Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

İzzəti-nəfs (gözütoxluq)

Əgər bir insan Allahın lütfünə göz dikib, Ona təvəkkül etsə, Allahı sözün həqiqi mənasında iradə sahibi saysa, heç vaxt öz ehtiyacını ödəmək üçün Allahdan qeyrisinin qapısına getməz, insanlara sadəcə vasitə kimi baxar. Mömin insanın əsas xüsusiyyətlərindən biri izzəti-nəfs, yəni xalqdan ehtiyacsızlıq, başqa sözlə, gözütoxluqdur. İnsanın şəxsiyyət və ləyaqətində bu xüsusiyyət müstəsna rol oynayır. İzzəti-nəfsi olan insanın həyatı, rəftarları, danışığı fərqlidir.

Başqalarına ağız açmaq, nəsə istəmək insanın şəxsiyyətini kiçildir. İslam insanın şəxsiyyətini uca saxlamaq üçün tövsiyə edir ki, bacardığınız həddə ətrafdakılara ağız açmayın.

Əhli-beyt məktəbinin davamçısı olaraq biz qənaət, gözütoxluluq kimi sifətləri məsumlardan öyrənməliyik. Məsumlar heç vaxt ehtiyaclarının təmini üçün başqalarına ağız açmayıb, səbr etməyi, çətinliyə dözməyi üstün tutub. Yoxsulluq və ya var-dövlət pulla ölçülmür. Bir çox yoxsul insanlar izzəti-nəfsə malik olduğundan əzəmətli görünür, şəxsiyyətli tanınır. Onların yoxsulluğunu rəftarlarından hiss etmək mümkün deyil.

Həzrət Peyğəmbər (s) zərurət olmayan yerdə ağız açmağı yoxsulluq nişanəsi sayır və buyurur: "Xalqdan istisna hallarda istəmək ehtiyacsızlıq, çox istəmək alçaqlıq və həqiqi yoxsulluqdur. Haqq yol rəhbərləri ən çətin şəraitlərdə zəiflik göstərmir, Allahdan başqasının qarşısında əyilmirlər. Onlar öz ardıcıllarına öyrədirlər ki, möminin izzəti, böyüklüyü, şəxsiyyəti özü kimi insanlardan ehtiyacsızlıqdadır.

Əlbəttə ki bütün bunlar insanın insandan ehtiyacsız olduğunu göstərmir. Əsas məsələ budur ki, insan ictimai rabitələrdə, ehtiyaclarının təminində öz şəxsiyyətini qorusun, Peyğəmbərin (s) təbirincə, istəklərini izzəti-nəfsi qorumaqla bildirsin. Möminin şəni tələb edir ki ətrafdakılara ehtiyacsız görünsün. Söhbət izzət və kəramətdən gedəndə insan özündə bu ruhiyyəni saxlamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Bir diş çöpü (misvak) istəməməklə də olsa xalqdan ehtiyacsız olun." Əgər insanlar bilsəydilər ki ağız açmaqda, istəməkdə necə bir əskiklik var, heç vaxt kimsə kimsəyə ağız açmazdı.

Peyğəmbərlər qənaət əhli olub və çalışıblar ki ətrafdakı insanları sadə həyat tərzinə təşviq etsinlər. İslam Peyğəmbəri (s) Əbuzər Ğəffariyə tövsiyələrində buyurur: "Ey Əbuzər! Ağız açmaqdan, istəməkdən çəkin. Bu iş insana alçaqlıq və yoxsulluq gətirir. İstəməyi adət etmiş şəxs özü yoxsulluğun sorağına gedib və qiyamət günü uzun-uzadı hesab verəsidir.

Həzrət Əli (ə) buyurur: "Peyğəmbərin bu sözünü qəbul et: İstəmək qapısını açan insana Allah ehtiyac qapısını açar."

Bəzi əxlaqi mövzular mürəkkəbdir və ayrı-ayrı şəxslər onları fərqli mənalandırır. Amma ən aydın və dəqiq tərif məsumların, Əhli-beyt məktəbində tərbiyə almış əxlaq ustadlarının tərifdir. İzzəti-nəfsin tərifini də məsumlardan öyrənsək daha düzgün olar.

İmam Sadiqin (ə) şagirdləri arasında Şüeyb adlı bir şəxs də vardı. Bir gün ustadı ilə əyləşib söhbət edirdi. Söhbət arası bir nəfər görüş üçün icazə istədi. İmam icazə verdi. Bu şəxs imama dedi: "Mən sizi sevənlərdən, sizin dostlarınızdanam. Bir müddətdir ağır ehtiyacla üzləşmişəm. Əvvəlcə yaxınlarımdan kömək istəməklə çətinlikləri aradan qaldırmağa çalışdım. Amma onlara yaxınlaşmağım onların uzaqlaşmasına səbəb oldu. Bu münasibət məndə də onlara qarşı soyuqluq yaratdı." İmam buyurdu: "Allahın iman və övliya sevgisindən sənə verdiyi pay ətrafdakıların əlində olandan çox üstündür." Şüeyb dedi: "Onda Allahdan istə ki, məni başqalarından ehtiyacsız etsin." İmam buyurdu: "Ehtiyacsızlıq yaxşıdı. Amma Allah istəyib ki, biz öz ruzimizi bir-birimizin əlindən alaq. İnsan başqasının ehtiyacını aradan qaldırmağa çalışmalıdır. Ona görə də, sənin dediyin kimi dua etmək düzgün deyil. Allahdan belə istəyək ki, Pərvərdigara, bizi şər insanlardan ehtiyacsız et."

Demək, ilkin təsəvvürün ziddinə olaraq, izzəti-nəfs xalqdan tam ehtiyacsızlıq demək deyil. Allah insanı ictimai yaradıb və o həmnövlərinin köməyi olmadan qarşısına çıxan problemləri həll edə bilməz. Cəmiyyət bir-birinə əl tutmaqla yaşayır. İslamın tövsiyə etdiyi nöqtə budur ki, istəyəndə izzəti-nəfsi, şəxsiyyəti ayaq altına almayaq.

Nəql olunur ki, bir gün həzrət İbrahim (ə) qonaq tapmaq istəyi ilə evdən çıxdı. O süfrəyə tək əyləşməyi sevmirdi. Qonaq ardınca çox gəzdi. Amma kimsəni tapa bilməyib çarəsiz evə döndü. Evə daxil olanda bir şəxslə rastlaşdı. Təəccüblə soruşdu: "Sən kimsən, kimin icazəsi ilə evə daxil olmusan?" Kişi cavab verdi ki, Allahın icazəsi ilə evə daxil oldum. Həzrət İbrahim başa düşdü ki, qarşısındakı şəxs həzrət Cəbraildir. Cəbrail dedi: "Allah məni dost saydığı bəndəsinin görüşünə göndərdi ki onu bu xəbərlə müjdələyim." Həzrət İbrahim (ə) şövqlə soruşdu: "Həmin şəxs kimdir? Mən də ona xidmət etmək istərdim." Cəbrail cavab verdi ki, həmin şəxs sən özünsən. İbrahim təəccüblə soruşdu: "Mən nə üçün Allahın dostu seçilmişəm?" Cəbrail cavab verdi: "Çünki sən kimsədən bir şey istəmirsən, kimsəyə əl açmırsan!"

Həzrət İbrahim peyğəmbərlər və salehlər arasında izzət nümunəsidir. Onu böyük məqama çatdıran bu sifət olub. Oda atıldığı zaman yalnız Allahdan kömək gözləməsi onu yüksək məqama çatdırıb. Həzrət Peyğəmbər (s)

və onun Əhli-beytində isə bu sifət uşaq yaşlarından müşahidə edilib. İmam Baqir (ə) gənc yaşlarında xəstəlik ağırları içində qovrulurdu. Çox zəifləmişdi. Xəstəliyə dözmək gücündə deyildi. Yataqda olar, daim zikr edərdi. Atası imam Səccad (ə) onun saralmış çöhrəsinə baxıb buyurdu: "Övladım! Nə istəyirsən? Könlündən keçəni de, sənin üçün gətirim." İmam Baqir (ə) cavab verdi: "Atacan! İstədiyim heç nə istəməməkdir. Allah məni halımı görür və bu mənə bəs edir. Əgər özü istəsə təqdirini həyata keçirər." İmam Səccad (ə) övladının alnından təri silib buyurdu: "Mübarək olsun bu sözlərin! Sən Allaha sığınmaqda həzrət İbrahimin çatdığı məqama çatmısan. O kimsədən bir şey istəmədi. Oda atıldığı zaman Cəbrail köməyinə tələsdi və yardımını təklif etdi. Həzrət İbrahim buyurdu: "Kimsədən kömək gözləmirəm. Rəbbimin mənim halımı görməsi mənə bəs edir. O nə istəyirsə, o da olacaq. Mənim üçün ən üstün sığınacaq Odur."

Həqiqi şiə və Əhli-beyt ardıcılı o şəxsdir ki, məsumların yolunu gedir, onların hər sözünə diqqətlə yanaşır. Bir gün imam Sadiq (ə) şagirdlərinə belə buyurdu: "Peyğəmbər öz səhabələrinin imanını gücləndirmək, əhdini möhkəmləndirmək üçün soruşdu: "Mənimlə yenidən əhd bağlayarsınızmı?" Hamı bir ağızdan razılığını bildirdi. Həzrət buyurdu: "Mənimlə əhd bağlayın ki, heç vaxt xalqdan nəsə istəməyəcəksiniz. Uzun müddət ötdü, səhabələr bu fikirlə yaşadı ki, əhdlərinə sadiq qalsınlar. Onlar ata minəndə qırmancları yerə düşərdisə, onu kimsədən istəməzdilər, özləri atdan düşər, qırmancı götürərdilər. İmam Sadiq (ə) sözünü belə tamamladı: "Bizim həqiqi davamçılarımız kimsədən nəsə istəməzlər."

İzzəti-nəfslə daha ətraflı tanış olmaq üçün məsumların həyat yolunu izləmək yaxşı olar. Elə ehtiyaclı insanlar var ki, şəxsiyyətlərini qoruduqlarından ehtiyaclarını dilə gətirməməyə səy göstərərlər. Belələri haqqında deyiblər ki, sillə ilə üzünü qırmızı saxlayır.

Əksinə, bəziləri də ruzisi olan halda daim ağız açar, daim çətinlikdən şikayətlənər. Bu insanlar izzəti-nəfs, insani şəxsiyyəti asanlıqla ayaq altına alarlar.

İslam öz ardıcıllarına göstəriş verir ki, öz uca şəxsiyyətlərini ucuz qiymətə satmasınlar. Maddi ehtiyacların təmini üçün qarşına çıxan adama əl açmaq insanı alçaldır. İnsanın vəzifəsi ehtiyacını aradan qaldırmaq üçün çalışmaqdır. İnsan çalışsa Allahın tövfiqi ilə başqalarına möhtac olmaz.

Bir gün imam Sadiqin (ə) yaxınlarından biri imamın yandırıcı günəş altında əkin sahəsində işlədiyini gördü. Yaxınlaşıb imam salam verdi. Belə ərz etdi: "Sənə fəda olum! Allah yanında bu qədər yüksək məqamınız olan halda nə üçün özünüzü gün altında yandırırsınız?" İmam (ə) əlini işdən saxlamadan cavab verdi: "Çünki başqalarına möhtac olmaq istəmirəm." Bu mövzuda İmam Sadiqdən (ə) başqa rəvayətlər də var. Həzrət Peyğəmbərin (s) səhabələrindən biri yoxsulluqla üzləşmişdi. Zövcəsi dedi ki, kaş Peyğəmbərin hüzuruna gedib, ondan bir şey istəyəydin. Kişi Peyğəmbərin görüşünə gəldi. Həzrət onu görüb buyurdu: "Kim bizdən istəsə, ona əta edərik. Kim ehtiyacsızlıq sorağında olsa, Allah onu ehtiyacsız buyurar." Kişi başa düşdü ki, Peyğəmbər (s) onu nəzərdə tutur. Evə qayıdıb əhvalatı zövcəsinə danışdı. Zövcəsi dedi: "Peyğəmbər də insandır və sənin halından xəbərsiz ola bilər. Sən vəziyyəti ona danış." Kişi yenidən Peyğəmbərin yanına qayıtdı. Peyğəmbər (s) növbəti dəfə əvvəlki sözlərini təkrarladı. Nəhayət, kişi səhraya üz tutdu. O qədər çırpı yığdı ki, onu bazarda satıb kifayət qədər buğda aldı. Səhəri gün də eyni işi təkrarladı. Artıq bu işi özünə peşə etmiş kişinin qazancı artdı, iki dəvə və xidmətçi aldı. Bir gün Peyğəmbərin (s) görüşündə olarkən həzrətə (s) ağız açmasını və həzrətin cavabını yada saldı. Peyğəmbər (s) buyurdu: "Mən dedim ki, bizdən istəyənə əta edərik, hər kəs Allahdan ehtiyacsızlıq istəsə, Allah onu ehtiyacsız edər."

Əgər insan Allahın lütfünə ümid bağlasa, Ona təvəkkül etsə ehtiyaclarının təmini üçün kiminsə qarşısında alçaqmağa məcbur olmaz. Allah belə insana ruzi qazanmaq üçün münasib yollar açar. Ehtiyac zamanı dua və təvəkkül, Allahdan yardım istəmək lazımdır. Bir gün Müfəzzəl yoxsulluqdan üzülmüş vəziyyətdə imam Sadiqin (ə) hüzuruna gəldi. Öz dolanışığından şikayətləndi. İmam Sadiq (ə) xidmətçiyə göstəriş verdi ki, 400 dirhəm pul versin. İmamın (ə) əziz şagirdlərindən olan bu şəxs belə ərz etdi: "Sənə fəda olum! Mən ehtiyacımdan danışanda məqsədim pul yox, dua istəmək idi. İmam (ə) mehribanlıqla buyurdu: "Sən pulu götür, dua da edərəm." İmam onun haqqında dua etdi və özünə belə tövsiyə verdi: "Ehtiyaclarını xalqa bildirməkdən çəkin. Belə etsən heç vaxt alçalmazsan."

Nur-az.com
Tərcümə bölməsi


7321 بازدید
در حال ارسال اطلاعات...