Təqribən 2003-cü illərdən "postmodern ədəbiyyat" adı ilə bir sıra dırnaqarası yazarlar mətbuatda görünməyə başladı
Düz deyirlər ki, bizdə kitab oxumağa heç həvəs yoxdur. İnsanlarımızın bir çoxu kitab oxumağın "kitabını çoxdan bağlayıblar." Əlbəttə kitab oxumaq ümumi bir anlayışdır. Buna iki böyük, iriçaplı hadisə daxildir. Biri məktəbdə dərs oxumaq, digəri də bütün günü mütaliə eləmək.
Deyirlər Azərbaycan xalqı axırıncı dəfə kitabı elə sovet hakimiyyəti illərində "Axundov" kitabxanası və başqa kitab mərkəzlərindən əldə edib oxuyub. Elə düşünməyin ki, o vaxtlar kitab oxumağa imkan var idi indi yoxdur. Kitab almağa pulu olmayan heç olmasa kitabxanaya üzv olub yaxud da internetdə axtarış verib istədiyi kitabı tapıb oxuya bilər. Bizdə isə böyük əksəriyyət nə məktəbdə kitab oxumur, nə də kitabxanalarda. Bir xalq ki, kitab vərəqlərini içinə "semiçka" tökmək, "perojki" qoymaq üçün istifadə edir o xalqda kitaba maraq heç vaxt olmayacaq. Düzdür bəzi cızma-qara yazanlar var ki, adamın pulu var deyə gedib oturub ağzına gələni yazıb çap elətdirib və adını kitab qoyub. Bu cür cızma-qaralar elə içinə "semiçka" tökülməyə layiqdir. Məsələn bu yaxınlarda gündəmə gəlmək, saytlarda müzakirə mövzusu olmaqdan ötrü hər cür meymunluq etməyi nəzərə alan "yazarlardan" biri kitab üstündə şou qurmuşdu. Özü açıqca deyir ki, mən istəyirəm kitabdan şou düzəldim. Lazımsız kitablarını dəyərindən on qat, on beş qat baha qiymətə satırdı. Əlbəttə "satırdı" demək də satılan kitablara haqsızlıq olardı. O kitabı oxumaq üçün 5-6 manat verməyən adam əgər 50-60 manat verirsə düşünür ki, kitab müəllifinə bəlkə bu yolla fayda vermiş oldum. Yoxsa oxumaq üçün alsaydı o kitablar evdə qalıb, sonradan şou vasitəsi olmazdı. Təbii ki, kitablarını dəyərindən baha qiymətə satan "book-şou" özü deyir ki, mənim üçün dəxli yoxdur ki, bu kitaba nə edəcəklər, istəyirlər lap gedib uşaq dalı silsinlər, mənim təki cibimə pul girsin. Bəli, Azərbaycanda bu gün kitabla bağlı vəziyyət çox acınacaqlıdır. Onu da deyim ki, adam bu cür şoulara kitab (oxumaq) dövrü olmadığı üçün gedir, yoxsa yaxşı kitab oxuyan olsa, qonarar versələr oturub kitab yazıb çap elətdirib satar və pul qazanar. (Bu da bir mənada bəhanədən savayı bir şey deyil)
Təqribən 2003-cü illərdən "postmodern ədəbiyyat" adı ilə bir sıra dırnaqarası yazarlar mətbuatda görünməyə başladı. Bunlara xüsusi olaraq pul ayırdılar ki, oturub ağızlarına gələni də olsa yazsınlar, əsas məqsəd isə ondan ibarət idi ki, mənəvi dəyərlərimizi və irsimizi nəsildən-nəsilə ötürən dahi şairlərimizin yazıları – köhnəlik adıyla tənqid edilsin və bu əsərlər müasir dövrümüzdə kölgədə qalsın. Bu yolla da mənəviyyatlı xalqın mənəviyyatı aradan getsin. Kimin ağlına və ağzına nə gəlirdisə yazırdı, üstəlik bunlara qəzet, jurnal, televiziya, internet kanalları vemişdilər ki, öz səviyyəsiz şeirləri, məqalələri, köşələri ilə camaatın beynini yusunlar. Təsəvvür edin ki, "Azadlıq" radiosu kimi nüfuzlu KİV-in saytında çayxanada üç-dörd avaranın əxlaqsız söhbətlərindən ibarət olan köşə çap olunmuşdu. Bunların bəzisi hətta Azərbaycanda nüfuzlu qəzetlərə də "xod" tapa bildilər. Amma bunlar istedadsız olduqları və qabağa gedə bilmədikləri üçün qəlblərində "postmodern ədəbiyyatı zirvəsini fəth etmək" kimi bir mərəz var idi, içdən partlayırdılar, mərəzləri burunlarında biruzə verirdi. Şöhrətli olmaq üçün "burnunun ucu göynəyən" bu insanlar nəinki şöhrətin zirvəsinə çıxa bilmədi, hətta burunlarının ucunu belə "görə bilmədilər." Çünki əslində burunları girə bilmədiyi yerə "başlarını soxmuşdular", daha sonra da bu işdən "baş çıxara" bilmədilər. Kitaba gəldikdə isə o öz-özlüyündə yaxşı vəsaitdir, insanın savadlanmasına xidmət edir. Təbii ki, "semiçka", "perojki" bükülməyə layiq olan kitabları demirəm.
Deməli, mən bu yaxınlarda internetdə kitab təqdimatı ilə bağlı verilən elanda yazılan ünvana getmişdim. Bir qədər adam da toplaşmışdı bu yerdə. Gözlədim ki, indi kitabla bağlı nəsə sensasion bir şey olar. Özü də az qalsın bütün divarlara "kitab oxu!", "kitabsız həyat yaşanmağa dəyməz", "kitab nəfəsin olsun", "mənim ən ülvi eşqim kitabdır" kimi aforizmlər yazılmış, tədbirin şüarı olmuşdu. Adam indi elə bilir ki, elə bir yerə gəlib ki, bütün dünyada xalqları sülhə səsləyən, inkişafa doğru aparan hansısa bir kitabla qarşılaşacaqsan. Amma sonrası nə oldu? Bütün bu qiyyə-qışqırığı salan adam adicə bir yazardır, "Al-əlvan güllər" (ad şərtidir) adlı bir kitab çap elətdirib. Kitabda da başına gələn əhvalatlar, uşaqlıq sərgüzəştləri, qız-oğlan söhbətləri kimi cızma-qaralar yer alıb. Biz isə uşaqlıqdan "kitab oxumaq" deyərkən faydalı bir şey oxumağı nəzərdə tutmuşuq. Elmi, mənəvi, inkişaf yolunu göstərən bir əsər.
Siz də çalışın bucür yerlərə dəvət edilərkən divarlar yazılan şüarlar sizi aldatmasın. Birdəfəlik bilin ki, cəmiyyətə fayda verən kitablar oxunmağa layiqdir.
Arif Mirzə