Ey Əbuzər! Xasiyyəti və rəftarı pis olan hər kəs həmişə Allahdan uzaq olar
Peyğəmbəri-Əkrəmin (s) Əbuzərə nəsihətləri
“Ey Əbuzər! Yaşlı müsəlmanlara, Quranı hifz edib onun buyruqlarına əməl edənlərə, ədalətli hakimlərə ehtiram etmək, Allah Təbarək və Təalaya təzim və ehtiram etməkdən sayılır. Ey Əbuzər! Xasiyyəti və rəftarı pis olan hər kəs həmişə Allahdan uzaq olar.”Hədisin bu bölümündə Peyğəmbər (s) xatırladır ki, Allahın bəzi bəndələrinə hörmət etmək, Allahın Özünə ehtiram göstərmək kimidir. Aqillər öz ağıllarının zövqü əsasında müəyyən bir hədəf üçün hərdən bir şeyi başqa bir şeylə bərabər tuturlar və ya bir işi başqa bir işin mənziləsində və ya bir şəxsi başqa bir şəxsin oxşarında təqdim edirlər. Belə ki, adi danışıqda da deyilir: - bu işi görmək, filan işi görməyə bərabərdir, bu adam lap filankəs kimidir və s. Bu oxşatma və bənzətmə iki şey və ya şəxs arasındakı müştərək, oxşar sifətlər əsasında ortaya çıxır. Bu oxşatmanın dəlili budur ki, bir şəxsdə və ya bir işdə elə bir gizli xüsusiyyət, sifət var ki, həmin xüsusiyyət və xislət başqa bir şəxsdə və ya işdə aşkar şəkildədir. Həmin gizli və örtülü xüsusiyyətin bir daha tanınması, üzə çıxması üçün, həmçinin başqalarının diqqətini ona cəlb etmək üçün həmin şəxsi və ya işi, həmin oxşar xüsusiyyəti daha ali şəkildə daşıyan digər şəxsin və ya işin mənziləsində (ona tay mərtəbədə, ona bərabər olacaq həddə) tanıtdırırlar. Daha çox dilimizdə, ədəbiyyatda işlədilən təşbihlərə (bənzətmə) baxsaq görərik ki, şücaətli birisini şirə bənzədirlər, halbuki şirin şücaət dərəcəsi həmin adamdan daha çoxdur, amma şirin ən çox tanınan, dildə gəzən xüsusiyyəti şücaət olduğu üçün həmin şəxsi şirə bənzədirlər ki, onun da şücaəti bilinib, bir daha tanınmış olsun. Yəni, onun şücaəti və cəsarəti başqaları üçün aşkar olsun və nəzərlər ona yönəlsin. Başqalarının diqqətini cəlb etməyin özü müxtəlif qərəzlər və hədəflər üçün ola bilər.
Quran ayələrində və rəvayətlərdə Allah-Təala mənziləsində tanıtdırılan bəzi adamlar haqqında deyilmiş təbirlərə rast gəlinir, və ya bəziləri üçün görülən bir iş Allah üçün görülmüş işə bənzədilir. Necə ki, ehtiyacı olanlara borc vermək, sanki Allaha borc verirmiş kimi göstərilmişdir. O cümlədən bu ayədəki ki: “Kimdir o kəs ki, Allaha könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz artırsın? Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (Əl-Hədid - 11)
Halbuki, Allah-Təala bütün kamalatlara hədsiz dərəcədə - bəzi alimlərin dəqiq buyruqlarına əsasən bəlkə də hədsiz dərəcədən daha yüksək dərəcədə - malikdir. Allahı tanıyan, Ona iman gətirən kəs anlayır ki, Allah-Təala bütün kamallara ağılın vara biləcəyi ən yüksək səviyyədə malikdir.