“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı gözlə baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üst-lərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”–de. Rəbibniz ürək-lərinizdə olanları (qəlblərinizin sirrini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı dav-ransanız (bilin ki,) Rəbibniz, həqiqətən, tövbə-karları bağışlayandır!” (“İsra”, 23, 25.)
Belə deyirlər ki, məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyatındakı əsaslı dönüşün ilk təkanverici nöqtəsi atasının onun haqqında etdiyi xeyir-duası olmuşdur: Böyük bir ailəyə başçılıq edən Tağıyev (Zeynalabdinin atası) xəstələnib yatağa düşür və işə çıxa bilmir. Ailədə balaca Zeynalabdindən başqa kişi xeylağı olmadığı üçün ata Tağıyevin son ümidi Zeynalabdinə qalır. Zeynalabdin atasına ürək-dirək verib onu narahat olmağa qoymur. O gündən işə atasının yerinə Zeynalabdin gedir.
Ağır inşaat işləri böyük fiziki güc tələb etməsinə baxmayaraq, Zeynalabdin işin öhdəsindən gəlir. İlk qazancını evə gətirən Zeynalabdin axşam süfrə başında əyləşərkən atası onun qabarlı əllərini görüb bir anlığa qəlbi sınır, kövrəlir; əllərini göyə qaldırıb Allaha dua etməyə başlayır. Süfrə ətrafında oturmuş Zeynalabdinin kiçik bacılarına deyir ki, mən dua etdikcə siz də “amin” deyin. Atasının bu duasından sonra xeyir-bərəkət qapıları Zeynalabdinin üzünə açılmış olur.
Ailə, övladlardan və ata-anadan təşkil olmuş elə bir mürəkkəb quruluşdur ki, onun sütunları məhəbbət və səmimiyyət üzərində dayanmışdır: Övlad valideynlərinin xidmətindədir, onlar isə övladlarının duaçısıdırlar. Bu minvalla onların ömrü sona yetir və övlad ədəb-ərkanla, Allahdan rəhmət diləməklə onları torpağa tapşırır. Çox keçmir özləri də ata və ya ana olurlar, bir də ayılıb görürlər ki, onlar da qocalmışlar. Onlar öz valideynləri ilə necə davranmışlarsa onlarla da beləcə davranılır.
Əkilmişi yeyirik, əkirik ki, yesinlər.
Dünya əkin yeridir, biçənəyi bilsinlər.
Amma, çox təəssüf ki, insanların bəzisi valideyn kimi böyük nemətin qədrini bilmir, nankor çıxırlar. Xüsusilə də azdırıcı, yabançı mədəniyyətlərin havasına uymuş şəxslər hər şeyə öz xudibnlikləri, mənfəətləri çərçivəsində yanaşırlar. Belə insanlar üçün hər bir şey onları mənfəətə çatdıran vasitədir. Hətta valideynlərinə də iqtisadi gözlə baxırlar. Nə qədər ki, ata-analarının əllərindən bir iş gəlir, maddi köməkləri dəyir onların başına dolanırlar. Amma elə ki, işdən düşdülər və ya xəstələndilər, qocalıb “artıq bir yükə” çevrildilər, bu zaman artıq hər yolla bu bezdirici yükdən xilas olmağa çalışırlar. Elə nanəcib övladlar da olur ki, hətta ata-anaları öldükdən sonra da onların bədən üzvlərini satıb qazanc əldə etmək istəyirlər. Nə qədər ki, valideyn işə yarayır sağmal inək kimi sağıb qanını sorurlar, elə ki, işə yaramadı, ən yaxşı halda aparıb qocalar evinə atır, bir yolla başlarından edirlər.
Axı, bu ata-ana bir ömür canını övlad yolunda çürütmüş, varını-yoxunu onun yolunda sərf etmişdir. İndi ki, qocalmışlar, əlləri bir iş tutmur deyə təhqirmi olunmalıdırlar?! Köməyə ehtiyacı olan bu qocaları ümidsiz qoymaq nə qədər insafsızlıqdır?!