olan bir əmanətdir. Sən özündən yuxarının göstərişlərinə itaət etməlisən.
Rəiyyətin işlərində öz istədiyin kimi davranmağa (diktatorluq etməyə) haqqın yoxdur. Sənə əmr gəlməyincə, mühüm işlərə də girişə bilməzsən. Sənin əlində bənzərsiz və böyük Allahın mallarından vardır. Onu mənə çatdırana kimi Allahın xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün pis rəhbər olmayım. Və salam olsun.”
Əşəs ibn Qeys kim olub?
Əbu Məhəmməd Əşəs ibn Qeys Kindi hicrətdən təqribən 24 il əvvəl Hədramavt məntəqəsində dünyaya gəlmişdir. O, 9-cu hicri ilində Kindi qəbiləsindən bir neçə nəfərlə birlikdə Mədinəyə gələrək müsəlman olmuşdur . İslam Peyğəmbərinin (s) vəfatından sonra Əşəs, Əbu Bəkrlə beyət etməmişdir və onun nümayəndəsi Ziyad ibn Lubeyd ilə müharibəyə qalxmışdır. Bu müharibədə məğlub olan Əşəs əsir düşmüş və Mədinəyə gətirilmişdir. Əbu Bəkr onu azad etmiş və onun bacısı ilə evlənmişdir.
Əbu Bəkrin ölümündən sonra Ömər ibn Xəttabın dövründə İraqin fəthində, Qadisiyyə və Yərmuk döyüşlərində iştirak etmiş, bu döyüşlərdə bir gözünü də itirmişdir. Kufə şəhəri salındıqdan sonra orada yaşamışdır. Əşəs, Osmanın dövründə onun tərəfindən Azərbaycan üzrə vali təyin edilmişdir .
İmam Əlinin (ə) xəlifəliyi dövründə Əşəs Azərbaycan və Ərməniyyə məntəqələri üzrə vali olaraq qalmışdır. Siffeyn döyüşündə Əşəs Muaviyəyə qoşulmaq istədi və Muaviyə ilə məktublaşdı , amma bu barədə öz yoldaşları ilə məsləhətləşdikdə, onlar şamlılara qoşulmağı pis dəyərləndirdilər, beləliklə Əşəs öz fikrindən daşındı . Muaviyə İmam Əlinin (ə) Əşəsə etimad göstərmədiyini bəhanə edərək onu öz tərəfinə çəkmək istədiyi bir vaxtda İmam (ə) onu öz ordusunun bir hissəsinə sərkərdə təyin etdi . İlk döyüşdə Muaviyənin ordusu Fərat çayını İmamın (ə) ordusunun üzünə bağladı. Əşəs ibn Qeys həzrətin icazəsi ilə Fərat çayını Şam qoşunundan geri aldı . Döyüş əsnasında məğlubiyyəti hiss edən Muaviyə öz qardaşı Utbə ibn əbi Sufyanı döyüşün dayandırılması təklifi ilə Əşəsin yanına göndərdi. Lakin Əşəs bu müzakirədə İmam Əlini (ə) tərifləyərək onun tərəfini saxladı və müharibənin dayandırılması barədə müsbət cavab vermədi . Lakin Ləylətul-hərirdə İmam Əlinin (ə) ordusu qələbənin bir addımlığında olduğu vaxt Əşəs Kindi qəbiləsinin döyüşçüləri arasından ayağa qalxaraq çıxış etdi və döyüşü tərk etməyi məsləhət bildi. Rəvayətə əsasən, Əşəsin çıxış xəbərini Muaviyəyə verdikdən sonra Muaviyə Quran vərəqlərini nizəyə vurmağı əmr etdi . Yəqubi də Əşəs və Muaviyə arasında məktublaşma və əlaqə olduğunu açıq-aşkar qeyd edir . Bu hadisədən sonra Əşəs, İmam Əlidən (ə) təkidlə istədi ki, müharibəni dayandırsın . Muaviyənin həkəm təyin etmək təklifinin qəbul edilməsində və İraq tərəfindən Əbu Musa Əşərinin həkəm seçilməsində də Əşəsin böyük rolu olmuşdur. O, hətta İmam Əli (ə) tərəfindən Abdullah ibn Abbas, yaxud Malik Əştərin nümayəndə seçilməsi ilə bərk müxalifət etmişdir. Yəqubinin nəqlinə əsasən, sülh müqaviləsində İmam Əlinin (ə) Əmirəlmöinin ləqəbinin yazılıb-yazılmaması barədə iki ordu arasında ixtilaf yarandıqda Əşəs bu ləqəbin müqavilədən götürülməsini istəmişdir .
Xəvaric zühur etdikdən sonra İmam Əli (ə) bütün mümkün vasitələrdən istifadə edərək onlarla müdara etməyə təlaş etdi. Amma Əşəs, Muaviyə ilə müharibədən əvvəl Xəvariclə döyüşməyə təkid edirdi .
Xəvaricə qarşı Nəhrivan döyüşündən sonra İmam Əli (ə) öz tərəfdarlarını Muaviyə ilə döyüşə çağırdı, amma Əşəs müharibə yorğunluğunu bəhanə gətirdi. Onun bu hərəkəti İmamın (ə) ordusunda təsir qoydu və həzrət Kufəyə qayıtdı .
İmam Əlinin (ə) şəhadət məsələsində Əşəsin İbn Mülcəmlə əlaqəsindən danışılsa da bu barədə qaneedici bir nəticəyə gəlmək mümkün deyildir.
Əmirəlmöminin Əli (ə) Əşəsə etimad göstərməmişdir, hətta bir dəfə Kufə minbərində Əşəslə sərt danışmışdır . Nəqlə əsasən, bir dəfə Əşəs İmam Əlini (ə) ölümlə təhdid etmişdir .
Bir nəqlə görə, Əşəsin İbn Mülcəmin həzrət Əliyə (ə) qarşı planından xəbəri olmuşdur. İbn Mülcəm İmamı (ə) öldürmək üçün Misirdən Kufəyə gələndə də Əşəsin evində qalmışdır və onun Əşəslə ana tərəfindən qohum olduğu deyilir . Bir rəvayətə görə, İmam Əli (ə) Kufə məscidinə daxil olmazdan öncə Əşəs, İbn Mülcəmə bu məzmunda bir cümlə dedi: “Sübh açılmazdan qabaq öz məqsədinə tərəf tələs.” O vaxt məsciddə olan Hicr ibn Ədiyy, yaxud Əfif Kindi onların bu danışığını eşitdi. İmam (ə) şəhid olduqda bu işdə Əşəsin əli olduğunu dedilər, lakin Əşəs bunu inkar etdi .
İmam Əlinin (ə) şəhadətindən sonra Əşəs çox yaşamadı və bəziləri onun İmamdan (ə) sonra cəmi 40 gün yaşadığını yazıblar.
Kuleyni “Kafi” kitabında İmam Sadiqdən (ə) belə nəql edir: “Əşəs ibn Qeys Əmirəlmömininin (ə) qətlində şərikdir, onun qızı Cödə Həsən ibn Əlini (ə) zəhərləmişdir və oğlu Məhəmməd də Hüseyn ibn Əlinin (ə) şəhadətində iştirak etmişdir.”
Tarixə əsasən, Əşəsin böyük oğlu Məhəmməd İmam Əlinin (ə) səhabəsi Hicr ibn Ədiyyin tutulmasında fəal iştirak etmişdir. O, Ziyad ibn Əbi Sufyan və İbn Ziyadın güvəndiyi əmirlərdən olmuşdur, Kərbəla faciəsinə az qalmış Hani ibn Ürvə və Müslim ibn Əqilin tutulması və qətlində iştirak etmişdir .
Əşəsin digər bir oğlu İmam Hüseyni (ə) Kufəyə dəvət etmiş, lakin İbn Ziyadın ordusuna qoşulmuşdur və İmama (ə) yazdığı məktubu inkar etmişdir . İmam Hüseyn (ə) şəhid olduqdan sonra həzrətin əynindəki libasını oğurlamışdır .
Əşəsin qızı Cödə atasının hiyləsi ilə İmam Həsən Müctəbanın (ə) həyat yoldaşı olmuşdur və Muaviyənin hiyləsi ilə həzrəti zəhərləmişdir .
Əşəsin nəsli 3-cü hicri əsrinə qədər Kufədə hökumətin xeyrinə olan siyasi hadisələrdə iştirak edib. Ona görə də həmişə xalq arasında hiyləgərlikdə məşhur olublar . Onlardan biri İmam Sadiqlə (ə) görüşmək istədikdə həzrət qəbul etməmişdir .


5762 بازدید
در حال ارسال اطلاعات...