Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Südü xarab eşşək ferması və məmur ordusu

Məsələn nəyə görə deyirik ki, Amerikada itlərlə edilən rəftara baxanda Azərbaycanda insanlarla daha çox it kimi rəftar edilir.
Biz özümüzü həmişə çox qınamışıq. Qınaqda, tənqiddə tərəqqi olsa da bizim qınaqlarımızın da faydası yoxdur. Bu səbəbdən də inkişaf etmirik ki, etmirik. Bir neçə il bundan qabaq eşidəndə ki, Amerikada artıq "heyvan haqları" insan haqlarından da yüksək səviyyədə qorunur, bəzimiz rişxənd etdik, bəzimiz güldük, bəzimiz dedik "heç belə də şey olar?" Amma oldu. İndi bir amerikalı üçün itini gündə beş dəfə şanpunla yuyub kostyum geyindirib, öz süfrəsinin başında oturtmaq adi bir şeydir. Hələ itlə evlənən insanları demirəm. Əlbəttə biz müsəlman xalqıq və bizim dinimiz qədər heç bir yerdə insan haqları və onun kənarında heyvan haqlarının qorunamsı barədə heç bir qanunda yazılmayıb. Müqəddəs kitabımız İslamdan qabaqkı cahiliyyət dövründə diri-diri gömülən qız uşaqları barədə elə o vaxtdan belə deyib: "Hansı günahına görə öldürülür?" Dinimiz gəldi və qız uşaqlarını ölümdən qurtardı. Bu insan haqları barədə bir nümunə idi. Heyvanlar barədə isə bircə bunu qeyd etmək kifayət edir ki, o zamanın müşrikləri eşidəndə ki, İslam peyğəmbəri (s) dəvələrin həddindən artıq yüklənməsinin tərəfdarı deyildi, icazə vermirdi, başlayırdılar dodaq büzməyə. Amma bu gün inkişaf etdiyi söylənilən qərb ölkələrində, Amerikanın özündə bu cür məsələlər təzə-təzə meydana çıxır.
Əlbəttə bizim Amerikadakı "heyvan haqları"nın qorunamsını təəccüblə qarşılamağımız sovetdən çıxan bir cəmiyyət kimi dindən xəbərsizliyimizdən irəli gəlirdi. Bir də ki, belə şeyləri harda görmüşdük ki? Atalar yaxşı deyib: evdə bişməyib, qonşudan gəlməyib. Özümüzün sovet mətbəxində belə şey bişmirdi, qonşularımızla da gediş-gəliş qapalı idi ki, birdən İrandan molla gəlib bizə din öyrədər.
Biz özümüzü nahaq Amerika kimi dövlətlərlə müqayisə edirik. Məsələn nəyə görə deyirik ki, Amerikada itlərlə edilən rəftara baxanda Azərbaycanda insanlarla daha çox it kimi rəftar edilir. Misal olaraq vəhşi polis məmurlarını qeyd edə bilərik. (Hələ onların elə bineyi-qədimdən camaat tərəfindən "it" adlandırılması başqa bəhsə qalsın)
Bəli, daha bir nümunə də bu yaxınlarda meydana çıxdı. Belə ki, eşşək fermasının mətbuat xidmətinin rəhbəri olmadığı üçün onun əvəzinə "Qida Təhlükəsizliyi Agentliyi" xəbər verir ki, pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Çox gülməlidir. Ona görə ki, biz qulağımızın dibində "südü xarab" məmurdan tutmuş polisə qədər gündə əllisiylə altımış dəfə rastlaşırıq, heç vecimizə deyil, amma gedib uzunqulağın qulağında az qalır bit-birə axtarışına çıxırıq. Əlbəttə eşşək də Allahın yaratdığı bir heyvandır, nəinki öz sağlamlığımız üçün, hətta elə eşşəyin sağlamlığı üçün də dövlət əlindən gələni etməlidir. Amma hərdən bir bekarçılıq üzündən gedib inşaatda ucuz maaşla "eşşək kimi" işləyən yazıq fəhlələr barədə də bir nazirlikdən, qurumdan açmaq lazımdır ki, onların da haqları heç olmasa Amerikadakı eşşəklərin hüquqlarının dörddə biri qədər qorunsun.
Allaha şükürlər olsun ki, heç olmasa yazıq fəhlələr daş daşımaq işi də olsun tapa bilirlər. İndi görün fiziki əmək qabiliyyəti olmayan insanlar nə çəkir. Bizdə bekar adam çoxdur. Qulu Məhərrəmli müəllim deyir ki, bekarçılıqdan insanlar boş-bekar işlərlə özlərini məşğul edib işlədiklərini düşünürlər. Gah "artıq" hərf axtarırlar, gah gerbə "mız" qoyurlar. Qulu Məhərrəmli müəllim düz deyir, belə hərf dərdi çəkənsinizsə gedin uşaqlara düz-əməlli danışıq tərzi öyrədin. O de, o gün məktəblərin birində bircə dənə vergülü səhv qoyduğuna görə iki şagird arasında dava düşüb. Bir şagird başqasına "oxu atan kimi, eşşək olma" demək istəyibmiş. Yazıq uşaq vergülü (əlbəttə intonasiyasında) "kimi" sözündən sonra qoymaq əvəzinə, "oxu" sözündən sonra qoyub, cümlə belə alınıb: "Oxu, atan kimi eşşək olma!" Məktəbdən bircə dənə vergülün ucbatından dava düşüb. Allahdan xəsarət alan olmayıb. Günah bütün günü şagirddən pul qırpan müəllimədədir. Vaxtında vergülü düz öyrətmək lazım idi. 8 martda sizə verilən güllər burnunuzdan gələr axı.


3801 بازدید
در حال ارسال اطلاعات...