Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Azərbaycan dini qarşıdurma ərəfəsində

Son zamanlar sələfi etiqadlı insanlar fəallıqlarını artıraraq ənənəvi məzhəblər, xüsusən də xalqımızın 70 faizindən çoxunun təmsil olunduğu şiəlik əleyhinə misli görünməmiş kampaniya aparırlar. Əslində digər firqə və məzhəblərin etiqadlarını küfr və şirk adlandıran, bəzən onların qətlini vacib sayan, öz tərəfdarlarına digər müsəlmanlara, özləri kimi düşünməyən həmvətənlərinə qarşı nifrət aşılayan bir cərəyanın fəsadları əvvəldən də təxmin olunurdu. Üstəlik, göz önündə radikal qruplar əlindən qan ağlayan bəzi ölkələrin acı təcrübəsi də vardı. Lakin bəlkə də çoxlarını çaşdıran amil sələfi lideri Qamət Süleymanovun tolerant jestləri oldu. 16 ildir vəhhabi təbliğatı aparmasına baxmayaraq, bu gün onun ənənəvi məzhəblər əleyhinə küfr və şirk ittihamlarını ehtiva edən görüntüsü yoxdur. Ətrafında cəmləşmiş yeni Mədinə məzunları isə açıq-aşkar belə ittihamlar yağdırır, şiəliyin uzaqdan-yaxından İslamla əlaqəsinin olmadığını, hətta şiə öləndə - bu, ata, ana, bacı və ya qardaş da ola bilər - şükür etməyin lazım olduğunu da söyləyirlər. Qamətin bu fikirləri bölüşüb-bölüşmədiyini dəqiq deyə bilmərik. Amma burası dəqiqdir ki, Qamət və onlar eyni cərəyana – sələfizmin vəhhabi qoluna mənsubdurlar.
Keçmişi qaytarmaq mümkün deyil. Bəs bu günümüzə, sabahımıza necə, çarə qılmaq olmazmı?! Bu gün Azərbaycan sözün əsl mənasında ciddi dini qarşıdurmalara hamilədir. Sosial şəbəkələrdə gedən virtual savaş özünün pik həddinə çatıb, nə qədər bayağı olsa da, bəzən ən ağır təhqiramiz ifadələr, ölüm hədələri və hətta bütün xalqa qarşı qiyam və cihad çağırışları ilə diqqət çəkir. İndiyə qədər onlarla ilahiyyatçı, jurnalist, yazıçı, şair, psixoloq və ictimai xadim sələfilər tərəfindən təhdid olunub. Daha nə qədər insan barədə fətva verildiyini isə yəqin ki, Allah bilir.
Son zamanlar tanınmış ilahiyyatçılara, Əhli-beytə yaxınlığı ilə tanınan bəzi məmurlara və görkəmli şəxsiyyətlərə qarşı media kampaniyasının da sələfilər tərəfindən yönləndirildiyi bildirilir. Təəssüf ki, məmləkətimizdə qələmini pula satan, xalqın, dövlətin mənafeyini deyil, ciblərini və reytinqlərini düşünən qələm sahibləri bu işdə can-başla onlara yardım edirlər.
Sələfilərin virtual savaşları hətta şəxsi profillərə burun soxmaları, vətəndaşların özəl həyatına müdaxilə ilə də xarakterizə olunur. Bu yaxınlarda Kərbəla ziyarətindən şəxsi fotoşəkillərini Feysbuk profilində paylaşan tanınmış rejissor Kənan Mahmudova qarşı etiraz, tənə və təhqirlər də bilavasitə sələfilərlə bağlı idi. Bunlardan əlavə, Əhli-beyt davamçılarına qarşı fiziki hücumların, öz aralarında baş verən silahlı insidentlərin və dövlət təhlükəsizliyinə yönəli terror planlarının da şahidi olmuşuq.
Günümüzün bu reallığı tolerant cəmiyyətimizdə yaxın perspektiv üçün dini konflikt və münaqişələrin proqnozuna əsas verir. Bunun üçün isə məsuliyyət ilk növbədə hüquq-mühafizə orqanlarının üzərinə düşür. “Dini ədavət və düşmənçilik yaratmaq”, eləcə də “insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği” qanunla qadağan olunursa, bu baxımdan boşluq yoxdur. Qalır bu qanunları icra edib ölkənin təhlükəsizliyini sığortalamaq – bilməyənlərə öyrətmək, istəməyənləri məcbur etmək.
Düşünürük ki, dinc birgəyaşayışın təmin olunması və tolerant mühitin qorunması üçün heç bir güzəşt olunmamalı, hər hansı firqəyə xas inancları küfr və şirk adlandıranlar, konkret və ya qeyri-konkret təkfir metodundan istifadə edənlər, məzhəbləri aşağılayıb ələ salanlar, bu və ya digər firqənin müqəddəs şəxsiyyətlərini lənətləyənlər ən sərt şəkildə cəzalandırılmalıdır.
Dini mühitdə balans yaratmaqdan ötrü kimlərinsə “hələ tezdir” deyib qanlı olayları gözlədiyi hiss olunur. Onlar bəlkə də hər zaman çevrələri idarə edə, nəzarətə götürə bilərlər, amma sözügedən münaqişələrdən sonra bu məmləkətdə heç kim tolerantlıq və multikulturalizmdən dəm vura bilməyəcək.

Mehdi

Nur-az.com


6148 بازدید
در حال ارسال اطلاعات...