Dövlətin üç əsas sütunu olan səhiyyə, təhsil və hərbidəki özbaşınalıqları, hərc-mərclikləri, qanunsuz əməlləri qeyd etmək kifayət edir.
Azərbaycanda problemləri saymaqla bitməz. Təhsildə problem, səhiyyə bərbad gündə, dövlət idarələri utanc yeri, hərbimiz ondan beşbetər. Təsəvvür edin ki, siyasi fəallıq göstərməyənlər, seçkidə iştirak etməyənlər heç kəsə etimad etmir. Deyir o da gəlsə yeyəcək. Təsəllimiz budur ki, cəhənnəmə, bunlar yeyib doyublar, onlar gəlsələr bir az da onlar yeyəcək. Vətəndaş hərbi xidmət zamanı cəmisi iki dəfə sevinir, bir hərbi forma geyinəndə, bir də çıxaranda, yəni tərxis olanda. Həkimlərin böyük əksəriyyəti sağlam adamı qayçı-bıçaq altına alır, təki pul qopartsın. Məktəb rüşvət ocağından başqa bir şey deyil. Əlbəttə çox sahələri saymaq olar ki, saymaqla da bitmir. Amma elə dövlətin üç əsas sütunu olan səhiyyə, təhsil və hərbidəki özbaşınalıqları, hərc-mərclikləri, qanunsuz əməlləri qeyd etmək kifayət edir. Bir sözlə ölkə batıb gedir.
Amma mənim həyəcan təbili çaldığım məsələ tamam başqadır. Bütün bu problemlərlə yanaşı bir də doğma vətənimizdə uşaq oğruları, oğurluq halları çoxalıb. Uşaqlarınızdan bərk muğayat olun. Onları tək bayıra-bacaya buraxmayın. Onsuz da bu uşaqlar öz yanımızda olanda dövlət qayğısından kənarda qalır. Dövlət idarə edənlər uşaqlarımıza baxmır, bu uşaqlar oğurlansa, itsə, satılsa onların zərrə qədər vecinə olmayacaq. Hər sahədə olduğu kimi bu məsələdə də özümüz özümüzə gün ağlamalıyıq.
Uşaq oğruları təbii ki, uşaqları oğurlayır, ondan sonra onları ya dilənçiliyə vadar edir, yaxud da Allah göstərməsin içalatını çıxarıb satırlar. Bunlar mafiyadır, kökünü tapmaq və kəsmək lazımdır.
Bir vaxtların məşhur seriallarının birində uşaq oğurluğu ilə məşğul olan dinsiz bir personaj var idi. Adam bu işlərdən külli miqdarda pul qazanırdı. İşi-gücü parkdan, küçədən bir-iki uşaq oğurlamaq deyildi. Oğurlayanda dəstə halında oğurlayırdı. Adam ətrafına özü kimi bir dəstə vicdansızı toplayıb məsum uşaq ovuna çıxırdı. Amma filmdə aqibəti içalatını çıxarıb satdığı uşaqların aqibətindən betər oldu. Belə ki, sonda yaşadığı ölkədə fəaliyyət göstərən xarici missionerlərdən biri tərəfindən ələ keçirildi, üzərinə bomba bağlayıb partlatdılar. Nəticədə tikəsi qulağı boyda oldu. O, uşaqların içalatını çıxarıb satırdı, amma özünün nəinki içalatından, ümumən heç bir yerindən əsər-əlamət qalmadı.
Hazırda uşaq oğurluğu ilə məşğul olan insanlar da istəyir ki, aqibətləri bu cür olsun. Onlar tikələri qulağı boyda olmasa ar tutmazlar. Əlbəttə bu cür insanların külünü göyə sovursalar heç kimin bunlara yazığı gəlməz. Belə insanlarla mübarizə aparmaq hamımızın borcu olmalıdır. Belə olmasın ki, bu cür insanların cəzalanmasını ancaq övladı oğurlanan şəxslər istəsin. Belə deyil ki, ancaq övladı olanlar bu işdən ötrü bərk narahat olmalıdır. Bu məsələdən ötrü hamımız bir nəfər kimi narahat olmalıyıq. Çünki bunlar təkcə oğurladıqları uşaqların valideynlərinə deyil, bu xəbərləri eşidən insanlara da ən azından psixi zərbə vururlar.
Əziz valideynlər, uşaqlarınıza tapşırın ki, tanımadıqları insanlara yaxınlaşmasın, onlardan nəsə almasınlar. Siz də onları ictimai yerlərdə, parklarda, keçələrdə, əyləncə mərkəzlərində tənha buraxmayın. Bütün günü müdiriyyətinin qarnını doydurduğunuz məktəblərdə məsələ qaldırın, qoy sizin balalarınızın oxuduğu məktəblərə mühafizə xidməti təyin edilsin. Bir sözlə bu işi xəfifə almayın. Məsələ təsəvvür olunmaz dərəcədə ciddidir.
Sonda insan psixologiyası ilə bağlı bir məsələni qeyd etməklə bu işə səhlənkar yanaşan bəzi valideynlərin diqqətini cəlb etmək istərdik. Baxın, siz düşünməyin ki, bu kimi hallar indiyədək başınıza gəlməyib, bundan sonra da gəlməz. Özünüzdə qabaqcadan bu işin bir anlıq baş verməsini təsəvvür edin. Bu təsəvvüratın dəhşətindən ibrət alın. Sonra təsəvvürlərinizi bir kənara qoyub şükür edib tədbir görün. İnsan qorxunu (belə məqamlarda ehtiyatı) özü üçün məhz özü hazırlamalıdır. Fərz edin ki, qaranlıq bir keçədə gedirsiniz, heç bir təhlükə hiss etmədən. Daha sonra bir nəfər sizə bu küçədə vəhşi itlərin insanlara hücum etməsini deyir. Siz – onun dediyi həqiqət olmasa belə həmin andan etibarən tədbirli davranmağa başlayırsız. Halbuki bəlkə də doğrudan da heç həmin məhəldə it-zad yoxdur. Amma ehtiyat igidin yaraşıdır. Oğrunu kölgə kimi daim yanınızda hiss edib tədbirli olun. Allah qorusun!