Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2017

Bütün xalqların bəlası bu ilahi nemətin naqisliyidir

Birincisi özünün yaxşı olub, yaxşı işlər görməsi və pis işlərdən çəkindirməsi lazım gəlir.
Allah-Mütəal Quranda buyurur: "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran 104)

و لتكن منكم امة يدعون الى الخير و يأمرون بالمعروف و ينهون عن المنكر و اولئك هم المفلحون


Mübarək ayə göründüyü kimi əmr be məruf və nəhy əz münkər barəsində nazil edilib. Əmr be məruf – yaxşı işə dəvət, nəyh əz münkər isə - pis işdən çəkindirmək mənasındadır.
Həqiqətən də ətrafımıza, ailəmizə, cəmiyyətimizə, ölkəmizə, dövlətimizə nəzər saldqda görürük ki, bu ilahi nemətin naqisliyi, yaxud da yox səviyyəsində olması bizim üçün bir bəlaya çevrilib. Bütün xalqlar, dövlətlər, cəmiyyətlər demək olar bu bəlaya mübtəla olub.
Allahın Quranda buyurduğu kimi bu müqəddəs vəzifə insanın nicat tapmasına "muflihun"dan olmasına səbəb olur. Əlbəttə, nicat tapmaq hər bir insanın arzusudur. "Nicat tapmaq" sözü dini termindir, bunun öz dilimizdə bir neçə mənası ola bilər. Məsələn, məhv olmaqdan qurtulmaq, pislikdən azad olmaq, rifaha çıxmaq və s. Bu mənada bütün insanlar nicat tapmaq arzusundadır. Bu insanlar bir növ özləri axtarıb araşdırırlar ki, görsünlər bəşəriyyətin nicatı haradadır. Hətta, qədim bəşərdən tutmuş, müasir dövrümüzdə mövcud olan dövlətlərə qədər hər birisi nicat tapmaq üçün yola çıxmışdır. Dövlətlərin qurulması, qanunların mövcudluğu, uşaqların tərbiyə və təlimi, ziyanlı şeylərin qadağan edilməsi və s. bu kimi işlər nicat tapmaq məqsədiylə həyata keçirilir.
Bəs bütün bunlar olduğu halda nə üçün bəşər hələ də nicat tapa bilmir. Nə üçün ən müasir dövrdə yaşamağımıza baxmayaraq yenə də müharibələr mövcuddur, diktator hakimiyyətlər yenə öz istibdadını davam etdirir, qeyri-qanuni əməllərin, cinayətlərin sayı durmadan artır?
Məsələ burasındadır ki, bəşər öz nicatını axtarmaq üçün səy göstərir, amma həqiqi nicatın nə olduğunu bilmir. Allahın bu mübarək ayəsində də göstərildiyi kimi bəşər əhlinin nicatı, qurtuluşu, azadlığı, rifahı, firəvançılığı əmr be məruf və nəhy əz münklərdədir. Bu mövzuda dinin buyurduğu üzrə dövlət proqramları hazırlanmalıdır. Dövlət bu istiqamətdə ciddi tədbirlər görməlidir.
Bu gün bir xalqa, dövlətə ziyan vuran amillərin ən ciddisi və ardı-arası kəsilməzi israfçılıq, rüşvətxorluq, oğruluq, qətl, intihar kimi cinayətlərdir. Əhali bu üzdən dola bilmir, zindanlar məhbuslarla dolub-daşır, intihar hallarının sayı artır. Əmr be mərufun və nəyz əz münkərin yoxluğu ucbatından məhbus olmuş bir cinayətkar, azad olduqdan sonra yenə bu kimi cinayətlərə əl atır. Çünki əslində onu yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirən yoxdur.
Əslində bütün xalqların, cəmiyyətlərin, dövlətlərin əsasını təbii ki, insan təşkil edir. İnsan faktoru çox mühimdir. İnsanlar fərd-fərd cəmləşib cəmiyyət, toplum təşkil edir, cəmiyyətlər daha sonra qanuna, nizama özlərini ehtiyaclı görüb dövlət qurmaq, qanun yaratmaq, ərazidə səliqə-səhman yaratmaq fikrinə düşürlər. Beləliklə də dövlətlər, sərhədlər, qanunlar, dəyərlər, mentalitetlər müəyyənləşdirilir.
Deməli, bu ciddi təsisatları təşkil edən insanların hər birisi ayrı-ayrılıqda yaxşılığa dəvət edib, pislikdən çəkindirməlidir. Bunun üçün də insan iki şeyi diqqətdə saxlamalıdır: Birincisi özünün yaxşı olub, yaxşı işlər görməsi və pis işlərdən çəkindirməsi lazım gəlir. İkincisi isə yaxşı və pis işləri tanımalıdır. Əmr be məruf və nəyh əz münkər barədə ətraflı məlumatlar verən mənəviyyat alimləri ağlın hökm etdiyi bu məsələni ən ümdə məsələ hesab edirlər. Odur ki, əmr be məruf və nəhy əz münkərin şərtlərini bu cür açıqlayırlar:

1. Əmr be məruf və nəhy əz münkər edən insan nəyin yaxşı, nəyin pis olduğunu bilməlidir. Müxtsər şəkildə olsa belə.
2. Bu işdə onun üçün mal, can, irz, din təhlükəsi olmamalıdır. (Bəzi vaxtlar zərər olduğu hallarda da əmr be məruf və nəhy əz münkər tərk edilməməlidir)
3. Pis iş görmüş, xilaf işi yerinə yetirən insan öz xilafında və günahında üzürlü olmasın. Məsələn, o düşünür ki, yerinə yetirdiyi iş haram, günah iş yox, bəyənilməyən bir iş idi.
4. Əmr be məruf və nəyz əz münkərin təsirli olacağı məlum olsun.
5. Günah etmiş, fəsad iş görmüş şəxsin bir daha bu işi yerinə yetirəcəyi bilinsin. (Bir dəfə edib səhvini başa düşübsə əmr be məruf və nəhy əz münkər vacib olmaz)

Əmr be məruf və nəhy əz münkərin mərhələləri isə aşağıdakılardan ibarətdir:

1. Qəlbdə narahatlıq. Məsələn üz çevirmək, narahatlığı bir vasitə ilə bildirmək.
2. Dildə bəyan etmək. Moizə və nəsihət etmək.
3. Əməldə icra. Vurmaq, həbs etmək (əlbəttə, üçüncü mərhələ şəriət hakimindən icazə almağa bağlıdır)

Əmr be mərufun və nəhy əz münkərin naqis olması, yaxud yox həddində olması bütün dünyada xalqlar üçün bir bəla və müsibətə çevrilmişdir. Bu bəlaları dəf etmək üçün yaxşılığa dəvətin və pislikdən çəkindirmənin varlığı zəruridir.


5737 بازدید
در حال ارسال اطلاعات...