Onlar dünyagirlərdən fərqli olaraq çoxyeyən, çoxdanışan və geyimdə ifrata varan deyillər.

Bura qədər söhbətimizin mövzusu bu oldu ki, insan eyni vaxtda həm Allaha, həm də başqa işlərə diqqət yetirə bilər, yəni insanın həm Allah, həm də Onun məxluqları haqqında düşünməsi mümkündür. Amma övliyaların diqqəti yalnız Allahda olmuşdur. Allah onlara elə bir mərifət əta etmişdir ki, bütün mövcudları varlıq aləminin nəhayətsiz günəşinin bir şüası kimi görürlər. Allahın məxluqunu gördükdə Allahı xatırlayan insan daim Allah haqqında düşünə bilir. Məsələn, şüa yaxud günəş əsas olduğundan şüanı görən insan günəş haqqında düşünə bilər. Övliyalar ətrafda müşahidə etdikləri bütün şeyləri Allahın sonsuz zatının məhdud şüası kimi qəbul edirlər. Onların əsas diqqəti Allaha doğrudur. Bu sayaq məsələlərdən danışmaq və onları dinləmək bizim gücümüzdə deyil. Sadəcə, maddi ləzzətlərdən çox-çox üstün olan ləzzətlərin mövcudluğunu yada salmaq istəyirik. İnsanların Allaha məhəbbətləri müxtəlif dərəcələrdə olduğundan onların diqqətləri də bir-birindən fərqlidir. İlahi məhəbbətdən bir zərrə dadanlar daim onun haqqında düşünürlər. Vücudu başdan-ayağa ilahi eşq içində qərq olmuş insan Allah zikrini necə tərk edə bilər?! Allahın əzəmət və cəlalını dərk etmiş insan hansı başqa əzəmətə boyun əyər?! Bir sözlə, insan elə bir mərhələyə çata bilər ki, əsas diqqəti yalnız Allahın müqəddəs zatına yönələr və hər şeyi Onun nuru kimi görər. Müxtəlif dualarda və rəvayətlərdə oxşar məzmunlu təbirlərlə rastlaşırıq. Həqiqi ilahi mərifət əldə edən və qəlbi Allah nuru ilə işıqlanan övliyalar əvvəlcə Allahı görür, sonra isə Onun sifətlərinə nəzər salırlar. Bizlər, adətən, Allahı Onun sifətləri ilə tanıyırıq, amma ilahi mərifətə çatanlar, qəlbi ilahi nurla işıqlananlar yalnız Allahı gördükdən sonra Onun sifətlərini müşahidə edirlər. Belə bir mərhələyə çatıb, Allahın hüzurunu dərk etmək üçün ciddi təlaşlara ehtiyac var. Uyğun məqama yüksələn kəs Allahı bir an olsun belə yaddan çıxarmır.
Axirət əhlinin on dördüncü, on beşinci və on altıncı xüsusiyyətləri budur ki, onlar dünyagirlərdən fərqli olaraq çoxyeyən, çoxdanışan və geyimdə ifrata varan deyillər.
Axirət əhlinin on yeddinci xüsusiyyəti budur ki, onlar ətraflarındakıları ölü, Allahı isə diri və bağışlayan (kərim) bilirlər. Dünyapərəstlər daim cəmiyyətdəki mövqelərini qorumağa çalışır və başqalarının diqqətini cəlb etməyə cəhd göstərirlər. Onlar ictimai fikiri yüksək qiymətləndirdiklərindən öz eyiblərini gizlətməyə çalışırlar. Əlbəttə ki, Allah da mömin bəndəsinin eyibinin açılmasını istəmir. Məsələ burasındadır ki, dünya əhli yalnız xalqın diqqətini cəlb etmək üçün öz eyiblərini pərdələyir. Axirət əhli isə xalqı sanki ölü sayaraq, yalnız Allahın nəzərlərini düşünürlər. Onlar öz vəzifələrini yerinə yetirir və başqalarının bu barədə nə deyəcəyi onları maraqlandırmır. Övliyaların əksinə olaraq, bizlər Allahın yox, daim xalqın nəzərlərini düşünür və pis işlərimizi xalqdan gizlətməyə çalışırıq.
Axirət əhlinin on səkkizinci xüsusiyyəti budur ki, onlar böyüklük edərək, arxa çevirənləri özlərinə tərəf çağırır və onlara üz tutanları məhəbbətlə qəbul edirlər. Axirət əhlinin başqalarını razı salmaqda məqsədi yalnız Allahın razılığını qazanmaqdır. Bəzən axirət əhli ilə dünya əhlinin əməli zahirən eyni cür görünür. Amma onların hər biri eyni bir işi müxtəlif niyyətlərlə icra edir. Dünyapərəstlər başqaları qarşısında təvazökarlıq göstərərək onların diqqətini cəlb etmək istəyir və öz tərəfdarlarını artıramağa çalışırlar. Axirət əhli isə yalnız Allahı razı salmaq üçün onun bəndələrinə təvazö göstərirlər.