Allah bizə fürsət verir ki, özümüzü bu ayın ilahi süfrəsinin kənarında əyləşərək behiştə daxil edək
Ramazan ayı Allahın hər il bizim maddi dünyamızın yanar cəhənnəminə göndərdiyi, daxil etdiyi behişt tikəsidir. Allah bizə fürsət verir ki, özümüzü bu ayın ilahi süfrəsinin kənarında əyləşərək behiştə daxil edək. Bəziləri həmin otuz gündə behiştə daxil olurlar. Bəziləri otuz günün bərəkətindən bütün ili, bəziləri isə bütün ömürlərini behiştdə keçirirlər. Bəziləri də onun yanından qəflətdə ötürlər. Bu, təəssüf doğurucudur. İnsanın özü üçün də təəssüf doğurur. Başqaları da bu insanın bütün bu istedadlara, təkamül, yüksəliş bacarığına malik olmasına baxmayaraq, belə əzəmətli bir süfrədən yararlanmasını görəndə təəssüf edərsə, haqlıdır. Bu, ramazan ayıdır. İlahi ziyafət ayıdır. Qədr gecəsi ayıdır.
Bunları o qədər demişik, o qədər təkrar etmişik ki, bizim üçün adiləşmişdir. O insan kamilliyə yetir ki, həmin təkrarların içindən həqiqəti tapsın. Maddi bilik də belədir. Hamı ömür boyu almanın qırıldığı yerə düşdüyünü görüb. Dünyada bundan adi nə var ki? Amma bir nəfər başa düşdü ki, bu bir hadisədir. Nə üçün alma düşür? Nə üçün ağacdan qopduqda yuxarı getmir? Bu zaman cazibə qüvvəsi kəşf olundu. Bəşər elmində yeni qapı açıldı. Bizim həyatımızda adiləşmiş şeylər hamısı bu qəbildəndir. Quranda buyurulur: “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” ("Ğaşiyə", 17). Dəvə minən ərəb üçün dəvədən adi nə var? Quran insanın diqqətini o dəvəyə yönəldir. Biz ətrafımızı bürüyən bu ilahi hadisələrə diqqət yetirməliyik. Onlardan biri ramazan ayıdır. Bu ilahi ziyafət az şey deyil. Eşitmişik ki, ilahi ziyafət qonaqlıqdır. Bu qonaqlığın ev sahibi əzəmətli, bilici, kəramətli, qadir Allahdır. Bütün yaradılışa o hakimdir. Bu, ilahi ziyafətdir. Biz də bu ziyafətə dəvət olunmuşuq. ("Vəsail əş-şiə", c. 10, səh. 313) Bundan istifadə etmək lazımdır. Necə istifadə etmək? Bundan istifadə bizim ixtiyarımıza verilən şeylərlə mümkündür. Orucla, namazla, nafilələrlə, dua ilə, zikrlə, diqqətlə, yalvarışla. Əgər bu meydana daxil olsaq, – biz ruhaniyik – başqalarını da bu meydana daxil etməyə çalışaq. O zaman bu ölkə behişt kimi bir yer olacaq, dünya və axirət işlərimiz düzələcək. “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”.("Əraf", 96). Bunlar ilahi vədədir. Bunlar mübaliğə, şişirtmə deyil. Allah yerin və göyün bərəkətini təqvalı xalqın üzünə açacaqdır.
Ayətullah Seyid Əli Xamenei