Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2014

İnternet və və onun fəsadları

İnternet haqqından məşhur bir cümlə var: "İnternetə daxil olub nə axtardığını bilməyən insan əslində hər şey axtarır." İnternetdə informasiya zənginliyi, onun cazibəsi bu şəbəkəyə xüsusi bir mövzu ardınca daxil olmayan hər bir istifadəçini saatlarla özünə bağlayır. İnternetə daxil olan insanın beyini toz sovuran maşın kimi bu şəbəkədə qarşısına çıxan hər şeyi özünə çəkir. Hansı ki hər bir informasiyanın insanın düşüncəsinə, rəftarlarına, həyat tərzinə öz təsiri var.
İnternet fəzası ilə, ümumiyyətlə informasiya şəbəkəsi ilə yaxından tanış olanlar belə düşünürlər ki, dini cameənin öz mədəniyyətinə uyğun internetə bənzər şəbəkəsi olmalıdır. Bu şəbəkədə dini maarifin yayılması və onun əldə olunması imkanları qoyulmalıdır. Hazırda internet bu fəzaya daxil olan hər bir insanı öz əsərəti altına almaqdadır. Müsəlman ölkələrində internetə qoyulan məhdudiyyətlər onun zərərini qismən də olsa azaldır. Süzgəclər insanların etiqad və həyat tərzinə yönəlmiş hücumların qarşısını müəyyən həddə ala bilir.
Başqa bir qrup belə düşünür ki, yeni texnologiyaları qəbul etməmək mümkünsüzdür. Sadəcə bu texnologiyalar imkan həddində cəmiyyətin mədəniyyətinə uyğunlaşdırılmalıdır. Təəssüf ki, internet şəbəkəsi qlobal olduğundan onun hər bir cəmiyyətin mədəniyyətinə tənzimlənməsi mümkünsüzdür.
İnsan ünsiyyətə girdiyi tərəfi tanımadığı zaman adətən onun zərərlərindən təsirlənir, hücumlara məruz qalır. İnternet şəbəkəsini yetərli həddə tanımayan insanlar asanlıqla onun təsiri altına düşür. Əslində internet və digər qlobal informasiya vasitələri insanların həyat tərzini dəyişməyə hesablanıb. Belə bir halda yalnız möhkəm əqidəyə malik insanlar öz əzm və iradəsi sayəsində internetin zərərlərindən qoruna bilir.
İnternetin müsbət təsiri varmı? Təbii ki hər bir hadisənin müəyyən həddə müsbət təsiri ola bilər. Statistika göstərir ki, məhdudiyyətlərə baxmayaraq 77 milyonluq İran cəmiyyəti 2010-cu ildə Orta Şərqdə internetdən ən çox istifadə edən ölkə olub. Bunu əyləncə marağı ilə əlaqələndirmək düzgün olmazdı. Bu ölkədə elm və araşdırma məqsədi ilə internetə müraciət edənlər çoxluq təşkil edir. Şübhəsiz ki, internet insan həyatının ən qiymətli ünsürü olan vaxta qənaətdə özünü göstərir. İnsanlar asanlıqla informasiya mübadiləsi aparır, iqtisadiyyatını idarə edir.
Dünya informasiya şəbəkəsi genişləndikcə kiçilir. Əksər mütəxəssislər bu fikirdədir ki, internet işə düşəndən insanların həyatına böyük təsir göstərib. Çünki bu şəbəkə asanlıqla əldə olunan və ən rəngarəng şəbəkədir. Mütəxəssislər bildirir ki, internetin işə düşməsi ilə dünya qloballlaşıb, başqa sözlə vahid kəndə çevrilib. Dünyanın bir başında olan insan o biri başında olan insanla asanlıqla rabitə saxlayır, informasiya mübadiləsi aparır. Bu arada mədəniyyətlərlə tanışlıq artır, eyni zamanda ənənəvi mədəniyyətlər üçün təhlükə yaranır. Bəli, internet mədəniyyətlərlə tanışlıq üçün ən rahat vasitədir. Əslində internet özü bir mədəniyyətə çevrilib və bu mədəniyyət dünyanın bütün mədəniyyətlərinin məcmusundan ibarətdir. Əlbəttə ki, internet mədəniyyəti həm də dünyanın bütün mədəniyyətlərinə qarşıdır.
Dünya informasiya təsisatının toplantısında belə bir nöqtə xüsusi vurğulanıb: "İnternet əlaqələri insanlar üçün yeni işlərinin açılmasında, mövcud mənbələrdən səmərəli istifadədə faydalı olub." Təbii ki, internetin imkanları genişdir. İnformasiya, səs və təsvir mübadilələri bu şəbəkədə yüksək səviyyədə təmin olunub. Amma bu imkanlar fayadlı olmaya da bilər. Hər şey vasitələrə hansı məqsədlərlə yanaşılmasından asılıdır.
Müasir dünyada internetin əsas xidmətlərindən biri elm və araşdırmalar sahəsini əhatə edir. Saysız təhsil müəssisələri, universitetlər internet vasitəsilə dünya ilə əlaqə qurur, informasiya mübadiləsi aparır.
İnternetin ən böyük və şübhə doğurmayan xidmətlərindən biri insanların gündəlik bank əməliyyatlarını, pul köçürmələrini asanlıqla yerinə yetirməsidir. Təbii ki internetin bu imkanlarından faydalanmaq üçün "elektornik vətəndaş" olmaq lazım gəlir. Başqa sözlə, insan bu texnologiya ilə tanış olmalıdır ki, ondan faydalana bilsin. Hazırda bir çox ticarət şəbəkələri, xidmət sahələri öz əməliyyatlarını internet vasitəsilə həyata keçirir. İnsan bu texnologiya ilə tanış deyilsə ömrünün əhəmiyyətli bir hissəsini qeyri-internet vasitəsilə həyata keçirməyə məcburdur. Adi bir qəbzin ödənməsi üçün banka getmək zahirən böyük vaxt aparmasa da bu əməliyyatlar üst-üstə gəldikdə böyük rəqəm alınır.
Hazırda dünyada elektronik dövlət anlayışı gündəmdədir. Əksər dövlətlər elektron xidmət şəbəkəsini genişləndirməklə öz iqtisadiyyatına yardım etmək istəyir. Əgər insanlar internetin imkan verdiyi bütün xidmətlərdən istifadə etsələr nəqliyyat, yanacaq sahəsində böyük qənaət əldə olunur.
İnternet həm də yeni iş yerləri deməkdir. Elektron xidmət sahəsində operatorların fəaliyyəti qaçılmazdır. İstər ticarət şəbəkələrində, istər ümumi xidmət sahəsində, istər dövlət qurumlarında əməliyyatların internet vasitəsilə həyata keçirilməsi üçün müştərilərə xidmət şəbəkəsi var.
Sual yaranır ki, internetin faydası çoxdur, yoxsa zərəri? İnternetin zərərli tərəflərini daha çox olması ilə bağlı ictimai rəy var. İnternet insanların həyat tərzini dəyişib. İnternet işə düşəndən insan nəsli bu vaxta qədər görünməmiş problemlərlə üzləşib. Əlbəttə ki, hər şey yanaşmadan asılıdır. Amma mənfi və müsbət imkanları azad şəkildə cəmiyyətin ixtiyarına verəndə mənfi təzahürlər özünü göstərir. İnternetin bəşəriyyətin əxlaqına vurduğu zərbə danılmazdır.
İctimai baxımdan internet bəşər tarixinin ən təhlükəli hadisəsi sayıla bilər. Əvvəla internet bir dəyərə, həyatımızın tərkib hissəsinə çevrilir. İnsanın kimliyi və şəxsiyyəti internetdən təsirlənir. İnternetdən düzgün istifadə olunmadıqda insan öz kimliyini itirir.
Bəziləri iddia edir ki, internet həyatımızın tərkib hissəsinə çevrilib və internetdən imtina edən insanı savadsız saymaq olar. Dünya internet dünyasıdır deyirlər. Əslində bu şüarlarla elm öyrənmək məqsədi olmayan kütləni internetə sürükləyirlər. Sözdə internetdən faydalanmaq məqsədi ilə bu şəbəkəyə daxil olan fərd qısa bir müddətdə onun əsirinə çevrilir, onun diqtəsi ilə hərəkət edir. Nə qədər vacib işi olsa da internet ona əmr edir ki, ayağa qalxmasın. Ağıl monitordakı səhifələrin zərərini dərk etsə də internet insanı bu səhifələrin quluna çevirir.
Dini araşdırmaçılar qətiyyətlə bildirir ki, internet insanların etiqadı üçün öldürücü təsirə malikdir. Dünyanın müxtəlif nöqtələrində internetin şəxsiyyətə təsiri ilə bağlı araşdırmalar aparılıb. İnternetdən istifadə edən qrupla istifadə etməyən qrupun əxlaqı, təhsili, ailə sədaqəti araşdırılıb. İnternetdən istifadə edənlər arasında bu göstəricilər olduqca zəifdir. İnternet şəbəkəsində müəyyən səviyyədə din təbliğ olunsa da gənclərin daha çox əyləncə səhifələrinə vaxt sərf etdiyi həqiqətdir. Dinin internet üzərində hakimiyyətinin olmaması qeyri-dini, bəzən əxlaqsız təbliğatlara meydan açır.
İnternetin problemlərindən biri də bu şəbəkədə toplanan informasiya, səs və görüntülərə nəzarətin olmamasıdır. İnformasiyalar mütəxəssis rəyi olmadan səhifəyə çıxarılır. Bu isə əxlaqsızlığın yayılmasında, ailə institutunun dağılmasında öz sözünü deyir.
İnternetin insanlara yaratdığı problemlərdən biri də onların şəxsi məlumatlarının qaranlıq bir fəzada yer almasıdır. Özü haqqında müəyyən məlumatları, şəxsi həyatından görüntüləri internetdə yerləşdirən fərd onları bir dəfəlik silmək imkanına malik deyil. Əgər informasiya internetə ötürülürsə onu oradan silmək mümkünsüz olur. Bu məqamda internet arxasında kimin dayanması məsələsi ciddi suala çevrilir. İnformasiyaların silinməsinin mümkün olmaması kimə lazımdır? İstifadəçilər haqqında informasiyaları qaranlıq bir sandığa yığan kimdir?
Sorğular göstərir ki, internetdən istifadə edən fərdlər ailə münasibətlərində olduqca kövrəkdirlər, öz məsuliyyətlərini yerinə yetirmirlər. Çünki internet eynən narkotik maddə kimi asılılıq yaradır və insan bütün zəruri işlərini ona qurban verir.
Hazırda mütəxəssislərin təhlükəli saydığı hadisələrdən biri qızların internetdən istifadəsidir. Mütəxəssislər düşünür ki, internet qızları daha asanlıqla ovsunlayır. Nəzərə alsaq ki, qızlar gələcəyin analarıdır, nə vaxtsa övlad tərbiyə etməlidirlər, internetin təhlükəsi daha aşkar görünər. İnternetdə parnoqrafiya, seksin geniş yer alması gənclərin həyat tərzi üçün ən təhlükəli hadisədir. Əgər cinsi dünyaya qapılar açıqsa yeniyetmə və gəncləri bu fəzadan qorumaq cəhdi daşa dəyir. Adətən övlada ciddi nəzarət olmayan ailələrdə yeniyetmələr internetin mənfi təsirlərinin qurbanı olur.
İnternetin dünyaya ərməğan etdiyi qeyri-adi hadisələrdən biri də internet izdivaclarıdır. Artıq internet vasitəsilə tanışlıq və evlənmələrin sayı diqqəti cəlb edəcək həddə çatıb. Dünənə qədər parklarda, əyləncə mərkəzlərində tanış olan gənclər bu gün internetə üz tutub. Mütəxəssislər bu fikrdədir ki, internet izdivaclarının ən azı yarısı qısa müddətdə boşanma ilə başa çatır. Artıq kimsəyə sirr deyil ki, internet vasitəsilə ailəyə xəyanət halları artıb. İlk baxışdan xoşbəxt görünən gənc ailə internetdə qaranlıq bir tanışlığın qurbanına çevrilir. Ailə probleminin həlli üçün ailə müşavirinə müraciət edənlərə adətən internetdən kənarlaşmaq tövsiyə olunur. İnternetdə həyat yoldaşı olan şəxsin əks cinslə tanışlığı böhran yaradır və adətən xəyanətlə sonuclanır.
İnternet istifadəçiləri arasında uşaqlar da yer alır. Təəssüf ki, uşaqlar üçün heç bir məhdudiyyət nəzərdə tutulmur. Böyüklər üçün təhlükəli olan internetin uşaqlara necə zərbə olduğu aydın məsələdir. Əslində uşaqlar hətta uşaqlar üçün nəzərdə tutulmuş səhifələrdən yalnız valideynin nəzarəti altında istifadə edə bilər. Əyləncə ardınca internetə daxil olan uşaq psixologiyası zəhərli bir hücuma məruz qalır. İnternetə adət etmiş uşaqlar adətən əsəbi olur, dostluq rabitələri qurmaqda çətinlik çəkir. Mütəxəssislər valideynlərə tövsiyə edir ki, uşaqlara internetdən istifadə qaydaları öyrədilsin, internetin təhlükələri barədə məlumat verilsin, kompyuter evdə hamının gördüyü fəzada yerləşdirilsin, internetdən istifadə müddəti məhdudlaşdırılsın, valideyn internetdən istifadə edən uşağın yanında olsun, elektron məktubları valideyn özü açsın, əxlaqsız təsvirlərə yol verməyən süzgəclərdən istifadə edilsin.
İnternetin ictimai təsirləri ilə yanaşı fərdi təsirləri də var. İnternetdən ardıcıl istifadə edən şəxs daim oturaq vəziyyətdə qaldığından fiziki problemlərlə üzləşir. Yaşlı nəslin 70 faizi internetdən istifadə zamanı görmə qabiliyyətini itirir. İnternet insanın sklet quruluşuna da zərbədir. İstifadəçilərin 60 faizində sklet və əzələ problemləri mövcuddur.
İnternetdən daimi istfiadənin bir təzahürü də köklüyün artmasıdır. ABŞ mütəxəssisləri bildirir ki, günün problemi olan kökəlmə hadisəsi internetlə birbaşa bağlıdır.
İnternet həm də insan psixikasını korlayır. İnternetdən istifadədə xüsusi proqramı olmayanlar böyük əsəb gərginliyi yaşayır.
İnternet narkotika, alkaqollu içkilər kimi asılılıq yaradır. Narkoman bütün ictimai və fərdi məsuliyyətlərini kənara qoyduğu kimi internetə aludə şəxs də məsuliyyətlərini yerinə yetirmir. Dünyanın müxtəlif araşdırma mərkəzlərində aparılan tədqiqatlar göstərir ki, internetə adət etmiş şəxslərdə psixi problemlər yaranması qaçılmazdır. Bu insanların yuxusu pozulur, iştahaları korlanır, fiziki sağlamlıqları əldən çıxır. Bu insanlarda paranoya, fobiya halları özünü göstərir. Gənc nəslin internetdən aldığı əsas zərbələrdən biri onların real həyatdan uzaqlaşmasıdır. Bu insanlar bütün ləzzətləri internetdə axtarır, təbiətin insana verdiyi nemətlərə biganə qalır.

Nur-az.com


9443 بازدید
در حال ارسال اطلاعات...